Bu ay İranda Azərbaycan dilində yayımlanan televiziya kanalı fəaliyyətə başlayacaq

13-05-2015, 19:04
Oxunub: 628
M. Əxgəri iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İranın Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, ölkələr arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.

Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ. Məmmədov bu istiqamətdə İranın Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran nəticələrindən söz açıb.

M. Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İranın Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq bu ilin mayın 24-də 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlanmasının arzuolunan olduğunu nəzərə çatdırıb.

Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti