Gənclər həbsdə qaldı

5-02-2013, 09:38
Oxunub: 751


Yanvarın 26-da Bakıda Ismayıllıya dəstək məqsədilə keçirilən aksiyada iştiraka görə inzibati qaydada həbs olunan 3 cəbhəçinin - AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, komitənin üzvləri Türkel Əlisoy və Tuncay Quliyevin şikayəti üzrə apelyasiya məhkəməsi keçirildi.

Hər üç fəalın apellyasiya şikayətini vəkil Əsabəli Mustafayev müdafiə edirdi. Işlərə hakimlər Abdin Abdinbəyov (Türkel Əlisoy), Əflatun Quliyev (Əbülfəz Qurbanlı) və Mirpaşa Hüseynovun (Tuncay Quliyev) sədrliyilə baxıldı.
Eyni məzmunlu hər üç apellyasiya şikayətində cəbhəçi gənclər barəsində çıxarılan qərarın qanunsuz və ədalətsiz olduğu göstərilib.
Vəkil çıxışında bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqda” qanun bu tip toplantıların keçirilməsinə, iştiraka görə icazə almaq, razılaşdırma tələb etmir.

Əkrəm Əylislinin evini daşa basanlar niyə həbs olunmur?

Vəkil hər üç məhkəmə iclasında vəsatətlər təqdim etdi. Bu vəsatətlərdə yazıçı Əkrəm Əylislinin evi qarşısında keçirilən aqressiv aksiyalara toxunulurdu. Ə.Mustafayev dedi ki, həmin aksiyalarda yazıçını ölümlə hədələmək, onun evini daşa tutmaq kimi dağıdıcı əməllər olsa da, polis bu aksiyaya müdaxilə etməyib. Həmin şəxsləri görməzdən gəlib, dinc aksiyada iştirak edən insanların həbs olunması ayrı-seçkilikdir, konstitusiyanın pozulmasıdır.

6 min manatlıq təzminat

Vəkil birinci instansiya məhkəməsinin gənclər haqqında çıxardığı qərarın ləğvini və gənclərə vurulan mənəvi zərərə görə 6 min manat kompensasiya ödənilməsini tələb etdi.

"Qanunu pozan biz yox, sizsiniz!”

Çıxış edən gənclər də aksiyada konstitusiyanın onlara verdiyi imkandan yararlandıqlarını, heç bir qanun pozuntusuna yol vermədiklərini, əksinə, hüquq-mühafizə orqanları əməkdaşlarının onları saxlayarkən qanunu pozduqlarını diqqətə çatdırdılar. Bəlli oldu ki, gənclər saxlanılarkən onların bir sıra hüquqları kobud formada pozulub; yaxınları və vəkillərilə əlaqə saxlamalarına imkan verilməyib. Bundan başqa, onlar bildirdilər ki, üzlərinə qoyulan polislər onları saxlayanlar yox, tamam başqaları olub.
Qısa müşavirələrdən sonra hakimlər apellyasiya şikayətlərinin təmin edilmədiyini açıqladılar.

"Ağsaqqal hakim”

Tuncay Quliyevin məhkəməsi dünənki üç məhkəmə prosesi arasında ən yaddaqalanı oldu. Hakim Mirpaşa Hüseynov ondan aksiyaya niyə çıxdığını soruşdu.
Tuncayın cavabı belə oldu: "İsmayıllıda baş verənlərə etiraz edirdim”.
Gənc fəal əlavə etdi ki, aksiyaya kiminsə təhrikilə yox, öz qərarı ilə qatılıb.
Hakim isə ona "bir ağsaqqal kimi” belə məsləhət verdi: "Ay Tuncay, cavan oğlansan, ali təhsilin var, niyə gələcəyini yandırırsan? Deyirsən, eşitdim Ismayıllıda filan şey var, çıxdım. A kişi, indi sabah eşidəcəksən ki, bizim Sabirabadı dağıdırlar, yenə küçələrə çıxacaqsan?”
Tuncay:
- Mən hesab edirəm ki, İsmayıllıda o adamlara qarşı haqsızlıq olub.
Hakim:
- Hesab etmək azdır, adam gedər ağsaqqallarla məsləhətləşər, sonra addım atar. Sənə görə deyirəm, özünü yandırma...
azadliq.az
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti