Oqtay Əsədov sabah Sankt-Peterburqa gedir

15-04-2015, 16:45
Oxunub: 214


Sabah Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

"Trend"-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

A.Təvəkküloğlu deyib ki, səfər çərçivəsində Milli Məclis sədri MDB PA-nın Şura iclasına qatılacaq: "Şura iclasında təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək. Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auiditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, nümayəndə heyətinə daxil olan deputatlar qurumun Sosial siyasət və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələrə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

A.Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin üzvləri səfər çərçivəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaq.

Onun sözlərinə görə, Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

A.Təvəkküloğlu qeyd edib ki, nümayəndə heyətinə deputatlar Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti