"Mənə dedilər ki, sən Ayaz Mütəllibovun adamısan"

17-01-2015, 12:21
Oxunub: 1232
"Bir vaxt olacaq, Heydər Əliyevi də günahlandıracaqlar, amma…"


O nadir şəxslərdəndir ki, Azərbaycanın yaxın tarixində önəmli hadisələrə şahid olmaqla bərabər həm də önəmli simaların fotolarını əbədiləşdirib. Onunla tanışlığım qəribə olsa da 1992-ci ilə təsadüf edir. Ağdərə təzə alınmışdı. O zaman o, Tərtər Rayon İcra Hakimiyyətinin həyətində o vaxt ölkəyə rəhbərlik etmiş şəxslərin bir çoxunun toplandığı Qərargahda fotolar çəkirdi. Bu hadisəyə şahid olanlardan biri də mən idim. O, həmin hərbçilərin arasında mənim fotomu çəkəndə cəmi 6 yaşım var idi. Sonra onu axtardım və nəhayət tapdım. Onunla söhbətim zamanı verdiyim suallar özümə maraqlı olan suallar idi. Bu, həm də fotolarla yaşamış adamla söhbət idi. İllər sonra onun otağında yenidən foto çəkdirmiş oldum.

Rasim Sadıqovun Etatist.com-a verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik:

(Müsahibənin birinci hissəsini BURADAN oxuya bilərsiniz)

"Mənə dedilər ki, sən Ayaz Mütəllibovun adamısan"

- O dövrə aid fotolarınıza baxanda heç həminki dövrə qayıtmaq istəmisinizmi? Gedişatın dəyişməyini istəyərdiniz? Ümumiyyətlə bu fotolar sizin üçün nə ifadə edir?

- Bilirsiniz, indi bir yoldaş var, onun adını çəkmək istəmirəm, ona bu yaxınlarda Elçin Əfəndiyev zəng vurub. Mənim Elçinlə şəxsi məsələlərə görə münasibətim pozulub. Elçinin atası İlyas Əfəndiyevi dəfələrlə çəkmişəm, onların ev adamı olmuşam. Mən gözləməzdim ki, adi bir kağızdan ötrü mənə qarşı münasibət dəyişsin. Onda incidim o adamdan. Deyir, dostu sınamaq üçün gərək onunla ağır anlar keçirəsən, o anlarda onunla bir yerdə gedəsən... Yaxşı gündə dost olmağa nə var, hamı dost olur. Amma o sübut elədi ki, bir şey deyilmiş. 

Elçin Əfəndiyevin mənə işi düşüb, bu yoldaşa müraciət edib ki, Rasimə deyin, mənim atamın üzə çıxmayan, onun arxivində olan şəkillərini versin. Həqiqətən də elə şəkilləri var. O da ona deyib ki, "Elçin, sən nə danışırsan, təsəvvür elə ki, Rasim oturub öz arxivinin üstündə və bir almanı götürüb bıçaqla o almanı dilimləyib yeyir. Bu anda təsadüfən bıçaq əlindən düşür arxivin içinə. Elə bilirsən, o əyilib arxivin içindən bıçağı axtaracaq? Ona onun nə vaxtı var, nə də imkanı. O arxivi görən kimi qorxacaq, əlini soxmayacaq. Almanı elə-belə dilimləmədən yeməyə başlayacaq. Ondan arxivdən nəyisə istəməyin mənası yoxdur”. 

Həqiqətən də mən sonradan fikirləşdim, o qədər informasiya toplanıb ki, mən o şəkilləri qoyub bir-bir baxsam... Hər şəkilin də bir tarixi var. Mən özümdən asılı olmayaraq o hadisələrin içində olmuşam. Ən etibarlı bir şəxs kimi bilmişəm ki, bu hadisələr necə gedib, onları yaşamışam. Təsəvvür edin ki, 11 kilometrdən qoşun çəkildiyi anı yaşamışam. Birinci dəfə Surət Hüseynovla görüşəndə Bəxtiyardan onun kim olduğunu soruşdum. Göstərdi, dedi ki, "odur bax, gəlir”. Mən də baxdım ki, balaca uşaq gəlir. Ağlıma gəlməzdi... Baxırsan, ofisiant yerişi ilə gəlir. Bir də soruşdum ki, Surət budur? Dedi, "hə, bax bu adamlar Qarabağın taleyini həll edir, danışığına da fikir ver”. Bunlar hamısı bir hadisədir, mən gələndə onu çəkmişdim. Gəlib mənimlə görüşdü,  baxan kimi yadıma düşdü ki, onunla əvvəl də Milli Məclisdə görüşmüşəm. Ona hətta "kliçka” vermişdim - Çelenski. O, şəkil çəkdirmişdi, əlini də Çelenski kimi qoymuşdu (gülür- red.). Onda da şəkillərin pulunu verəndə qayıtdı ki, nə verəcəm sənə? Dedim, nə versəniz qəbuldur. Əlini saldı cibinə, gördüm pullar şıkkıldayır. Onda bilmirdim, bu kimdir. Çıxartdı o vaxtkı pulla 2000 verdi ki, "bəs edər bu”? Dedim, əlbəttə bəs edər, artıqlaması ilə. Ağlıma gətirmədim ki, bu kimdir? Deputat deyil, heç nə də deyil...

- Zavod direktoru idi...
- Hə, zavodun direktoru idi. Milli Məclisdə lap qıraqda otururdu. Sonrada İlham Rəhimlidən soruşdum, dedi bilməsən yaxşıdır, Azərbaycanın gələcəyidir. Bunu İlham Rəhimli dedi, indiki teatrşunas. Mən də fikirləşdim, bundan nə Azərbaycanın gələcəyi olacaq?  Nəysə, bunu orda da gördüm, tanıdım. Məsələn, sənin atandan (Sərdar Həmidov- red.) müsahibə götürmüşəm, videosu var. Mən hərdən ona da qulaq asıram. Görürəm ki, bu kişi danışır amma bunun əl-qolunu bağlayıblar. Yəni, bilir, amma düzəldəcək səlahiyyəti yoxdur, heyifslənərək danışır ki, bu belə oldu, belə olmaz... Bu da tarixdir. Baxıb deyirsən ki, ilahi, gör biz nə gündəyik? Burda bir ordu yoxdur. Necə yəni, mən sənə deyirəm orda dur, sən orda durmursan, burda durursan. Mən sənə deyirəm saat 4-də hücuma keçməlisən, sən kefin istəyəndə keçirsən, istəməyəndə yox. Ayrı-ayrı batalyonlar idi, hərə bir dinə-məzhəbə qulluq edirdi. Bu kişi danışanda mən psixologiyasından hiss edirdim ki, istəmir bunların olmasını. İnsanın şəklini çəkəndə onun psixologiyasını çəkmək olur. Mən həmişə foto-müxbir şagirdlərimə deyirəm ki, "bu düyməni basmayın, barmağınızı sındıracam sizin, basmayın". Tuşlayın, zamanı gözləyin. Onun psixologiyası üzə çıxır bir anlığa, o psixologiyanı çəkin. Şəkilə baxanda biləsən ki, bu nədir, bu kimdir, nətəhər adamdır? Mən həmişə deyirəm ki, siz xronikorsunuz, fotoqrafsınız, amma fotomüxbir deyilsiniz.

Həmin anlardan foto çoxdur, indi gəl oturaq, bir-bir şəkilləri çıxardıb baxaq, mən sizə 100 faiz zəmanət verirəm ki, 10 illik ömrümüz ona bəs eləməyəcək.

- O qədər zəngindir, yəni?
- Elə-belə baxmaq olar 1 aya. Əgər hər fotonu qoyub tarixini yadımıza salsaq vurub 10 ilə çıxacaq.

- Rasim müəllim, demək olar, fotolarla yaşamısınız...
- Bəli, mən ömrüm boyu foto ilə yaşamışam. Məndən bir dəfə müsahibə  götürmüşdülər, demişdim ki, kimsə məni öldürsə bu sənəti əlimdən alsın. Uzağı 1 həftə... 1 həftədən sonra mən çürüyəcəm, mümkün deyil.

- Bilirsiniz, mən sizi necə tanımışam?
- Yox.

- Mənim atamın şəkilləri çox azdır...
- Bilirəm, çəkdirməyi sevmirdi.

"Mənə dedilər ki, sən Ayaz Mütəllibovun adamısan"

- O vaxtlar jurnalistlər məndən foto istəmişdilər. Mən də sizin onu kabinetində çəkdiyiniz fotoları verdim. Bu fotoların məndə kopyası yox idi, düşündüm ki, bir də bu fotoları necə tapacam, arxasına baxdım...

- O, həmişə fikirliydi, çox maraqlı idi. Mən deyirəm də, o adam elə bil hər şeyi bilirdi, qəribə bir psixologiyası var idi.

- Mən o şəkli çevirdim, baxdım arxasında "Foto Rasim” yazılıb. Siz soyad yazmırdınız.
- Hə, S. Rasim yazırdım...

- Övladınız var?
- Hə, var. 2 övladım var - qız, oğlan…
 
- Sizin sənətinizi davam etdirirlər?
- Yox, mənim sənətimi davam etdirməyiblər. Qızım bir balaca bu sənətlə maraqlanıb, sonra dəyişib. Çəkməyi bacarır, amma indi Fransada dizayn işi ilə bağlı oxuyur. 

- O, sizə daha yaxındır...
- O, elə məndən getdi. Amma bir az istiqamətini dəyişdi. Bilirsiniz, mən indi öz şagirdlərimə deyirəm, siz indi xoşbəxt zamanda yaşayırsınız ki, maksimum 1 ildən sonra professional reportyor olacaqsınız. Amma mənim öz dövrümdə bu səviyyəyə çatmağım üçün aşağısı 7-8 il vaxt lazım oldu. Hər tərəfdən təzyiqlər… Əziyyətlər çəkmişdim. Heç arzulamırdım ki, mənim övladlarım da bunu görsün. Texnologiya da o deyildi. İndi hərə əlinə alıb rəqəmsal kameranı, işləyir. O vaxt olaydı məndə, bilirsiniz necə işləyərdim? Amma çox qəribə bir situasiyadır.

- Tərtərdə ağır döyüşlər görmüsünüz...
- Hə, çəkilişlərimiz orda çox olub.

"Sərdar Həmidov olmasaydı, Tərtər də getmişdi”

- O vaxt elə bir zaman idi hamı panikada idi. Heç düşünürdünüz ki, Tərtərdə müharibə dayanacaq, o tərəfə getməyəcək?
- Mən hər dəfə deyirəm, bir-iki adama da söz atmışam ki, Tərtərin camaatı qədər də olmadılar. Yəni, necəsə dayandılar və o dayanmanı saxlayan əsas adam Sərdar Həmidov oldu. Mən açıq deyirəm. Bu kişi orda olmasaydı o Tərtər də getmişdi. Mən bunu fakt kimi deyirəm, bunu görmüşəm. Bilirsiniz nəyə görə inciyirəm? - Ona görə ki, həmişə hamı tarixə baxıb deyir ki, filankəs belə elədi, elə elədi. Sənin ixtiyarın yoxdur o adam haqqında o fikirləri deməyə. Çünki sən o dövrü yaşamamısan. Gətirib səni o dövrə qoysaydılar, onda fikirləşib deyərdin ki, bu adam düz edib, yoxsa yox. Mən indidən hökm sürüm ki, niyə Məhəmməd Əmin Rəsulzadə o vaxt almanlarla belə bir hərəkətə yol verdi... Axı sən yaşamamısan, nəyi pis eləmişdi o? Nə qədər azərbaycanlını xilas etdi. O azərbaycanlılar keçdilər Türkiyəyə, orda da sağ qaldılar. İndi deyirlər, Məhəmməd Əmin düz eləməmişdi. O, gördü ki, Azərbaycandan xeyli əsir var və bunlardan guya ki, legion hazırlayırdılar, nə qədərsə adam yığıldı. Fakt o zamanında o onu elədi. Onsuz da onları qırırdılar, məhv edirdilər. O, legion ortalığa çıxmadı, keçdi Türkiyəyə və orda da qaldı. Artıq ölümə məhkum olunmuş insanların 70 faizini xilas elədi. Yəni, o dövrdə Məhəmməd Əmin o addımı atmaqla tarixə düşdü. Bir vaxt olacaq, Heydər Əliyevi də günahlandıracaqlar, amma heç kimin ixtiyarı yoxdur desin ki, Heydər Əliyev nəyisə düzgün eləmirdi. Hər şeyi öz dövrünə görə nə imkanı var idisə edirdi. Mən insanların öz dövrlərindəki nailiyyətlərinə kölgə salınmasını qəbul etmirəm. Mənim özümün də həyatımda belə hadisələr baş verib. Ayaz Mütəllibov getdi, hakimiyyətə Elçibəy gəldi, mənə dedilər ki, sən Ayazın adamısan. Elçibəy getdi, Heydər Əliyev gəldi, bir-iki yerdə söz saldılar ki, bu Elçibəyin adamıdır. Mən tarixi çəkmişəm. Nəcməddin Sadıkov demişkən, "mən günahkaram ki, orda oturub Xalq Cəbhəsi ilə işləmişəm? Başda onlar idi, onların başçısı prezident idi, mən də onlarla işləyirdim. Mən hərbiçiyəm, öz tapşırığımı yerinə yetirirəm”.  Mən də reportyor idim, mənə bunlar maraqlı deyildi, mənə ancaq Vətən, tarix maraqlıdır. Öz işimi də görürdüm. Amma bu insanlarda elə bil ki, ayrıseçkilik qoymaq var. Onda o söhbət düşəndə Heydər Əliyev bunları yerinə oturur ki, "bunu mənə tanıtdırmayın. Onun etdiyini o vaxt heç kəs eləmədi”. O, hər dəfə Naxçıvana mənimlə gedirdi. Kiməsə xoş deyildi ki, o həmişə mənimlə maraqlanır, məndən nümunə gətirir. Bunu qəbul edə bilmirdilər.

- Bəlkə sizə qarşı qısqanclıq var idi...
- Sadəcə olaraq mənim populyarlığımı həzm edə bilmirdilər. Hər yerdə əleyhimə işlər görürdülər. Mənim adımın hallanmasını qəbul edə bilmirdilər. Özü də mən birinci adam idim ki, slayda keçmişdim. 6-9 rəngli slayd edirdim. Onu Azərbaycanda heç kəs eləmirdi. Rubençik, Yula Şamilov, bir də Hüseynzadə edirdi. Bu texnologiyanı da heç kim heç kimə öyrətmirdi. Mənim birinci slaydlarımı Yula Şamilov görəndə Rubençikə göstərdi. Rubençik baxıb dedi ki, "buna kim öyrədib bunu”? O rəngləri almaq, temperaturu saxlamaq çox qəliz məsələ idi. Onda artıq mənə qarşı münasibəti hiss elədim. Nəriman Həsənzadə mənə deyirdi ki, "çox üzə çıxma, səni yeyəcəklər, sənin sənətində çətinlik olacaq”.

"Qarabağda olduğum yerlərə bir də getmək istəyirəm”

"Mənə dedilər ki, sən Ayaz Mütəllibovun adamısan"

- Rasim müəllim, söhbətimizə "Bizim məhəllənin uşaqları” reportajı ilə başladınız. Bunlar sizin sevərək çəkdiyiniz ilk fotolar idi. Həyatınızda ikinci dəfə ən çox hansı fotonu çəkmək istəyərdiniz?

- Mən bilmirəm o nə vaxt olacaq. Amma Qarabağda olduğum yerlərə bir də getmək istəyirəm. Həmin nöqtədən necə ki, durub səngərləri çəkmişəm, o nöqtədə də durub həmin yerləri çəkmək istəyirəm. Sonra da fotoları tutuşdurum ki, o vaxt burda bu var idi, indi bax budur.

- Bunu çəksəniz birinci Rasimlə ikinci Rasimin arasında nə dəyişəcək?
- Demək olar ki, heç nə dəyişməyəcək. Sadəcə olaraq ikinci Rasim həyatda öz misiyasını artıq tamamlamış olacaq. Mənim sonuncu arzum budur. Mən demək olar ki, 6-7 ildir professional foto sənəti ilə məşğul olmuram. İndi "AzPress” xəbər saytına rəhbərlik edirəm, bu sayt əsasən video-foto xəbər agentliyi kimi fəaliyyət göstərir. Amma inanın ki, bu hadisələr bir də başlasa mən yenə qayıdacam bu sənətə. İndi dərs deyirəm, şagirdlərim var, həyatımdan narazı deyiləm. Onların uğurlarını görəndə hiss edirəm ki, bu mənim uğurlarımdır. Məsələn, mənim şagirdlərimdən biri bu yaxınlarda ilin fotoqrafı adını aldı, prezidentdən Tərəqqi Medalı, 3 otaqlı ev aldı. Bunlar hamısı mənimdir. Çünki, o adam hara getsə alnında yazılıb – "bu Rasimin şagirdidir”. Uşaqlara da deyirəm, hara getsəniz, xeyri yoxdur. Yəni, 5-6 ildir bu işlə məşğul olmuram, olsam da təşkilati baxımdan. Bəzən tədbirlərdə çəkiliş aparıram, iş üçün yox, sadəcə dayana bilmirəm. Hansısa anı görəndə və onu heç kimin çəkmədiyini görəndə yanıram. Əsəbiləşirəm ki, 4-5 nəfərdilər bu anı görmürlər. Bu vaxt telefon məni xilas eləmir, çünki telefonda "zoom” yoxdur. Ona görə əlimin altında fotoaparat olur çox vaxt. Amma əgər o hadisələr baş versə mən tam reportyor kimi ora gedəcəm. Tarixi misiyam onunla bitə bilər. Adam var, deyir ki, çəkdim, amma nə isə qaldı. Bax, "nə isə” budur, hələ də qalıb....
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti