"Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi"

16-01-2015, 11:52
Oxunub: 1263
Rasim Sadıqov: "Bizim nəsil Məhəmməd Əmin Rəsulzadə nəsilidir"


O nadir şəxslərdəndir ki, Azərbaycanın yaxın tarixində önəmli hadisələrə şahid olmaqla bərabər həm də önəmli simaların fotolarını əbədiləşdirib. Onunla tanışlığım qəribə olsa da 1992-ci ilə təsadüf edir. Ağdərə təzə alınmışdı. O zaman o, Tərtər Rayon İcra Hakimiyyətinin həyətində o vaxt ölkəyə rəhbərlik etmiş şəxslərin bir çoxunun toplandığı Qərargahda fotolar çəkirdi. Bu hadisəyə şahid olanlardan biri də mən idim. O, həmin hərbçilərin arasında mənim fotomu çəkəndə cəmi 6 yaşım var idi. Sonra onu axtardım və nəhayət tapdım. Onunla söhbətim zamanı verdiyim suallar özümə maraqlı olan suallar idi. Bu, həm də fotolarla yaşamış adamla söhbət idi. İllər sonra onun otağında yenidən foto çəkdirmiş oldum.

Rasim Sadıqovun Etatist.com-a verdiyi müsahibənin birinci hissəsini təqdim edirik:

- Rasim müəllim, fotoqraflığa necə gəldiniz? Birinci dəfə fotoaparat aldığınız vaxt yadınızdadır?
- Yadımdadır, birinci dəfə fotoaparatı mənə atam alıb. Mənim atam o vaxt zavodda baş mühəndis işləyirdi. Deməli, bir gün qəzetdən onun şəklini çəkməyə bir fotomüxbir gəldi- "Orda otur, belə otur, elə otur”. Mənim xoşuma gəldi onun işləməyi. Həqiqətən də sənətkar idi. Sonradan da onunla tanış oldum, gördüm. Mən onda 6-cı sinifdə oxuyurdum. Hər dəfə atama deyirdim ki, ata, mənə kamera al. O da 8-ci sinifdə mənə fotoaparat aldı. "Zorki” fotoaparatı idi. Başladım bu sənətə yiyələnməyə. İlk çəkilişlərim də sərbəst fotolarıydı. Evdə çəkirdim, tanışları, dostları çəkirdim...

O vaxt "Pionerski pravda” çıxırdı. Orda müsabiqə elan edilmişdi, mən də götürdüm, bir reportaj hazırladım, adını da "Bizim məhəllənin uşaqları” qoydum. Uşaqların necə əyləncəli oynadıqlarını çəkdim, göndərdim. Heç ağlıma da gəlmirdi ki, mən orda qalib gələm. Elə-belə göndərmişdim. Sonra dərs qurtardı, tətil başladı, kəndimizə getdim. Onda Şuraabadda qalırdım, amma özüm novxanılıyam. Bizim nəsil Məhəmməd Əmin Rəsulzadə nəsilidir...

Kənddə bir gün gördüm ki, Mərkəzi Komitənin maşınları gəlib məni axtarırlar. Nənəm də deyir, "görəsən sən nə oyun çıxartmısan ki, bu qədər maşın, bütün rayonun rəhbərliyi tökülüb gəlib”. Elə hamıya deyirlər ki, təcili bu uşağı Mərkəzi Komitəyə gətirin. Heç kim də demir ki, nə məsələdir. Nəysə, atamı sonra da məni tapıb apardılar Mərkəzi Komitənin komsomoluna. Dedilər ki, sən Moskvaya məktub yazmısan? Dedim ki, mən Moskvaya niyə məktub yazıram? Mən də şikayət məktubu fikirləşirdim. Yadımdan da çıxıb ki, şəkillər göndərmişəm. Dedilər ki, burda sənə məktub gəlib. Mükafat gəlmişdi - SSRİ-də 100 həvəskar fotoqrafdan biri mən seçilmişdim. Azərbaycandan tək mən idim. Orda dedilər  ki, buna bax bir, "məktubu elə göndəriblər, adını da elə yazıblar pozmaq da olmur”. Yəni, o vaxt belə şeylər də olurdu. Deyir, adına heç düzəliş eləmək də olmur, bu nə işdir? Bu, mənim birinci mükafatım o oldu. Ondan sonra daha çox həvəs yarandı ki, artıq nəsə var.

- Bəs bu ilk fotoaparat, ilk nailiyyətdən sonra atanızla söhbətiniz oldumu?
- Mən gedib gələndən sonra atamın mənə münasibəti dəyişdi. Baxdı gördü ki, bu işlə elə-belə maraqlanmıram. Sonra nə deyirdim alırdı, mənim üçün qaranlıq otaq ayırmışdı.

"Nəriman Həsənzadə məni Heydər Əliyevin şəklini çəkməyə göndərmişdi"

"Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi"

- Çəkdiyiniz, fotolardan yadınızda qalan 3 ən orjinal və sizə təsir edənini deyə bilərsiniz? Yəni, hansı ki, işlərinizin şahı hesab etmisiniz...

- Adətən insanın həyatında son dövrlər çəkdiyi kadrlar yadda qalır. Amma mənim "Məhəllə uşaqları” fotolarım yadımdan çıxmır. Birnəfəsə bunu deyə bilərəm. Sonra o yadımdan çıxmır ki, Nəriman Həsənzadə məni Heydər Əliyevin şəklini çəkməyə göndərmişdi. Heydər Əliyev onda Mərkəzi Komitənin rəhbəri idi, Politbüroya gedirdi. O vaxt AzərTAc yox, Tas-ın Azərbaycan bölməsi idi. Ordan zəng vurub demişdilər ki, təcili reportyor göndərin, Moskva Politbüronun şəkillərini istəyir. Orda da 12 nəfərdən bircə Yaşar Xəlilov azərbaycanlı idi. Qalan hamısı erməni, cuhud... Heydər Əliyev deyib ki, "orda bir azərbaycanlı tapmadılar göndərməyə?" Zəng vurub deyib ki, azərbaycanlı göndərsinlər. Mən də həmin vaxt Nəriman Həsənzadənin yanında idim və mənim də artıq adım çıxmışdı... Qruviç təcili Nərimana zəng vurub deyir ki, eşitmişəm səndə yaxşı fotoqraf var, onu tez mənə göndər. O da məni çağırdı ki, belə bir məsələ var, Heydər Əliyevin şəklini çəkmək lazımdı. Onda da uşaq idim, qorxurdum. İçimdə xof var idi, onu öldürmək çətin idi. Nəriman bəy dedi ki, qorxma, sənə bir dərman verəcəm, mən bu dərmanı hər dəfə iclaslara gedəndə içirəm, məni yaxşı saxlayır. Həmin vaxt içki içmirdim. İçkini də Nəriman Həsənzadə öyrədib mənə (gülür- red.). Mənə bir konyak verdi. Mənim də hələ başım çıxmır ki, o mənə konyak verir. Göygöl konyakı idi, əlini də etiketindən tutub ki, konyakın üzünü görməyim. "Rumka”ya süzüb dedi ki, bunu su kimi içmə, birdən vur, dərmandır. Mən də birdən vurdum, yandırdı-tökdü məni. Sonra mənə çatdı ki, sən demə bu məni içirdirmiş (gülür- red.). Dedi ki, get, yaxşı olacaq. Ora çatanda artıq spirt həll olmuşdu, mən özümü normal hiss edirdim. Heydər Əliyev orda mənə baxıb dedi ki, bala, harda işləyirsən sən? Dedim Nəriman müəllimlə. Dedi, çoxdan işləyirsən? Dedim, bəli. Əvvəl harda işlədiyimi soruşdu. Dedim, şair Vahid İbrahim var idi, onunla bir yerdə jurnallarda işləyirdim. Mən gec gəlmişdim. Səhəri gün eşitdim ki, Qruviçə deyib ki, "onu ordan götürüb bütün şəraiti yaradırsan". Nəriman mənə dedi ki, "sənə orda işləməyə imkan verməyəcəklər, orda kimlər olduğunu bilirəm, ora getmə". Amma gözümdən oxudu ki, getmək istəyirəm. Həm Nərimanı atmaq istəmirəm, həm də getmək istəyirəm. Qayıtdı dedi ki, "sənə 2 ay öz hesabına icazə verirəm ki, gedəsən, amma səni işdən çıxartmıram”. Ona görə istəyirəm ki, "sən özün gedib vəziyyəti, münasibəti görəsən”. Həqiqətən də gəldim, gördüm ki, münasibət başqa cürdür. Heç Rəşad Xəlilov cürət edib mənə himayədarlıq edə bilmirdi. Yeganə adam Aleq Litvin idi ki, mənə hardasa köməklik elədi. O da mənə həmişə deyirdi ki, bax səni yandıracaqlar.

- Heydər Əliyevi çəkdiyiniz həmin foto qalır?
- Hə, qalır, otaqda var...  Moskvadan qayıdandan sonra da biz onunla Naxçıvanda görüşmüşdük. Düzdür, ona görə məni işdən qovdular... Qovmaq deyəndə ki, pulumuz yoxdu ödəməyə, "hələlik get”- dedilər. Deməli, o vaxt mən Naxçıvana getdiyim üçün zona müxbiri Mövsümdən soruşub ki, "Rasim hardadır? Nə vaxtdı eşitmirəm, qəzetlərə baxıram şəkil yoxdur, materiallar yoxdur, demək olar ki, müxalifət qəzetlərində gedib bizim şəkillər, dövlət qəzetlərində yox”. Onda mən dövlət qəzetində idim.

"1991-ci ildə Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi"

- Hansı qəzetdə?
- O, vaxt dövlət qəzetinin adı "Həyat” idi, sonra "Azərbaycan” oldu. Bəxtiyar Sadiqovun rəhbərlik etdiyi qəzet... Mövsüm bilirdi, deyib ki, məsələ belədir. Buna görə, 1991-ci ildə Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi. Çox qəribə hadisə alınmışdı. Pulun mənə onun tərəfindən göndərildiyini mən bilmirdim və bilmirdim ki, o pul məhz mənə çatır. Deməli, mən "Azərbaycan” dövlət qəzetində fəaliyyət göstərməsəm də, otaqda qalırdım, gəlib-gedirdim. Bir gün gördüm ki, bir nəfər gəldi. Görünür ki, bu adam elə-belə adam deyil, imkanlı adamdır. Soruşdu ki, Rasim Sadıqov sənsən? Dedim bəli. "Mən səni axtarmaq üçün bütün Bakını gəzmişəm, sən nə böyük sənətkarsan, sən bilirsən kimsən...",- dedi. Baxdım, danışığından hiss elədim ki, bunlar ürəkdən deyilən sözlər deyil.

Mənə dedi ki, "Badamdarda bir şəkil çəkmək lazımdır, ancaq sən çəkə bilərsən, mənə lazımsan". O vaxt da "xaltura” nə varsa gedirdim, təki pul versinlər. Oturduq maşına, getdik Badamdara. İndiki Badamdarda olan evlərin heç biri o vaxt orda yox idi. Mənə dedi ki, "bax bura mənim torpağımdır, evi burda tikəcəm, çək bu yeri”. Soruşdum ki, "müəllim, bu, hardan-hara kimidir?” Deyir, "çək də, vətənimin torpağıdır, çək”. Başa düşdüm ki, nəsə başqa şey var. Hər şey süni alınır. Deyir ki, "qarışqaları da çək, ədə bu qarışqalar qədər də olmadıq, çöpü gör necə aparırlar”. Ora-bura baxıram, boşluqdur, qaçmağa yer də yoxdur. Fikirləşirdim ki, dəqiq bu məni burda məhv edəcək, ancaq bu məqsədlə gətirib məni bura. Köməyə çağırmağa adam da yoxdur. Çəkə-çəkə fikirləşirəm ki, "hara qaça bilərəm mən?"

Çəkdim qurtardım... Dedi ki, otur səni aparım işə. Gətirəndən sonra tapşırdı ki, şəkillərin hərəsindən 2-2 çıxardım. Biz də o vaxt çox pul qazanmaq üçün deyirdik ki, neçə manatlıq çıxardaq? Dedi ki, "adə çıxart nə qədər çıxarda bilirsən". Təxmini sayını soruşdum, hərəsindən 5-5 istədi. Dedim, hələlik hərəsindən 2-2 çıxardım, sonra məsləhət bilsəniz başqa-başqa rənglərdə də çıxardaram. 10 min dollar çıxardıb stolun üstünə qoydu. Pula baxıb dedim ki, bunu nə edim? Dedi ki, "əşi götür, nə qədər xərcin çıxar, qalanını verərsən”. Mən də gedib iri şəkillər çıxartdım ki, bir az çox pul qazanım. Yay bitdi, ondan heç bir xəbər çıxmadı. Bir gün gördüm ki, bu adam yenə gəldi. Gəlib danışır, heç şəkil barədə söhbət də salmır. Çıxartdım şəkilləri göstərdim. Baxıb dedi ki, "çox qəşəng çıxartmısan”. Açdı baxdı ki, içində pul da var. Dedi, "bu nədi belə?” Pulun qalığı olduğunu dedim. Üstündən hardasa 500-600 dollar xərcləmişdim. Qayıtdı ki, "ay dədə, sən 2-3 aydır bəs nə yeyirsən, bunu niyə xərcləməmisən?” Dedim ki, mənə çatan pulu xərcləmişəm. "Götür bunu xərclə, bu sənin pulundur”- dedi, əlavə də etdi ki, "sən bilmirsən nələr eləmisən, sən böyük adamsan”. Pulu qoydu, şəkilləri də götürdü, "mən nə deyəcəm” deyə-deyə çıxıb getdi. Başa düşmədim ki, kimə nə deyəcək? O, çıxandan sonra da ayaqyoluna getdim, baxdım ki, şəkillərimi cırıb atıb ora. Başa düşmədim ki, şəkillər üçün gəlmişdisə bu şəkillər burda nə edir? Ümumiyyətlə mənim fotomu cırıb atanda təsir edir mənə...

Həmin vaxt mənim üçün bağ düşdü, dedim elə pul düşmüşkən gedib bağ evi alım. Sabah pula görə gəlsələr deyim ki, bu da ev. Pulu vermişəm ona, get götür. Həmin adam bir də gəlmədi.

"Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi"

Heydər Əliyev Bakıya qayıtdıqdan sonra, hər dəfə məni özü ilə Naxçıvana aparırdı. Ordakı tədbirlərin birində mən bir adam gördüm, mənə çox qulluq edirdi. Yadıma sala bilmirdim ki, bu kimdir. Sifəti mənə çox tanış gəlirdi, hardasa görmüşdüm onu. 2001-ci il olardı... Gördüm ki, bu adam yanımdan keçir, "ondan yemə bundan ye”, "orda oturma, burda otur”- deyir mənə. Adama da rahat deyil, çörək yeyirsən, bu da imkan vermir, "a kişi imkan ver çörəyimi yeyim də, mən öyrəşməmişəm aristokratik səviyyədə qulluq olunmağa” (gülür- red.). 


Heydər Əliyevin artıq yaşlı vaxtları idi, tez-tez keçmişi yada salırdı. Naxçıvanda Gəmiqaya problemi yaranmışdı, onu çəkdim. Tapşırıq vermişdi ki, Gəmiqayanı tam çəkməlisən. Nə qədər çəkdiyimi soruşdu, dedim ki, hardasa 20-30 min kadr çəkmişəm. Dedi ki "yaxşıdır, sən əvvəl də yaxşı işləyirdin, yadıma gəlir. Səni arada incitdilər... Amma zənnimcə sən o qədər də əziyyətə düşmədin, hə?” Bunu deyib üzünü çevirdi həminki adama. O da qayıtdı ki, "bəli-bəli, necə lazımdır, görüşdük”. Yadıma düşdü ki, o, mənə pulu verən adam idi. Sən demə zəng vurmuşdu Moskvaya - o da onda Moskvada işləyirdi - ona demişdi ki, get, bilinməsin ki, bu pulu nə üçün verirsən, ona nəzarət elə, dolanışığı sənlikdir. Mən onda bildim ki, bu kişi kimdir. Çox qəribə bir situasiyadır.

- Çox maraqlı faktdır. Deməli bu hadisədən 10 il sonra bildiniz...
- 10 il sonra mən bildim ki, o kimdir. Bu adam gəlib, pulu necə ötürəcəyini də bilmirmiş. O artist deyil, biznesmendir. Deyilib ki, pulu çatdır və elə et ki, bu inandırıcı alınsın. Amma onda alınmırdı. Deyə bilərdi ki, bunu sənə hədiyyə edirəm. Bilinməməli idi. Fikirləşib ki, orda bilsələr ki, kimsə buna himayədarlıq edib, bunu pis vəziyyətdə qoya bilərlər. Bir tərəfdən mənə yaxşılıq edib, bir tərəfdən də zərbə dəyərdi ki, sən demə bu ordan maliyyələşirmiş.

"Mənim babam Məhəmməd Əmin Rəsulzadəni, Stalini, bir də Mikoyanı ot tayalarının içində jandarmadan qorumuşdu"


- Bildiyim qədəri ilə sizing əsliniz Novxanılıdı...
- Bəli. Sovet vaxtı Novxanının adı çəkiləndə hamı elə bil diksinirdi. Ona görə ki novxanılılar həmişə inqilabi fikirli idilər. Onlar nəyləsə barışan adam deyillər. Onları nəyəsə məcbur eləmək, yerinə otuzdurmaq olmayıb. Mənim babam Məhəmməd Əmin Rəsulzadəni, Stalini, bir də Mikoyanı bizim Şuraabaddakı bağımızda ot tayalarının içində jandarmadan qorumuşdu. 30-cu illərdə ailəmizi Türkmənistana sürgün edirdilər. Babam, Moskvaya teleqram vurur ki, "mən axı o vaxt sizi saxlamışdım, mən hara istəyirsiniz gedim, amma ailəmi saxlayın". Onda bizə dedilər ki, siz hər yerdə yaşaya bilərsiniz, amma Novxanıda yaşamayacaqsınız. Ona görə də biz Şuraabada gəldik. İndi hərdən bizə şuraabadlı deyirlər, amma biz novxanılıyıq.

"O anları görəndən sonra mənə də silah versəydilər mən də amansızcasına vuruşardım"

"Heydər Əliyev mənə gizli şəkildə pul göndərmişdi"

- Siz həm də hərbi foto-müxbir olmusunuz, Dağlıq Qarabağ müharibəsini canlı görmüsünüz. Bu çox az adama peşakar səviyyədə nəsib olub. O dövrdə yadınızda qalan sizə təsir edən və sizi sevindirən kadrlar maraqlıdır...

- Mənə ən çox təsir edən kəndlərin boşaldılması, qaçqınların getməsi prosesi idi. O ki, onlar evlərindən çıxıb yolların qırağında qalırdılar... Çox kadr var bu haqda… Hətta videoçəkilişlər də var. O vaxt fotokameralarda 36 kadr çəkmək olurdu. Qarabağa gedəndə bəzən lent qurtarırdı deyə, bir videokamera ilə gedim. Çünki videokameradan müəyyən proqramlarla foto vurub çıxartmaq olurdu. Çox acı idi, insanların köçü. Yolların qırağında arvad-uşaq, ayaqyalın qocaları adam görəndə dəhşətə gəlir. Fikirləşir ki, sənin anan bu vəziyyətdə olsa necə hiss edərsən? Onda artıq adam amansızlaşır. Məsələn, mən fikirləşirdim ki, insan insanı necə öldürə bilər? Amma o anları görəndən sonra mənə də silah versəydilər mən də amansızcasına vuruşardım.
 
- İndi o şəkillərə baxırsınız? 
- Hərdən əlimə düşəndə baxıram.

- Eyni hissləri keçirirsiniz?
- Eyni hissləri keçirirəm. Elə vaxt olur ki, ermənilərlə münasibətlər istiləşir, müəyyən söhbətlər gedir ki, biz qonşuyuq, dilə gəlməliyik. Bir də görürsən Əkrəm Əylisli ortalığa çıxdı, bir də görürsən başqası... Məsələn, Zərdüşt Əlizadə hərdən deyir ki, xalq diplomatiyası olmalıdır. Bu xalq diplomatiyası deyəndə mən lap əsəbləşirəm. O anda mən həmin kadrlara baxıram, ondan sonra deyirəm ki, nə xalq diplomatiyası, hansı xalq diplomatiyası. Bunlar ya o hadisələri görməyib, ya da özünü görməməzliyə vurub. Onda baxanda mən daha da amansızlaşıram, o ideyanı ortaya atanlara mənim münasibətim dəyişir.

- Bəs sevindiyiniz anlar?
- Ağdərəyə və Çaykəndə girəndə çox sevinmişdim...

- Ağdərəyə girəndə çəkmisiniz?
- Çəkmişəm.

"Mən minalanmış sahəyə girmişdim, ordan məni kranla çıxartdılar"

- Orda hansı anı sevinə-sevinə çəkmisiniz?
- Mən gedəndə artıq orda heç kim qalmamışdı, hamı köçürdü. Ordu şəhərin içinə girdi, təmizləmə əməliyyatları apardı, sonra biz arxasınca girdik. Biz şəhərə girən birinci reportyorlar idik. Hətta bizə dedilər ki, girməyin, hər yer minalanıb. Mən özüm də minalanmış sahəyə girmişdim, ordan məni kranla çıxartdılar. Bilməyəndə gedirsən, sonra deyirlər ki, ora minalanıb, baxıb görürsən ki, orda bir şey yapışdırıblar - "Ostorojno, mina”. Mənə də deyirlər ki, qayıt. Qayıt nədir, mən ordan qayıda bilərəm? (gülür- red.). Hardansa kran tapdılar, ipdən tutdum məni bu biri tərəfə çıxartdılar. Qarabağ dövründə ən çox sevindiyim Ağdərəyə girəndə idi. Mən dedim ki, hər-halda biz də ala bilirik torpaqları. İstəsək, özü də necə lazımdır ala bilirik. Qoyub qaçmışdılar, elə bil ki, onları ordan süpürüb atmışdılar. Mən sevinə-sevinə o binaları, döyüş nöqtələrini, dağıdılmış yerləri çəkirdim. Xəstəxanaya getdik, ordakı dərmanları atıb tökmüşdülər. Evlər var idi, erməni kitablarını, dərslikləri gördük. Yerevandan bura da gətirib çıxardıblar yəni. Onların təmizləndiyini görəndə çox sevinirdim. Amma bu sevinc çox uzun müddət çəkmədi, təəssüflər olsun ki...
Ardı var...
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti