İcra başçısını təcavüzdə ittiham edən qadının oğlu danışdı

28-01-2013, 12:18
Oxunub: 6414
"Mən ona inanıb cinayətkar da ola bilərdim"


Bu bu elə belə bir olay deyil. Əyalətlərdə baş verən hadisələri yetərincə bilmədiyimizdən qarşıdurmalar yaranır. 
Bir müddət əvvəl mətbuat Zərdab rayonu icra hakimiyyətinin başçısı Lütvəli Babayevin Şəfəq Səfərəliyevaya təcavüz iddialarını yazmışdı. Həmin ailənin digər üzvləri etatist.com-a müraciət etdilər. Onları dinlədik. Burdakı iddialar ciddi və təhlükəli iddialardır. Araşdırılmalıdır. Əgər deyilənlərdə həqiqət varsa, o zaman əyalətlərdə durum düşündüyümüzdən də gərgindir.
Müsahibimiz Zərdab rayonu icra hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən təcavüz edildiyini bildirən, bundan sonra isə saxta pensiya almaqda təqsirkar bilinərək həbs edilən və Lütəli Babayevin şərəf və ləyaqətini alçaltdığına görə məhkəməsi gedən Şəfəq Səfərəliyevanın, boşanmış olduğu həyat yoldaşı Səfərəliyev Yaqub və oğlu Aydınlı Aydın Yabuq oğludur.
 
"...qorxuram gedib onu öldürəsən"

- Sizi dinləmək istəyirik. Buyurun.
- Deməli bir gün Aydını, məni, o biri oğlumu, bacımı və yeznəmi həmin bu Lütvəli Babayeva İcra Hakimiyyətinə çağırtdırdı.
- Bu nə vaxt olub?
- 2012-ci ildə, məlum hadisədən bir neçə gün sonra. Ancaq, biz bu hadisədən xəbərdar deyildik. Çağırdı bizi ora. Biz onunla mütəmadi görüşürdük. Tanıyırdıq bir-birimizi. Girdik yanına, oturduq. Başladı mənə və oğluma deməyə ki, siz dəliqanlısız, birdən gedib o qadını öldürərsiz ha?! O qadını öldürməyin. Vurarsız, vurmayın. O, belə bir hərəkət edib. O deyir ki, əmim mənə qarşı zorakılıq edib, mənə təklif edir ki, sənə Göyçayda, Bakıda ev alacağam. Guya əmisi bunun başını unitaza soxub. Bizim də heç nədən xəbərimiz yoxdur. Öz-özümə fikirləşirəm ki, görəsən nə olub? Bu qadının başı belə pozulub ki, gəlib belə söhbətlər edib?! Bundan əlavə, bir neçə gün qabaq həmin qadın, mən və oğlum Lütvəlinin yanında olmuşuq, Lütvəli ona bacı deyib. Deyib ki, sizin barışmağınız üçün əlimdən gələni edərəm. Bir də ki, deyib ki, heç yerə ərizə, şikayət vermək lazım deyil. Eyni zamanda, müavini Pərvin Məmmədovaya tapşırdı ki, bu qadının nə problemi olsa, sən həll edərsən. Məni isə müavini Səfərov Allahverdiyə tapşırdı ki, nə problem olsa, de. Bir də mənim yanıma gəlməsinlər. Bu məsələləri həll edin, bunları incitmək lazım deyil. Baxmayaraq ki, mən yoldaşımla danışmırdım, ayrılmışdıq, ancaq bir yerdə yaşayırdıq, uşaqlar üçün çalışırdıq. Bizi ora çağıranda Lütvəli Babayev dedi ki, guya Şəfəq buna deyib ki, mənim yoldaşım səni söyür. Deyir sənə iş vermək istəyirdim, sənin yoldaşın gəlib deyir ki, ona iş vermə. Bu tərəfdən də deyir ki, mən onu heç kimsiz qəbul etməmişəm. Bir tərəfdən belə deyir, digər tərəfdən elə. Çalışır ki, onu bizim gözümüzdən salsın. Sabah bu məsələ qabardılıb ortaya çıxanda, biz deyək ki, onsuz da bu qadın fahişə idi, belə oldu da. Bu, bizi uşaq yerinə qoyub. Və orda da xahiş etdi ki, çıxanda gedərsiz, müavin sizdən izahat alsın ki, bu qadın bu yolun yolçusudur. Deyir məndə onun nə qədər mesajları var. Dedim ver baxım. Dedi sonra göstərərəm, qorxuram gedib onu öldürəsən. Məndə şübhələr yaratdı bu adam. Mənə dedi rəy ver, mən dedim nə rəy verə bilərəm?! Bu qadından gözləmirəm belə şey. Oğluma dedi sən rəy ver, o da dedi mən ancaq araşdırıb rəy verə bilərəm.
- Siz orada olduğunuz tarix yadınızdadır?
-  Çox təəssüf ki, yox.
- Xanım həbs olunmuşdu?
-  Yox. Xanım barədə cinayət işi qaldırılmamışdı belə. Özü bizim hamımızı çağırıb yığıb ora. Zorakılıq edəndən sonra şübhələnib ki, bu məsələ qabardılacaq və bizdən qorxduğuna görə bu qadını təkləmək istəyirdi ki, biz bunu dəstəkləməyək. Oradan çıxdıq. Onun dediyinə görə mən izahat verməli idim ki, bu qadın həqiqətən bu yolun yolçusudur.
 
"Prezident gəlsin-getsin, qardaşın sənə qəşəng iş verəcək"

- O, sizə nəsə vəzifə söz verdi?
-  Mənə dedi ki, "sentyabrda prezident gəlsin-getsin, qardaşın sənə qəşəng iş verəcək. Oğluna da iş verəcəyəm. Heç nəyə ehtiyacınız olmayacaq. Eviniz də sökülüb, hamısını həll edəcəyəm. Bu millətin içində sizə söz verirəm." Hətta onu da dedi ki, düşün aşağı, buxalteriyadan 200 manat pul götürün. Götürmədik o pulu. Çünki şübhəli gəlirdi bu məsələ. Uşaq deyilik ki?! Çıxdıq çölə. Oğlum da getdi anasının yanına. Anası, icra başçısı bizi qəbul etməmişdən qabaq gəldi, düşdü ayağıma ki, mən sizin ailəyə layiq deyiləm. Mən də dedim ki, bu xəstədi, nədi?!
- Siz onda boşanmışdınız?
- Boşanmışdıq. Biz 1998-ci ildən boşanmışıq. Bir yerdə yaşayırdıq. Heç kim boşanmamızı bilməyib. 10 gün sonra Lütvəli bizi çağırandan sonra bacıma dedi ki, sən necə baxırsan buna?! Bacım da dedi ki, boşanandan sonra biz heç danışmamışıq onunla. Gəlin də yoldaşı ilə yaxşı olsun. Biz heç nə bilmirik. Xəbərimiz yoxdur. Lütvəli dedi ki, yox, o, sizin də haqqınızda gəlib danışıb həmişə burda. Sizi pisləyib. Belə deyib, elə deyib. Buna baxmayaraq, bacım sakit davrandı. Nə isə, biz çıxdıq, o (oğlu- red.) da anasının yanına getdi. Bizə öz evimiz qəzalı vəziyyətdə olduğu üçün, fövqəladə hallar şöbəsi tərəfdə ev verilib. Deməli oğlum anasından xəlvət, anasının səsini yazıb. Anasına sual verib ki, Lütvəli bizi çağırmışdı. Bu sözləri dedi bizə. Anası da qışqır-bağır saldı ki, bütün öz etdiklərini mənim əmimin adına yazıb. O yazılar hamısı məndə var. Lütvəlinin 2 saat yarımlıq yazısı var. Lazım olan yerlərə də vermişəm, verəcəyəm də. Hələ onun işləri çoxdur. Aydın (oğlu- red.) səs yazmaları gətirdi... Dinləyəndə anladım ki, orda deyir zəng edib ki, xanım gəlmirsən bəs?! O da deyib ki, gələrəm. Şəfəq, Lütvəli Babayevin otağında olanda, müavini Pərvini çağırtdırıb, gələndən sonra Pərvinə him-cim edib, nə edibsə, Pərvin deyib ki, qoy gedim sənədi götürüm, gəlim. Çıxıb çölə. Gəlin qalıb içəridə. Şəfəq də xəstədi, heç nəyə yararlı deyil. Yəni "o" sarıdan. Oturandan sonra əlinin içini qıdıqlayıb. Sonra deyib ki, arxa tərəfdə otaq var, gör ərin buranı nə günə qoyub. O da deyib mənim ərim burda nə gəzir?! Lütvəli də deyib ki, sən nə danışıran?! Gəl otağa bax. Gələndə tutub boynunun dalından. Bu da çox açıqlaya bilmir nə edib. Oğlundan utandığı üçün. Sonra deyib mən sənə ev vermişəm, pul vermişəm, məndən ərizə yazırsan?!
- Nə ərizə yazıb?
- Heç nə, torpaq istəyib. Bir də deyib ki, təzə qəsəbədə yollara asfalt çəkilməli idi, işıq, qaz, su olmalı idi. Bu tələblərdən dolayı da bir neçə nəfər birləşib mitinq ediblər. Bunun da xətrinə dəyib. Sən niyə gəlirsən, mən şərait yaratmışam sizə belə. Buna görə bu qadından acıqlı imiş. Sonra Şəfəq bunu dırnaqlarıyla boynunu filan cırar, qan götürər hər yeri, çıxar qaçar bunun əlindən. Orda Abbasov Qalib də olub, ancaq boynuna almır.
- Abbasov Qalib kimdir?
- Köməkçisidir. Onların heç biri də boynuna almayacaq. Qorxurlar. Sabah Lütvəlinin əlində qandal olsun, gör bütün Zərdab onun üstünə qalxır, ya yox?! Mən bilsəydim ki, belə bir şey olacaq, hazırlaşardım faktlarla. Elə Şəfəq özü də. Şəfəqin onun yanında nə işi var idi ki? Onu utandıran, onun yanına getməyidir. O da ordan çıxıb, qaçaraq gəlib MTN-in Zərdab rayonundakı şöbəsinə, Mübarizin (MTN Zərdab RŞ rəisi- red. ) yanına. Soyadını bilmirəm. Gəlir onun yanına deyir ki, nə olub. Hadisəni danışar. O da deyib ki, madam belə şey olub, mən də yığıram ondan, onu çıxartdıraram. Ərizə yaz, get, bir neçə gün gözlə. Heç kimə də heç nə demə. 3-5 günə onu məhv edəcəyəm mən. Onun arxasında elə bir məmur dayanıb ki, onu tapdalamaq mümkün deyil. Qoy bir variant var, onu fırladım görüm. Düz gəlsə, onu basaq getsin. Şəfəq də savadsız, təhsilsiz bir qadındır, inanıb buna.
- Kimdir o məmur?
- Şəfəq Azadlıq TV-də onun adını çəkdiyinə görə həbs edildi. 
 
"Mən Əliyə demişəm ki, sən bilirsən Lütvəli niyə sənə, qızına və oğluna iş verib?! Sən bunları bilsən, özünü öldürərsən"
"Guya 14 yaşlı həmin o qız sauna pozğunu olub" 

- Deməli, MTN-in şöbə rəisi Şəfəq xanımı şəxsən qəbul edib?
- Bəli. Aradan üç gün keçəndən sonra Şəfəqin pensiya məsələsini qaldırdılar. Mübariz tez Lütvəliyə deyər ki, səndən şikayətə gəlib qadın. Bir təhər sakitləşdirmişəm. Nə məsələdi? O da deyər ki, onun pensiya məsələsi var. O məsələ də Lütvəlinin əli ilə düzəldilmişdi. Bu da o işi düzüb-qoşmuşdu ki, əlində saxlasın onu. Bu məsələni qaldırdılar ki, qoy başı qarışsın buna. Axı isti-isti bunun boynunda cırıqlar var, şahidlər var. Bu müddətdə də bizi çağırıb yanına danışmışdı. Şəfəq baxdı ki, vəziyyət pisdir, gedər prokurorun yanına. Orda da ərizə yazdırarlar. Rəisin yanında da olub. Hər kəsdən çarə, imdad istəyib. 
Onlar da bunu oynadıblar. Kim buna imdad verəcək?! Biz də Şəfəqdən küsmüşük, xəbərimiz yox. Hamımız buna qarşı kinliyik. Bu məsələni bilə-bilə mən bu məsələyə küsülü olduğumuz üçün qarışmadım. Aradan bir müddət keçdi, Şəfəq mediada çıxıb danışdı. Hamıya məlum oldu ki, bir tək onun pensiya məsələsi niyə qaldırıldı. Hamı bilir ki, Zərdabın 70%-i saxta pensiya alır. Birbaşa bu məsələni Mübariz təşkil etmişdi. Bundan sonra Lütvəli bizi yanına çağırdı. Məsələ aydın idi nəyə görə. Ancaq biz getmədik. Sonra dəfələrlə xəbər göndərdi, bizi yanına çağırdı. Zərdabın kəndindən Əli adlı birisi gəlib Zərdabda işləyirdi. Heç kim onunla danışmırdı, bir tək mənlə danışırdı. Mənim ona yazığım gəlirdi. Sonra Lütvəli meyvə şirəsi zavodunu özəlləşdirib buna verdi. Daha sonra onun heç bir təhsili olmadığı halda musiqi məktəbinə direktor qoydu. Sonra o, Əlinin əli ilə 5-6 qadın yığdırmışdı. Özü də elə qadınlar ki, onlardan biri 80-ci ildə ərini öldürmüşdü. Digərinin əri qaz idarəsində işləyirdi, işdən çıxartdırmışdı. Mən bilsəydim ki, iş bu yerə çatacaq, mən hətta onların videosunu da çəkərdim. Guya Əli mənlə görüşüb və mən də ona demişəm ki, yoldaşım pozğundur. Mən Əliyə demişəm ki, sən bilirsən Lütvəli niyə sənə, qızına və oğluna iş verib?! Sən bunları bilsən, özünü öldürərsən. Bu Əli MTN ilə, prokurorluq ilə, Lütvəli ilə iş görür, xəbər aparır. Harda nə iş görsə, o saat gedib xəbər verir. Gecə 2-də, 3-də Lütvəlinin qonaq evinə gedir, Lütvəli öz maşını ilə onu yola salır. Lütvəli bunun nəyindən qorxur, bilmirəm. Öz dediyinə görə bir dəfə tutub onun qalstukundan ağzını divara vurub. 1969-cu ildə Lütvəligili Zərdabdan sürgün ediblər belə işlərə görə. Əli də deyir ki, o yan-bu yan eləsən, bütün qəzetlərə verəcəyəm ki, sizi niyə ordan sürgün ediblər. O vaxt onları Zərdabdan qovublar, gedib Mingəçevirdə yaşayıblar. Bunun bir qardaşı var, 14 yaşlı qızla əxlaqsızlıq etdiyinə görə Göyçayda məhkəməsi olmalı idi, onu da batırdılar. Orda prokuror olmuşdu Ağalar Zeynalov, məhkəmə olmuşdu Asif müəllim. İşi elə düzüb-qoşdular ki, guya 14 yaşlı həmin o qız sauna pozğunu olub. Onun da adını ləkələdilər. 
- Mən belə başa düşdüm ki, siz ailə üzvlərinizlə onun yanına gedəndə Şəfəq xanıma artıq zorakılıq olmuşdu. Bəs bu pensiya məsələsi nə məsələdir? Xanım pensiya pulu alıb?
- Bəli. 4600 manat alıbdı. Bunu Şəfəqin dediyinə görə Lütfəli özü düzəltdirmişdi, guya yardım üçün düzəltdirib. Ya da belə danışaq. Lap Lütvəli düzəltdirməyib. Şəfəq özü onu necə düzəltdirə bilərdi? Şəxsiyyət vəsiqəsinin tarixini dəyişdirə bilərdi? Olmayan uşağa şəhadətnamə almaq mümkündür? Burdan görünür ki, yox. Burda mütləq Lütvəlinin barmağı var. Burda Lütvəlinin əli yoxdursa, Şəfəq özü bunları edibsə, o halda ona qəhrəman adı vermək lazımdır. 14 dövlət qurumundan möhürlü sənəd alıbdı.
- Nə səbəbə bunların hamısını Şəfəq üçün edibdir?
- Adını qoyublar ki, guya maddi köməkdir. Bir də Şəfəqi vurmaq üçün əllərində bir vasitədir də. Niyə pasport qeydiyyatı şöbəsi, niyə şəhadətnaməni verən yer, niyə notarius dindirilmir? Şəfəqlə bir yerdə həbs edilməyiblər?
- Hələ də işləyirlər öz işlərində?
- Bəli. Hətta Şəfəqi aldadıb deyiblər ki, sən bütün işləri öz boynuna götür, biz 4600 manatı öz aramızda atışıb düzəldəcəyik. Şəfəq də hamısını öz üzərinə götürüb. Birinci Şəfəqə şərti iş vermişdilər. Lütfəli Yasamal rayon məhkəməsinə nə qədər pul vermişdisə, hakim az qalırdı gedib Zərdabda baxsın bu işə.
- Pensiya işini həll edəndə siz xanımdan soruşdunuz ki, bunu niyə edib?
- O vaxt çox imkansız idik. Belə demək olar ki, bir dəfə əlimizə pul düşəndə, bir ay oturub buna sevinirdik. Həm də o xəstə idi, düşünürdük ki, xəstəliyə görə alar. İndi mənim balaca oğlum öz qardaşını tələb edir. Deyir sənədlə var, bəs özü hanı? Prezidentə şikayət edəcəyəm, hanı qardaşım?! Bəs sabah Səfər Əbiyev deməyəcək ki, bu uşağın 18 yaşı tamam olub, əsgərliyə getməlidir, hardadır?!
- Xanım sırf pensiyaya görə həbs edilib? Bəs sizin ailə olaraq müraciət etdiyiniz orqanlar olub ki, bəs bu xanım zorakılığa məruz qalıb?
- Bütün orqanlara müraciət olunub.
- Kim edib?
- Oğlum və digər ailə üzvlərim. Respublika Prokurorluğuna, Milli Məclisə müraciət etmişik.
- Deyirsiz ki, Şəfəq xanımı məhkəmə icraçıları həbs etməyib. Polis gətirib. Bununla bağlı mətbuatda dərc olunub. Sonra Daxili İşlər Naziri Ramil Usubovun qəbuluna düşmək istəmisiz.
- Həmin an Zərdab rayon Polis Şöbəsinin rəisi zəng edib ki, niyə ora getmisiz?! Məsələni həll edirik. Özüm yoldayam, çatıram. Sən demə bunu yalandan deyirmiş. Orda da qəbul saat 1-ə kimi imiş.
 
"Məzahir müəllim zəng etmişdi ki, nazirimiz səni dinləmək istəyir ki, nə məsələdir?"
"Şəfəqin məhkəməsi 7 dekabrda olsa da, hökm 5 dekabra yazılıb"

- DİN özü təşəbbüs göstərib sizin məsələ ilə maraqlanmışdı? Kim zəng etmişdi?
- Bəli, özləri hansısa saytda görüb zəng etmişdilər. Məzahir müəllim zəng etmişdi ki, nazirimiz səni dinləmək istəyir ki, nə məsələdir? Polis rəisi zəng edib yalandan "gəlirəm, məsələnizi həll edəcəyəm” deyib Şəfəqi gecikdirib, aydın məsələdir ki, nazir də oturub onu gözləyəsi deyil. Şəfəq də düşünüb ki, daha məsələni həll edirlər, niyə gedib şikayət edim. Sonra Şəfəqin məhkəməsi oldu. Qolunu qandallayıb apardılar. Orada ürəyi gedib. Lütvəli Babayevheç orada özü iştirak etmədi.
- Lütfəli Babayev sizi məhkəməyə verib?
- Bəli. Guya şərəf və ləyaqəti təhqir olunduğu üçün məhkəməyə verib. Məhkəmədə vəkilin adı olsa da, nə vəkil, nə də özü iştirak etməyib. Şəfəqə dövlət tərəfindən təyin olunmuş vəkilə də Lütfəli pul ödədiyi üçün onun tərəfinə keçib. Şəfəqin məhkəməsi 7 dekabrda olsa da, hökm 5 dekabra yazılıb. Deməli bu iş əvvəlcədən planlaşdırılıb.
 
"Mən ona inanıb cinayətkar da ola bilərdim" 

- Mən indi sizin oğlunuzu dinləmək istəyirəm. Özünüzü təqdim edin.
- Aydınlı Aydın Yaqub oğlu.
- Atanız deyir ki, səsyazmanı siz etmisiz. Siz özünüz danışın, nə oldu, necə oldu, necə öyrəndiniz?
- Atamla bir yerdə idik. Sonra getdim anamla söhbət etdim. Elə oturdum, söhbət elədik. Bilirdim ki, hardasa gərginlik var. Dedim ki, Lütvəli bizi çağırmışdı, belə dedi, əmi söhbəti və s. anam dedi ki, mənim güvəndiyim bir əmimdir, məni ordan vurmaq istəyir. Sonra dedi ki, mən ona sms yazmışam ki, mənə etdiklərin qızının başına gəlsin. Onun da nömrəsini Pərvin xanımdan götürüb. Anam qışqıraraq ağlaya-ağlaya danışırdı mənimlə. Sonra 8 mart günü zəhərlədi özünü.
- Ananızı xəstəxanaya apardılar?
- Xeyr, təcili yardım gəldi. ilkin tibbi yardım göstərildi. Sonra dedilər ki, Bakıya çatdırılmalıdır. Biz Göyçay rayonuna apardıq, maddi imkanımız olmadığına görə. Orda dedilər ki, başqa rayondan gələn xəstələri qəbul etmirik.
- Orada şahidlər var idi?
- Var idi. 5-6 nəfər prokurorluqdan var idi. indi də təsdiq edərlər.
- Prokrorluq gəlmişdi?
- Bəli gəlmişdi. Evimizə gəlmişdi. Ancaq sonra dedilər ki, guya belə bir şey olmayıb. Zərdab rayon xəstəxanasından arayış verilmişdi ki, həqiqətən zəhərlənib. Arayış məhkəməyə də təqdim olunmuşdu. Məndən də, qonşulardan da izahat götürüldü. Bu adam məni otağına çağırıb yalan məlumatlar vermişdi. Mən ona inanıb cinayətkar da ola bilərdim. 17 il içəridə də yata bilərdim ona görə. Məhkəmədə hakim soruşurdu ki, bunu sənə ciddi deyirdi ya mülayim deyirdi? bunun ciddisi, mülayimi olmur. Mən buna görə qatil ola bilərdim.
- Sözünüzdən belə çıxır ki, L.Babayev sizi cinayətə təhrik edib?
- Təhrik edib. Həm də Lütvəli istəyirdi ki, bizim ailə üzvlərindən kimsə desin ki, bu qadın dəlidir, əqli cəhətdən problemi var, savadsızdır. Düzdür savadsızdır. Bunların hamısı onun savadsızlığına görə baş vermişdi. Sonra məhkəmə günü işlədiyi Zərdab rayon Gigeyena mərkəzininin müdiri Rəşid Hüseynov tərəfindən qəsdən saxlanılıb ki, sən bu gün tədbirdə iştirak etməlisən. Bu şəxsən L.Babayevin tapşırığıdı. Məhkəməsi olan gün bu adamı tədbirdə saxlayıblar. Anam da savadsız olduğu üçün heç düşünməyib ki məhkəməyə məktub, bildiriş göndərsin ki gələ bilmir. Natamam orta təhsillidir. 11-ci sinifi də bitirməyib. Sonra işdən gələn vaxtı gələndə, gördüm gəlmir. Zəng etdim ki, hardasan? Dedi telefonumda enerji yoxdu, məni polislər aparır. Əlində evə aldığı ərzaq çantası varmış, dedi ki onu yolda qoydular. Bunu deyəndən sonra enerji bitib telefonda. Ondan sonra bir də gecə saatlarında gəldi evə. Dedi ki, filankəslər durmuşdu üzümə. Rəislə prokuror gəlib onun iş yerinə deyib ki, siz həbs olunmalısınız Dəyanət müəllimin göstərişidi. Dəyanət müəllim zona kuratorudu. Anam da deyib ki niyə mən həbs olunmalıyam? Deyiblər bilmirik. O da deyib ki, zəng edin özünə özundən eşidək. Zəng edib diktafona qoyublar.deyiblər ki siz əmr vermisiniz ki o qadın həbs olunsun. O da deyib ki o qadın kimdir ki mən belə əmr verəm?deyiblər ki L.Abdullayev deyib ki siz əmr vermisiniz.
- Kim deyib bunları?
- Polis rəisi. Polis rəisi özü də bu faktı təsdiq edir.
- Ananızla görüş zamanı sizə başqa nələrsə dedi?
- Yox, o lazım olan hər şeyi deyib. L.Babayev bizi ele vəziyyətə salmaq istəyirdi ki, ya anamızı öldürək,ya qol çəkəm ki mən belə anadan imtina edirəm. Ya da bildirək ki, o dəlidi nə danışdığını bilmir. Nə qədər səbirsiz adam olsam da bu məsələ də səbr etdim. Hər şeyin doğrusunu öyrəndim.
- Siz özünüz bu hadisələrdən sonra icra başçısının yanında olmusunuz?
- Xeyr, bunu gərəksiz gördük.
- Bu hadisə barədə hansı dövlət orqanlarına müraciət etmisiniz?
- Respublika prokurorluğuna, ədliyyə nazirliyinə müraciət etmişəm. Milli Məclisin müzakirəsinə çıxarılmasını istəmişəm. Milli Məclisdən də göndərildi Ədliyyə Nazirliyinə ordan da deyildi ki,bu bizim səlahiyyətimizdə deyil.
- Ananızla görüşmüsünüz, neçə aydır həbs olunub?
- Dekabrın 7-dən həbsdədir. Məktub vasitəsilə danışırıq.
- Siz indi rayonda qalırsız? təzyiqlərlə üzləşirsiniz?
- Hal-hazırda rayonda qalmıram. Çünki, L.Babayev deyib ki, madam ki çıxıb mediada danışdın oğlanlarını da tutduracam. 
- Sonda cəmiyyətə nə deyərdiniz?
- Demək istəyirəm ki, hər kəsin gözü açıq olsun. Bu sizin də başınıza gələ bilər. Ehtiyatlı olsunlar. Bir də İlahə Abbasovaya demək istəyirəm ki, siz də xanımsınız hər şeyi pul həll etmir.
Şərhlər : 5 Şərh yaz
Qismet 28 yanvar 2013 13:10  
Qardas sizin ananizi tutduran hansi rayondandir?
Qismet 28 yanvar 2013 14:20  
Deyirler bu icra bascisi 3 defe Hecc ziyaretinde olub. Heqiqeten de bunlarda Allah qorxusu yoxdur?
Rocstar 29 yanvar 2013 02:10  
Butun rayonlarda Icra Bascilari yerli ehaliye qan uduzdurur bele olmaz bu gec tez bu hakimiyyeti mehv yox edecek aqz qalib
Vahid 29 yanvar 2013 05:50  
Mingechevirliler Babayev Lwtvelini yaxshi taniyirlar. O bedbext azeri qadini gunahsizdir. Hakimiyyete yaramayan bu svadsiz hele Icra bashchisi ishleyir.
xaneli 31 yanvar 2013 12:05  
qismet qardas bu qadini tutduran zerdabda otmonoba kendinden gelen eli ekberov adli birisidir o eli ki hemin qadin eri ile yoldas olub hal hazirda rayonda ona is veren eli deyirler bu isine gorede lutveli onun qizina is verdi namusunu bir ise satdi
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti