İsmayıllıda nələr olur?

28-01-2013, 11:24
Oxunub: 2354


İsmayıllıda baş verən hadisələrdən sonra vəziyyət nisbətən sakitləşsə də, sakinlərin rayon rəhbərliyindən narazılığı qalır. Sakinlər etiraz aksiyalarında xeyli sayda insanın həbs olunması və hazırkı vəziyyətlə barışmaq istəmirlər. 

Adlarının çəkilməsindən ehtiyat etdiklərini bildirən bir qrup rayon sakini sosial durumları və üzləşdikləri ədalətsizliklərlə bağlı Prezident İlham Əliyevə şikayət məktubu ilə müraciət edəcəklərini deyirlər. Bununla bağlı hazırda rayonda imza toplamağa başlayıblar. 

İsmayıllıda olan əməkdaşımıza bildirilib ki, rayon rəhbərliyinin istefasını tələb edən insanlar ölkə başçısının onlara kömək edəcəyinə ümid bəsləyirlər. 

Aksiyalar zamanı tutulan insanların əksəriyyətinin paytaxta və digər bölgələrə göndərildiyini deyən sakinlər onların gələcək taleyindən narahat olduqlarını bildiriblər. İsmayıllı sakinlərinin sözlərinə görə, etiraz aksiyalarının ara verməsinə baxmayaraq, insanlara qarşı təzyiqlər davam edir. Aksiya əvvəlcədən lentə alınıb, kadrlarda görünənlər axtarılıb tapılır və həbs olunurlar. 
Hazırda İsmayıllıda sakitçilik olsa da, xeyli sayda polis qüvvələri və Daxili Qoşunların əsgərləri ərazidə təhlükəsizliyə nəzarət edir. 

Bu ilin yanvarın 23-dən başlayaraq İsmayıllıda bir neçə gün etiraz aksiyası keçirilib. İcra başçısı Nizami Ələkbərovun istefası tələbi ilə keçirilən aksiyalar zamanı 40-dan çox insanın tutulduğu bildirilir. Hüquq-mühafizə əməkdaşları ilə baş verən qarşıdurmalarda xeyli sayda sakin yaralanıb. 

Faktla bağlı hüquq-mühafizə orqanları cinayət işi açıb, araşdırmalar gedir.

modern.az

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti