“DİA Holdinq” Türkiyədə milyard avroluq iki xəstəxana tikir

23-12-2014, 14:52
Oxunub: 416


Azərbaycanda indiyədək 2 milyard avroluq nəhəng inşaat layihələrini həyata keçirən "DİA Holdinq” Türkiyəyə səhiyyə sahəsində misli görünməmiş həcmdə investisiya qoymağa hazırlaşır.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, şirkət Bilkentdə 1 milyard avroluq, Mersində 350 milyon avroluq iki böyük şəhər xəstəxanasının təməlini qoyur.

Anlaşmanın şərtinə görə, yatırım "Tik, işlət, təhvil ver” modeli əsasında qoyulacaq. Yəni şirkət xəstəxanaları inşa etdikdən sonra 25 il ərzində onun istismarını da üzərinə götürəcək. Əldə etdiyi gəlirlər hesabına yatırdığı investisiyanı geri qaytaracaq, daha sonra xəstəxanaları dövlətin mülkiyyətinə verəcək.

Bu, Türkiyədə 30 dövlət xəstəxanasının yenidən qurulmasına dair 20 milyard avroluq investisiya layihəsinin bir hissəsidir. Layihə özəl sektorla əməkdaşlıq şəraitində həyata keçiriləcək, məqsəd Türkiyəni regionda səhiyyə turizminin mərkəzi halına gətirməkdir.

"DİA Holdinq” indiyədək Azərbaycanda Heydər Əliyev Mərkəzinin, "Alov qüllələri”nin və digər iri obyektlərin inşasını həyata keçirib. Holdinqin təsisçiləri Murat Çeçen və Hasan Gozaldır. Murat Çeçenin atası İbrahim Çeçen İstanbul boğazı üzərindən inşa olunacaq üçüncü körpü layihəsində konsorsiumun ortaqlarından biridir.

"DİA Holdinq”in Ankarada - Bilkəntdə inşa edəcəyi səhiyyə kompleksi Türkiyənin ən böyük, Avropanın isə ikinci ən böyük xəstəxanası olacaq. Xəstəxananın inşaat sahəsi 1,2 milyon kvadratmetrdir. Xəstəxana 3704 çarpayılıq olacaq və ərazisi 4 aeroport böyüklüyündədir. Hazırda xəstəxananın üç mərtəbəsi inşa edilib. İstifadəyə verildikdən sonra orada 8 min personal, inşaatda isə 7 min işçi çalışacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti