İsmayıllıda etirazlar niyə baş verdi?

25-01-2013, 17:33
Oxunub: 1771


İsmayıllıda zorakılıqla nəticələnən toqquşmaları təhlilçilər "idarəçilik" problemləri ilə əlaqələndirir. "Bu, resursların düzgün paylaşdırılmaması və ədalətsizlikdən irəli gəlir", politoloq Leyla Əliyeva BBC Azərbaycancaya deyir. O, regionlarda icra başçılarının səlahiyyətlərini "limitsiz və sərhədsiz" saydığını və xalqa nəzarət imkanı yaradılmadığını qeyd edir.

"Məhz buna görə də vəziyyət qənaətbəxş deyil, qanunun aliliyi tanınmır", o deyir. Çərşənbə günü gecə İsmayıllı rayonunda bir neçə şəxs arasında münaqişə geniş etirazlarla nəticələnib, bəzi insanlar icra başçısının istefasını tələb ediblər. Leyla Əliyeva əhalinin "aşağı" sosial vəziyyətini də səbəblər içərisində sıralayır. "İş yerləri yoxdur, ailələr dolana bilmir", Əliyeva deyir. Bəzi təhlilçilərə görə, bu proseslər ölkənin hər yerində davam edəcək. "Polis gücü ilə bu narazılığın qarşısını almaq mümkün deyil və 2013-cü ildə Azərbaycanda mütləq köklü demokratik dəyişikliklər baş verəcək", politoloq Eldar Namazov belə hesab edir. "Bütün ölkədə vəziyyət belədir. ...Bütün bunların səbəbi Azərbaycan hakimiyyətinin yürütdüyü daxili siyasətdir. İqtidar insan haqlarına hörmət qoymur, vətəndaşların sosial durumu hakimiyyətdəkiləri narahat etmir. Belə siyasətin nəticəsi bu cür olmalıydı", Eldar Namazov Media Forum saytına müsahibəsində deyib.

Yerli sakinlər İsmayıllıda yerli sakinlər jurnalistlərə etirazla bağlı müxtəlif səbəblərdən danışıb.
"Rayonun yarısı yoxdur, mən bunu bilirəm..rüşvətxorluq baş alıb gedir", İsmayıllı rayon sakini Seyidov Lətif Azadlıq radiosuna deyib.
Akademiyanı fərqlənmə ilə bitirən sakin isə 19 ildir işsiz olduğunu deyir. "Hökümət gərək ağ eləməsin. İnsanlar bezir artıq. Nə qədər bezmək olar?".
Başqa bir sakin isə yandırılmış "Çıraq" otelinin "əxlaqsızlıq yuvası" olduğunu və bu səbəbdən etiraz edildiyini bildirib.
Hazırda rayonda çox miqdarda polis və çevik polis alayının olduğu bildirilir. Polis əhalini evdən çıxmağa "izn verməsə" də, əhali yerdəyişmə edir.

Hakimiyyət isə belə iddialarla razılaşmır və rayon sakinlərini "təxribata uymamağa" çağırır.
"Bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltmək, ... dövlət orqanlarının fəaliyyətini iflic etmək, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər", Prezidentin sözçüsü Əli Həsənov APA-ya açıqlamasında deyib.
BBC Azərbaycanca
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti