Həkimlər gənci xəstəxananın qarşısında döydülər- Fotolar

25-01-2013, 12:27
Oxunub: 2051


Bakı şəhərində həkimlər gənc oğlanı ölümcül döyüblər. Milli.Az xəbər verir ki, bu barədə  döyülmüş 33 yaşlı Şamil Aslanzadənin qardaşı Əli Aslanzadənin yazdığı şikayət məktubunda deyilir. 

Məktubda göstərilir ki, Şamil Aslanzadə ötən il dekabrın 14-də, saat 12 radələrində Təbriz küçəsi 102 ünvanında yerləşən Səhiyyə Nazirliyi Uşaq Stomatoloji Məkəzinin şöbə müdiri Pünhan Əliyev və texniki Vasif Rüstəmov tərəfindən elə həmin mərkəzin qarşısında küçədə amansızcasına döyulüb: 

"Qardaşımın fiziki cəhətdən onlardan zəifliyindən istifadə edən həkimlər birləşərək, onu huşu itənədək döyüblər. Pünhan Əliyevin ilk zərbəsindən sonra qardaşım onun əlindən çıxıb qaçmağa cəhd göstərib. Bu zaman Pünhan Əliyevin iş yoldaşı, texnik Vasif Rüstəmov qardaşıma yumruqla vurub və onu arxadan tutub. Bundan istifadə edən Pünhan Əliyev qardaşımın sifət nahiyəsinə iki dəfə qüvvətli yumruq zərbəsi vurub. Zərbələrdən qardaşımın sağ almacıq sümüyü dörd yerdən sınıb, ağır kəllə-beyin travması alıb. Şamil xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun üzərində 6 saata yaxın cərrahiyyə əməliyyatı aparılıb. Qardaşım 23 gün xəstəxanada yatıb. Qardaşıma xəstəxanada "barışıq” məqsədi ilə baş çəkən Pünhan Əliyevin adamları ona hədə-qorxu da gəliblər”.

Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət olunsa da, işə ciddi baxılmır. İşi araşdıran Nərimanov RPİ 18-ci PB-nin təhqiqatçısı Elşad Vəliyev araşdırmanı ləngidib. Əli Aslanzadə məktubunda vurğulayıb ki, qardaşını döyən Pünhan Əliyevin oğlu Rəşad 18-ci polis bölməsində sahə müvəkkili işləyir.  

Şikayətdə adı hallandırılan Pünhan Əliyev Milli.Az-a açıqlamasında onun haqda deyilənləri şər-böhtan adlandırdı. Şöbə müdiri dedi ki, dava texnik Vasif Rüstəmovla Şamilin arasında maşını park etmək üstündə düşüb. Onun məqsədi isə tərəfləri aralamaq olub. 

P.Əliyev qeyd etdi ki, Şamil Aslanzadənin məqsədi onu şantaj edərək pul almaqdaır: "Baş verən hadisədə mənim rolum onları ayırmaq olub. Onlar isə məni bu məsələyə qataraq pul istəyirlər. Hətta bir-iki dəfə məndən pul da tələb ediblər”. 

Nərimanov Rayon Polis İdarəsindən əldə etdik ki, baş vermiş faktla bağlı cinayət işi başlanıb və istintaqa göndərilib. İşi araşdıran müstəntiq Anar Ağayarov Milli.Az-a bildirdi ki, fakt üzrə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb: "Hazırda istintaq aparılır. Şikayət əsasında ekspertiza təyin olunub. Həmin rəydən sonra məsələyə aydınlıq gətiriləcək”. 

Həkimlər gənci xəstəxananın qarşısında döydülər- Fotolar
Həkimlər gənci xəstəxananın qarşısında döydülər- Fotolar

 


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti