Arzu Kazımov Elşad Abdullayevə nə dedi?- VİDEO

21-01-2013, 09:30
Oxunub: 3823


ABU-nun keçmiş rəhbəri Elşad Abdullayev yeni video yayıb. Musavat.com-un məlumatına görə, budəfəki video əvvəlkilərdən müddətinin uzunluğuna görə fərqlənir: tam iki saat. Bu videoda hazırda cinayət işində adı hallandığı üçün 3 aylıq həbsə məhkum edilmiş Arzu Firudin oğlu Kazımov MTN zabiti Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən istifadə edən "ölüm eskadronu”nun - Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin kassiri - pul alanı kimi təqdim edilir. Video Mahir Abdullayevin oğrulanmasından (13.10.2003) 7 ay 1 gün sonra, Azərbaycan Beynəlxalq Universitetinin rektorluğunda, rektor Elşad Abdullayevin iş otağında 14 may 2004-cü ildə qeydə alınıb. Arzu Kazımovun bu cinayət işində ləqəbi "Metal alverçisi”dir.

 

 

Videoda Arzu Kazımovla, ABU rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev və MTN zabiti Mahir Abdullayevin qaynatası, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) baş direktoru olmuş "Şöhrət” ordenli əməkdar jurnalist Şamil Şahməmmədovun danışıqları yer alır.

Video youtube-dən silindi...

Qısa arayış: Video 20 yanvar, 2013-cü il tarixində səhər saatlarından etibarən Youtube axtarış və paylaşım saytında olsa da, bir müddət sonra sındırıldı. Video portalda Elshad Abdulla adına açılmış kanalda yayılmış, Google+ sosial şəbəkəsində eyni adlı səhifədə, eləcə də, hazırda Fransada olan, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidlinin Facebook səhifəsində paylaşılmışdı. E.Abdullayevin Fransadakı nümayəndəsi olan Elnur Məcidli müxbirimizə dedi ki, bu videonu yaymaqda onların əsas məqsədi A.Kazımovun bu məsələdəki iştirakını cəmiyyətə sübut etmək olub. Hazırda həbsdə olan A.Kazımovun 3 aylıq istintaq müddətinin sonunda azadlığa buraxıla biləcəyinə işarə edən E.Məcidli məlum videonu yaymaqla istintaqa mesaj verməyə çalışdıqlarını dedi: "Videonu Youtube-də sındıranların məqsədi də bu məsələnin üzə çıxmasına mane olmaqdır”.
Nəhayət, dünən günün sonlarına yaxın Fransadan videonun yeni versiyası yollandı və musavat.com saytında da onu yayımladıq.

Elşad Abdullayev: "Arzu Kazımovu qardaşım oğurlanandan sonra tanıdım”

Xatırladaq ki, video ilə yanaşı, E.Abdullayev qəzetimizə bir müraciət də yollayıb. Həmin müraciətdə sabiq rektor yazıb ki, bu video hazırda həbsdə olan Arzu Firudin oğlu Kazımovun MTN zabiti Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən istifadə edən "ölüm eskadronunu” - Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın kassiri - pul alanı olmasının sübutudur: "Bu video Mahir Abdullayevin oğurlanmasından (13.X.2003-cü il) 7 ay 1 gün sonra, Azərbaycan Beynəlxalq Universitetinin rektorluğunda, rektor Elşad Abdullayevin iş otağında 14 may 2004-cü ildə qeydə alınıb. Arzu Kazımovun bu cinayət işində ləqəbi ”metal alverçisi"di, bu da kriminoloji dildə adam oğurluğu alverçisinə deyilir. Videoda Arzu Kazımovla, ABU rektoru, hüquq elmləri doktoru ElşadAbdullayev və MTN zabiti Mahir Abdullayevin qayınatası, "Şöhrət” ordenli, əməkdar jurnalist Şamil Şahməmmədovun danışıqları yer almaqdadır. Qeyd olunan videogörüntülərin 19.01.2013-cü il tarixində "http://www.youtube.com-da www.youtube.com-da yayımlanmasının başlıca məqsədi mütəşəkkil cinayətkar təşkilatın üzvü Arzu Kazımovun və vəkili Ramiz Zeynalovun prezident İlham Əliyevin 04 oktyabr 2012 il tarixli sərəncamı ilə Baş Prokuror yanında yaradılmış Müstəqil İstintaq Komissiyasına və cəmiyyəti çaşdıran həqiqətə uyğun olmayan ifadələr vermələri və fikirlər səsləndirmələridir".
E.Abdullayev daha sonra müraciətində A.Kazımovla bağlı məqamlara yer verir: "Arzu Kazımovla tanışlığım yalnız qardaşım Mahir Abdullayev oğurlandıqdan sonra mütəşəkkil cinayətkar təşkilatın subyekti Rövşanə Əliyevanın vasitəsi ilə olubdur. Qeyd olunan vaxta qədər nə Arzu Kazımovla, nə də Rövşanə Əliyeva ilə tanış olmamışam. Bizim aramızda mobil telefon danışıqları da Mahirin oğurlanmasından sonra başlayıb. Bunu MİK tərəfindən araşdırmaq problem deyil”.
Sabiq rektor deyir ki, qardaşı Mahirin girovluqdan azad edilməsi üçün pulu Arzu Kazımova verib. O iddia edir ki, buna səbəb DİN rəhbərliynin onların danışıqlarında qarant olmasıdır.

"Mənə deyirdi, qardaşınızı özünüz oğurlamısınız”

E.Abdullayev müraciətində onu da yazıb ki, A.Kazımovla arasında bağlanmış qanuni müqavilələr Mahirin geri qaytarılması üçün qanunsuz adam oğurluğu müqaviləsinə hüquqi don geyindirilmişdir: "Bizim aramızda faktiki olaraq heç bir mənzil alqı-satqısı olmayıb, mən heç kimin də adına, Təhsil Nazirliyinin rəhbərliyinin adına da mənzil istəməmişəm və bunu təsdiq edən heç bir sənəd orta yoxdur, eyni zamanda www.youtube.com yerləşdirilmiş videogörüntülər də bir daha sübut edir ki, biz yalnız Mahirin geri qaytarılmasından söhbət edirik. Bizim söhbətimizin predmeti yalnız Mahirin geri qaytarılmasıdır”.
Sabiq rektor müraciətində yazıb ki, hazırda A.Kazımovun vəkili Ramiz Zeynalov qanlı banda başçısı Hacı Məmmədovsayagı "Azərbaycanda adam oğurluğu Akademiyasının” köhnəlmiş konspektindən bəyanatlar verərək onu təhdid etməyə cəhd göstərir: "Advokat Ramiz Zeynalov vaxtilə Arzu Kazımovun ofisində mənə edilən təhdidləri təkrar edir. O, (...) ”Təzadlar" qəzetində böhtan ataraq məni susdurmaq üçün deyir ki, Elşad Abdullayev qardaşını özü oğurlayıbdır. Məhkəmədə aydın oldu ki, qanlı banda başçısı Hacı Məmmədov da zərərçəkmişi təhdid edərək deyirdi ki, qardaşınızı özünüz oğurlamısınız. Başlıca məqsədi əsas cinayətkarı gizlətməklə zərərçəkmişin ailəsini susdurmaq olub. Ramiz Zeynalov zərərçəkmişi susdurmaq üçün böhtan ataraq deyir ki, qardaşınızın yerini deyin, gedim gətirim. Buna görə də zərərçəkmişdən pul alır. Hansı axmaq sənə inanar? Əgər yerini bilirdimsə sən mənim nəyimə lazımsan, gedib özüm gətirərdim, hələ üstəlik sən kimi "debilə” pul da verməliyəm. Hacı Məmmədov da zərərçəkmişi susdurmaq üçün ondan tələb edirdi ki, "pul ver, yerini göstər, gedib gətirim”. Ramiz Zeynalov qıp-qırmızı, həya-abır etmədən 10 milyonluq xalqın gözünün içinə baxa-baxa deyir ki, Elşad müəllim qardaşını özü öldürübdür".

Bu işə görə öldürülən insanların siyahısı...

E.Abdullayev müraciətində yenə də bütün proseslərin başında Ramiz Mehdiyevin dayandığını iddia edir. O, yazır ki, Azərbaycanda adam OĞURLUĞU İLƏ MƏŞĞUL OLAN MÜTƏŞƏKKİL (seçdirmə E.Abdullayevə məxsusdur red.) cinayətkar təşkilat - ölüm eskadronu prezidentinin sərəncamı ilə yaradılan MİK-i də saymır, "sehrli əl”in tapşırıqlarını yerinə yetirir.
E.Abdullayev müraciətində həmçinin bildirib ki, bu iş çərçivəsində dünyasını dəyişən şəxslər də çox olub. Onun sözlərinə görə, M.Abdullayevin oğurluq işində əsas şahidlər qətlə yetirilib. Aradan götürülmüş şahidlərdən birinin də Sevinc Babayeva olduğunu deyən sabiq rektor onu Gülər Əhmədovanın zəhərlədiyini deyir. E.Abdullayev iddia edir ki, S.Babayevaya qədər də bir neçə əsas şahid qətlə yetirilib. Keçmiş rektor aradan götürülən şahidlərin adlarını yazır: general-mayor Zahid Dünyamalıyev, müğənni Mətanət İsgəndərlinin sürücüsü, bibisi oğlu Teymur (onun da iki il öncə Sevinc Babayeva sayağı öldürüldüyünü iddia edir-red.). E.Abdullayev aradan götürülən daha iki şahidin də adını çəkir: Onlardan birini "jurnalist Aqaşanov”, digərini "Bəylər Əyyubovun Nüşabə Mirzoyevası” kimi təqdim edir. E.Abdullayev daha sonra qardaşı Eldəniz Abdullayevin həyatına sui-qəsd cəhdini - "Qurd qapısı” restoranında zəhərlənməsini - xatırladır.

Arzu Kazımov etiraf edir, Mahir Abdullayevin qayınatası inanmır

İki saatlıq videonun əsas hissəsi E.Abdullayev, A.Kazımov və Ş.Şahməmmədov arasında gedən söhbətdir. A.Kazımov həm M.Abdullayevin qayınatasını, həm də E.Abdullayevi inandırmağa çalışır ki, burada incə söhbətlər gedir: "Burda Mahirin sağlamlığından, həyatından söhbət gedir. Ehtiyatlı olmaq lazımdır. Ona xətər yetirilə bilər. Bu məsələləri qabartmaq olmaz. Söhbət Mahirin sağlamlığından gedir”.
A.Kazımovu diqqətlə dinləyən Ş.Şahməmmədov isə onun danışığında məntiq görmədiyini, 7 aydır ki, kürəkəninin gələcəyi ilə bağlı vədlər eşitsə də, bunun baş tutmadığını deyir. Keçmiş jurnalist arada A.Kazımova da şübhə ilə yanaşıb, onun bu işə niyə qoşulduğunu soruşur. Həm E.Abdullayev, həm A.Kazımov dost olduqları üçün bir-birlərinə bu işdə qarşılıqlı yardım etdiklərini deyirlər.

Arzu Kazımov: "Mahir sağdır, bunu Zahid Dünyamalıyev deyib”

M.Abdullayevin qayınatası kürəkəninin sağ olub-olmadığını dəqiqləşdirmək istəyir. A.Kazımov deyir ki, sağdır. Bunun haradan bilindiyini soruşanda isə A.Kazımov sabiq DİN birinci müavini Z.Dünyamalıyevə istinad edir. Deyir, "ağsaqqal odur və sağ olduğunu da o deyib”.
Söhbətin bu yerində Ş.Şahməmmədov dövlət başçısı İlham Əliyevlə görüşə biləcəyini, bu məsələ ilə bağlı bütün detalları A.Kazımova, Z.Dünyamalıyevə istinadən M.Abdullayevin sağ olduğunu ona deyə biləcəyini deyir.
A.Kazımov isə ağsaqqala özünün haqlı olduğunu sübut etmək üçün deyir ki, bu işin üstündə 3 nəfər ayrı-ayrı adamlar tutulub, dəfələrlə M.Abdullayevi axtarmaq üçün harasa gedib. Qayınata isə A.Kazımova şübhə etdiyi zaman E.Abdullayev müdaxilə edir. Deyir ki, Z.Dünyamalıyevlə Bilgəhdə bir yerdə olublar: "O da deyib ki, 100 faiz sağdır Mahir Abdullayev”.
A.Kazımovla E.Abdullayev qərarlaşırlar ki, bu gün bir daha Z.Dünyamalıyevlə görüşsünlər. Qayınatası isə onların yeganə səhvinin pulu əvvəldən vermək olduğunu deyir. Müzakirə zamanı tərəflər iddia edir ki, Z.Dünyamalıyev pul məsələsinə qarışmasa da, ümumən pul alınıb.
Qayınatası M.Abdullayevi oğurlayanların məbləği artırmaq istədiyini deyir. "Əgər sağdırsa, qaytarardılar” deyən eks-jurnalistə cavab olaraq A.Kazımov yeni faktlarla cavab verir: "İş ”Qorotdel"də idi (Bakı Şəhər Baş Polis İdarəsini nəzərdə tutur-red.). Zahid müəllim dedi, mən qarışmıram. Orda uşaqlar dedi ki, "Qorotdel”də olsa, alınmayacaq. Zahid müəllim baş prokurora, nazirə dedi".
A.Kazımov iddia edir ki, DİN-in ilk gündən məqsədi problemi sülh yolu ilə həll etmək olub. Bu yerdə E.Abdullayev şübhə edir ki, bu məsələdə polisin də əli olub. A.Kazımov bu "kruq”un çətin olduğunu, E.Abdullayev isə ona cavab olaraq Z.Dünyamalıyevin girə bilməyəcəyi heç bir iş olmadığını deyir. Hətta arada qardaşının qaytarılması üçün verilən pula əlavə etməyi də təklif edir.

musavat.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti