Müsavatdan Əli Kərimlinin müavininə cavab verildi

23-10-2014, 10:13
Oxunub: 304
"Bu məsələlərdə Müsavat haqqında söz demək, qiymətləndirmək sırasında ola biləcək ən sonuncu şəxslərin sırasında belə, Fuad Qəhrəmanlı adlı şəxs yoxdur"


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasını və müsavatçıları iqtidarın ətəyində olanlar adlandırıb. AXCP-çilərin isə meydanda oduğunu deyib.

F.Qəhrəmanlının iddiaları Müsavatda qəzəblə qarşılanıb. Müsavat Məclisinin üzvü Səxavət Soltanlı "Yeni Müsavat”a açıqlamasında bildirib ki, Müsavatı və müsavatçıları hakimiyyətlə hansısa formada əlaqələndirmək həm gülüncdür, həm də hakimiyyətin siyasətini həyata keçirməkdir. Müsavat Partiyası demokratiyaya və prinsiplərinə ən sadiq siyasi partiyadır: "Fuad Qəhrəmanlı tipli insanların əsas fəaliyyətləri Müsavata qarşı fəaliyyət göstərməkdən ibarətdir. Bunu bugünlərdə AXCP-dən istefa vermiş hörmətli Şakir Abbasov da çox düzgün ifadə edib ki, AXCP rəhbərliyi hakimiyyətə qarşı yox, Müsavata qarşı mübarizə yolunu tutub. Şakir bəy mətbəxə daha yaxından bələd olan şəxs kimi dəqiq ifadə edib.

Hər kəsə, hətta Fuad Qəhrəmanlıya da etiraf etməsə də bəllidir ki, Müsavatın əsas hədəfi hakimiyyət, əsas məqsədi demokratiyanın qurulmasına nail olmaqdır. Bəzi təşkilat və şəxslər istədikləri mövqeyi tuta bilməməsinin səbəbkarı kimi Müsavatı görürlərsə bu doğru deyil. Onlar yaxşı olar ki, öz işləri ilə məşğul olsunlar. Bir siyasi partiyanın digər siyasi partiyanın fəaliyyətini qiymətləndirməsi ədalətli olmalıdır. Bu məsələlərdə Müsavat haqqında söz demək, qiymətləndirmək sırasında ola biləcək ən sonuncu şəxslərin sırasında belə, Fuad Qəhrəmanlı adlı şəxs yoxdur".

S.Soltanlı qeyd etdi ki, yaxşı olar cəbhəçilər öz fəaliyyətlərini hakimiyyətlə münasibətlərə həsr etsinlər: "Bütün bu kimi diskussiyaları hər zaman məqsədli səkildə açanlar və prosesi izləyənlər hər zaman sonda Müsavatın haqlı və doğru siyasət göstərdiyini qəbul ediblər. Fuad Qəhrəmanlı artıq antmüsavat kampaniyasında Əli Kərimlinin sözçüsü kimi çox böyük səhvə yol verib. Ağıllı olsun, boş və mənasız söhbətlər etmək əvəzinə gedib kitab oxusun”.
AXCP sədrinin sabiq müavini, bir müddət əvvəl AXCP-dən istefa vermiş Asəf Quliyev isə  iki aparıcı müxalifət partiyasının arasındakı gərginlik haqda müraciət yayıb. Həmin müraciətdə deyilir ki, hər hansı bir partiyanın yanlış bir hərəkəti bütün müxalifət üçün zərbə sayılır: "Məhz bunun nəticəsidir ki, son illər geniş xalq kütləsi müxalifətdən kənarda dayanır və onun təşkil etdiyi aksiyalarda iştirak etmir. 

Təəssüf ki, son zamanlar AXCP ilə Müsavat arasında gedən qarşıdurma və təhqirlər cəmiyyətin müxalif düşərgəyə olan münasibətini mənfi mənada daha da artırır. Düzdür, bu partiyalar hazırda eyni blokda siyasi fəaliyyət göstərməsələr də, gələcəkdə milli məsələdə bir sırada dayana bilərlər. Bunu unutmamalıdırlar. Hər iki partiya rəhbərliyi mətbuatda, sosial şəbəkələrdə bu cür qarşıdurmalara son vermək üçün ciddi addımlar atmalıdır. Biz istəsək də, istəməsək də bir yerdə yaşamağa və mübarizə aparmağa məhkumuq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti