Əsgər özünü güllələdi- ŞOK

18-01-2013, 13:32
Oxunub: 1766


Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, 20 yaşlı Astara rayon sakini Nazim Cəfərovun məhkəməsi başa çatıb.

"Gündəlik Teleqraf"a daxil olan məlumata görə, Nazim Cəfərov 2012-ci il iyulun 23-də "N” saylı hərbi hissədə xidmətdə olarkən tağım komandiri növbəyə görə ona və daha bir əsgərə hərbi hissənin hamamını təmizləməsi barədə göstəriş verib. Lakin Nazim komandirin tapşırığını yerinə yetirməyib. Sonra tağım komandiri Nazimi xidmətdə olduğu posta çağırıb və ondan hamamı niyə təmizləməməsinin səbəbini soruşub.

Hamam təmizləməyi özünə yaraşdırmadığını deyən Nazim Cəfərov əsgər tərəfindən ona saxlamağa verilən silahla sol əlinin ovuc hissəsindən atəş açıb. Açılan bir atəş nəticəsində Nazim sol əli dəlib keçən güllə yarası alıb. Bununla da Nazim Cəfərov döyüş şəraitində hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməkdən imtina edib.

Nazim Cəfərov Cinayət Məcəlləsinin 335.2-ci (müharibə vaxtı və ya döyüş şəraitində öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. O, Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Heydər Fərzəliyev apelyasiya şikayəti verib. Müdafiəçi Gəncə Hərbi Məhkəməsinin hökmünün dəyişdirilməsini, Nazim Cəfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsinin tətbiq edilməsi yolu ilə cəzasının şərti hesab edilməsini xahiş edib. 

Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə tərəflər dinlənilib. Prosesdə çıxış edən vəkil apelyasiya şikayətini belə əsaslandırıb ki, Nazim Cəfərov törətdiyi cinayət əməlini etiraf edib: "Nazim Cəfərovun həmin əməli törətməkdə məqsədi heç də hərbi xidmətdən boyun qaçırmaq olmayıb. O, əsəbindən belə bir iş tutub. Onun daha 2 qardaşı da orduda xidmət edib, ordudan tərxis olunub. Ailəsinin ona ehtiyacı var. Ona görə də Nazim Cəfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilə bilər”. 

Məhkəmədə çıxış edən Nazim Cəfərov apelyasiya şikayətinin təmin edilməsini, vəziyyətinin yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edib. Apelyasiya baxışı zamanı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəsib Nəcəfov çıxış edib. Prokuror apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Nazim Cəfərovun barəsində hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib: "Cinayət işinə baxan birinci instansiya məhkəməsi Nazim Cəfərov barəsində bütün yüngülləşdirici halları nəzərə alıb, ona cəza təyin edərkən kifayət qədər güzəşt edib aşağı həddə cəza təyin edib”.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarını açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib, Gəncə Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti