Lombard fırıldaqları artıb

18-01-2013, 12:31
Oxunub: 1935


Nazim Məmmədov: "Bu halda onların lisenziyasının alınması üçün müxtəlif tələblər mövcuddur”

Məlumdur ki, bu gün əhalinin kredit üçün üz tutduqları yerlərdən biri də lombardlardır. Amma banklardan fərqli olaraq nisbətən asan şərtlərlə xidmət göstərən lombardların fəaliyyətlərində bəzi boşluqlar hiss olunmaqdadır. Xatırladaq ki, onlarin fəaliyyəti 1997 – ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Lombard fəaliyyətində ən çox rast gəlinən fırıldaqlardan biri isə vətəndaşların aldadılmasıdır. Belə ki, verdiyi pulun müqabilində onun ikiqat dəyərini alan lombardların sonradan qaçaraq gizlənmələri az olmayıb. Elə sonuncu dəfə analoji hadisə Bakının Nizami rayonunda baş verib. Lombard sahibi Məmməd Həsənov və onun işçiləri ümumilikdə 100 min manata yaxın dəyəri olan 300 nəfərin qır-qızılını götürərək gizlənib. Ekspertlər lombard sahəsində bu cür boşluların aradan qaldırılması üçün təkliflər irəli sürürlər.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, lombardlar kreditlərin verilməsindən daha çox borcların verilməsi fəaliyyəti ilə məşğul olur: "Lombard fəaliyyəti əhali üçün ona görə cəlbedicidir ki, burada banklardan fərqli olaraq girov tələb olunmur. Ona görə də lombardlardan pulun alınması daha asandır. Amma təbii ki, banklardan fərqli olaraq lombardların verdikləri kreditlərin faiz dərəcələri daha yüksəkdir. Əksər hallarda bu dərəcələr aylıq olaraq 4 faiz intervalında dəyişir. Bu da ona gətirir ki, lombardlardan vəsait cəlb edənlər geri daha çox vəsait qaytarırlar. Amma problem təkcə qaytarılan vəsaitlər üzrə deyil. Digər problem onunla bağlıdır ki, bəzi hallarda lombardlar vətəndaşların qarşılıqlı öhdəliklərini yerinə yetirmirlər. Yəni, verilən məbləğdən daha çox qızıl və zinət əşyaları alırlar. Bütün hallarda qızıl və zinət əşyalarının məbləği verilən borcdan 1.5 – 2 dəfə çox olur».
Vüqar Bayramov bildirir ki, lombardların fəaliyyətinə ciddi nəzarət edilməlidir: "Çünki, əgər lombardlar öz öhdəliklərini tam olaraq yerinə yetirmir və bəzi hallarda ölkədən qaçırlarsa, buna nəzarət etmək imkanı çətin olur. Lombardların qurulması və lombard fəaliyyəti Azərbaycan qanunvericiliyi əsasında aparılır. Sadəcə burada problem ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olanların sayının çox olması və onların fəaliyyətinə nəzarətin zəif olmasıdır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində lombardlar xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. Amma təəssüf ki, lombardların fəaliyyətə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki, banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Hər halda lombard fəaliyyəti ilə məşğul olmaq üçün şərtlərin ağırlaşdırılmasına ehtiyac var. Lombard üçün minimum nizamnamə kapitalı tələb olunmur. Amma bununla belə vətəndaşların aldadılmasının qarşısını almaq üçün lombardların öhdəliyini artırmaq lazımdır. Bu öhdəlik o formada ola bilər ki, lombardlar fəaliyyətə başlayan zaman xüsusi lisenziyanın alınması üçün yalnız vəsait ödəməsin. Eyni zamanda öhdəliklərinə sadiq qalması üçün həmin qurumlar qarşısında müəyyən girovla çıxış etsinlər. Ona görə də qaydaların təkmilləşməsinə və sərtləşdirilməsinə ehtiyac var ki, lombardlar vətəndaşlar qarşısındakı öhdəliklərinə ciddi əməl etsinlər”.

Digər iqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, lombardların fəaliyyəti qanunla tənzimlənir: "Lombardlar hüquqi və bank hesabları olan fiziki şəxslər olur. Vəsaitləri inkossasiya vasitəsi ilə banklara götürürlər. Adətən lombardlar qızıl – zinət əşyalarının girov götürülməklə kiçik kreditlər verirlər. Əgər lombardlarda hansısa aldatma hadisəsi baş veribsə, həmin işçilərin məsuliyyətsizliyindən xəbər verir. Bu halda onların lisenziyasının alınması üçün müxtəlif tələblər mövcuddur. Tələblərdə də bütün təhlükəsizlik məsələləri ön plandadır. Kiçik yaşlı insanların və yaxud da lombardların oğurluq etməsi cəmiyyət üçün ciddi sosial siqnaldır. Gənclərin məşğulluğu ilə bağlı cənab Prezident qeyd edib ki, 1.1 milyondan artıq iş yeri açılıb. Bunlar davam etdirilməlidir. Əslində, ümumi bank institutunun yaxşı işləmədiyi, əhalisinin sosial durumu yaxşı olmayan ölkələrdə lombardlar çox olur. Vətəndaşlar gələcək üçün yığım kimi topladıqları qızıl – zinət əşyalarını bu gün xərcləməyə məcburdurlar”.

Xəzərxəbər

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti