Şəhriyar Məcidzadə

17-01-2013, 17:55
Oxunub: 1706


Həmişə demişik: Bu ölkədə əsas hədəf gənclikdi. Orduya gedib, xidmət edənlərimizin cəsədlərini bizə qaytarırlar. Niyə? 


Çünki, insanlarımızın içində dövlətçilik sevgisini, vətən sevgisini öldürmək istəyirlər. Bizi elə bir hala gətirmək istəyirlər ki, kiminsə yanında vətəndən, millətdən danışanda insanlar həmin adamları gülüşlə qarşılasınlar. Yoxsa, bu milləti bayrağına, torpağına olan sevgidən döndərmək olmur.
Axı, bizim insanlarımız vətənini gerçəkdən sevir. Belə olmasa, nefti, zənginliyi olan vətənimizdə işsizlik ordusu yaradıldığı vaxtlarda, insanlarımız Rusiyanın, Türkiyənin yollarına düşəndə, biraz həyatını yaxşılaşdırdıqdan sonra vətəninə qayıdardı?
Belə olmasa idi, məğlub bir orduya, üstəlik də hər gün "ürək çatışmazlığından vəfat edib" xəbərləri gələn orduya öz gözünün nuru, tək övladlarını əsgər göndərərdilər?

Axı belə olmasa idi, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar və adını bilmədiyimiz yüzlərlə, vətən övladı bu korrupsiyanın, bu haqsızlığın, içində yetişib vətənlərinə xidmət bahasına canını verərdi?


Demək ki, biz dövlətçilik, vətən, torpaq sevgimizlə qorxu ilə qarşılanırıq. Hə, məhz qorxu ilə..
Bizdən qorxurlar, bizim sevgimizdən də, nifrətimizdən də, lap elə quru düşüncəmizdən də. Gündə bir olayla silkələnən məmləkətimizdə, hələ də gəncliyimizin ruhunu öldürmək mümkün olmayıb. Biz, hələ də əsgər ölümlərinə heç bir təşkilatçı olmadan yüzlərlə və minlərlə olaraq küçələrə çıxa biliriksə, deməli ölməmişik.

 

Bizi cəzalandırırlar.

Gənclərimizdən bir qisminə, 600 manatlıq cərimə kəsməklə əzmimizi qırmağa çalışırlar. Birilərini cərimələyib, digərlərini qorxuya salmaq istəyirlər. Ancaq, alınmır. Alınmayacaq.

Dostlar, hamımız bilirik ki, düşünən gəncliyimizi kimsə yetişdirməyib. Bizim üzümüzə televiziya açıq olmayıb ki, biz müzakirələrdə yetişək. Bizim normal təhsilimiz, məktəbimiz, universitetimiz olmayıb ki, biz milli ruhumuzu itirməyək. Biz, heç qələbə dadmış toplum da deyilik ki, onun eyforiyasında hərəkət edək. Biz, sadəcə elə-belə, özümüz yetişmişik. Elə buna qəzəblənirlər... "Bunlar necə yetişdi" deyə?


Bu gənclik, təhsilsiz, işsiz, gələcəklərindən məhrum etmək istəyənlərin inadına yetişib. Kimlər ki, bu gəncliyə düşmən münasibətdədirsə onların inadına yetişib.
Milyonlarlarla rüşvətin hesabına boya başa çatdırdıqları, verdikləri dəstəklərlə xaricə göndərib oxutdurduqları balaları, hamısı bu kimsəsiz, düşüncəsindən başqa heç nəyi olmayan gəncliyin qarşısında aciz qalıb.

Çünki yanlış yoldaydınız. Millətini sifarişlə sevmək olmur. Xalqının, insanlarının həyatına biganə qalan gənclik niyə oxusun ki? Nəyi dəyişmək istəsin ki?


İndi o cərimələrlə işsiz-gücüz qoyduğunuz gəncliyi cəzalandırırsınız?

Biz o cəzalardan qorxmuruq. Özümüzü tanıyandan cəzalandırırsınız bizi. Məktəbdə, univetsitetdə, işlə, işsizliklə, hərbi xidmətdə... Bu cəzaların qarşısında, cərimələr nədir ki?


Bəyanatlarınıza, açıqlamalarınıza diqqət yetirin. "Xaricin sifarişi ilə”, "Kimlərinsə aləti olan” və s. sözlər çox şəkilsiz görünür. Çünki, bu yetişən gənclik üçün dövlət onun baş tacıdır. Ordu əleyhdarlığını, gənclik yaratmır, məsuliyyətsizlikdən, cəzasızlıqdan, cinayətdən siz yaratmağa çalışırsınız.

Ancaq bu millətin övladı yenə hərbi xidmətə gedəcək. Bunu yaxşı bilirsiniz!
Sadəcə biraz vicdan...
Şərhlər : 1 Şərh yaz
Yaqub 22 yanvar 2013 16:43  
Şəhriyar muellim oxudum beyendim bizde eynen sizin kimi dusunuruk ancaq elimizden o gelir ki deyek ki,Allah cezalarini versin (elbetde ki pislerinin)
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti