İlham Əliyev: "Bunun səbəbi Ermənistanın qeyri-səmimi davranışıdır"

9-10-2014, 10:25
Oxunub: 291
"Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir"


İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Etatist.com
xəbər verir ki, iclasda çıxış edən prezident İlham Əliyev bildirib ki, bu ilin 9 ayında ümumi daxili məhsul 2,5 faiz artıb:

"Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır.

Neft-qaz sektorunda işlər uğurla gedir. Mən bu barədə bir qədər sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir.

Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.

Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir".

Daha sonra prezident əlavə edib:

"İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.

Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaq".

Doqquz ay ərzində 19 milyard dollar investisiya qoulduğunu deyən dövlət başçısı bu rəqəmin daha da artacağını bildirib:

"Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq və beləliklə, bizim inkişafımız daha da sürətlə gedəcək.

İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir".

İ.Əliyev qeyd edib ki, bizim kifayət qədər valyuta ehtiyatlarımız var:

"İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb.

Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir.

Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.

Biz əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir".

Prezident onu da qeyd edib ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmayıb:

"Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir.

İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil."
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti