Azərbaycanda bir gündə 4 zəlzələ:"Afterşoklar davam edəcək"

29-09-2014, 13:12
Oxunub: 570


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün ölkə ərazisində baş verən zəlzələlərin səbəbini açıqlayıb.

Lent.az-a açıqlamasında baş direktor deyib ki, tektonik sınmalarla bağlı yeraltı dinamik proseslər baş verir: "Azərbaycan seysmogen bölgədə yerləşir. Alp-Himalay seysmik qurşağında yerləşən ölkə üçün zəlzələlərin olması təbiidir".

Q. Yetirmişli qeyd edib ki, Qəbələdə baş verən zəlzələ güclü olsa da, dağıdıcı deyil: "Həmin zəlzələ Qəbələdə, Xınalıqda bəzi köhnə binalarda çatıların əmələ gəlməsinə səbəb olub. Amma həmin yeraltı təkan dağıdıcı gücə malik olmayıb. Yalnız 6 və 6.5 baldan yuxarı olan yeraltı təkanlar dağıdıcı hesab olunur".

Q. Yetirmişli deyib ki, baş verən zəlzələdən sonra afterşoklar da olub: "Hazırda enerji boşalması gedir. Xırda-xırda təkanlar baş verməkdədir. Onların arasında hətta hiss olunan zəlzələlər də var. Bu, olmalıdır. Afterşoklar davam edəcək. Amma yenidən o gücdə zəlzələ ola bilməz".

Qeyd edək ki, bu gün Azərbaycanın Qəbələ rayonunda dalbadal 3, Lerikdə isə 3.2 bal gücündə bir zəlzələ baş verib. Ən güclü zəlzələ isə Qəbələdə 6 bal gücündə olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti