"Özbaşınalıq dözülməz həddə çatıb"

17-01-2013, 13:36
Oxunub: 4125


"Bizə deyilmişdi ki, imtahana hər kəs 300 manat pul versin"

 

Etatist.com-a göndərilən şikayətdə, Bakı Sənaye-Pedoqoji Kollecinin tələbəsi iki imtahanda bütün sualların cavabını yazdığını, amma, tələb olunan pulu vermədiyi üçün qiymətinin kəsildiyini və gələcək imtahanlara buraxılmayacağını qeyd edib.

 

Adının çəkilməsini istəməyən tələbənin bildirdiyinə görə, imtahanlardan qabaq müəllimlər onlardan 300 manat pul istəyib. "Mən də dedim ki, imtahanı özüm verəcəm. Müəllim də mənimlə prinsipə girdi, dedi ki, yaz görüm keçə biləcəksən yoxsa yox. Elə həmin müəllim də məni imtahandan kəsib. O biri müəllim də şöbə müdirinin sözünə görə kəsib məni imtahandan. Mən şikayət etdim, dedilər ki, komisiya təşkil olunacaq. Keçən il də belə demişdilər, amma heç bir tədbir görməmişdilər. Onsuzda komisiyadakı müəllimlər də rüşvət istəyən müəllimlərdi." e-mail ünvanımıza göndərilmiş şikayətdə belə qeyd olunub.

 

Kollecdə özbaşınalığın dözülməz həddə çatdığını bildirən tələbə qrup yoldaşlarından birinin imtahandan kəsildiyini və maaş kartındakı pulların ondan xəbərsiz çəkildiyini bildirdi.

 

Xəbəri dəqiqləşdirmək üçün Bakı Sənaye-Pedoqoji Kollecinin şöbə müdiri Adil Tapdıqovla əlaqə saxladıq. Söbə müdiri məlumatın absurd olduğunu bildirdi: "Bizim kollecdə imtahanlar yazılı olur. İstənilən şikayətə görə də tələbənin yazdığı cavabları, onun yoxlanma qaydasını tələbəyə və onun valideyninə göstəririk".

A.Tapdıqovun dediyinə görə, kollecin iki imtahandan kəsilən tələbəsi üçüncü imtahana da buraxılır. 

 

"Mən həmin tələbəyə bildirmək istəyirəm ki, komisiya təşkil olunsun, sizin də iştirakınızla gəlsin imtahanını versin." kollecin şöbə müdiri belə bildirib.

 

Tələbənin maaşının ondan xəbərsiz götürülməsinə də münasibət bildirən Adil Tapdıqov belə bir şeyin mümkünsüz olduğunu, maaş kartından pulun yalnız tələbənin özünün çəkə biləcəyini qeyd etdi.

Şərhlər : 1 Şərh yaz
Rafiq 16 yanvar 2013 20:25  
Telebe getsin korrupsiya ile mubarizeye sikayet etsinde email atmaqla adini gizletmekle sikayet olmur
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti