Gənclər tətbiq olunan cərimələrdən danışdı

16-01-2013, 17:32
Oxunub: 1294


2013-cü ildən aksiyalara görə tətbiq edilən pul cərimələri bundan sonra piket, mitinq iştirakçılarının sayına təsir edəcəkmi? Modern.az siyasi partiyaların gənclər təşkilatlarından və Milli Fikir Mərkəzindən bu suala cavab istəyib.


YAP Gənclər Birliyinin Sədri Seymur Orucov hesab edir ki, aksiya keçirən qüvvələrin bazası varsa, bu iştirakçıların sayının azalmasına təsir etməyəcək. "Cərimələrin hüquqi qüvvəsinin əsas mahiyyəti dünyadakı normativ aktlarla uyğunlaşdırılmasıdır. Ölkənin iqtisadi inkişafı artdıqca, cərimələr, rüsumlar müəyyən müddət keçdikcə dəyişilir. Cərimələrin artırılması müsbət bir addımdır. Burada demokratik dövlətdən danışırıqsa, digər insanların hüquqlarının tapdalanmaması üçün əhəmiyyətli bir qərardır. Qanunvericilikdə icazəli aksiya keçirmək nəzərdə tutulur. Aksiya iştirakçılarının sayına təsirinə gəlincə, onu deyə bilərəm ki, cərimələrin buna əhəmiyyətli təsiri olmayacaq. Aksiyalar hər-hansı məsələ ilə bağlı keçirilir. Baza varsa, o zaman gəlib iştirak edəcəklər”.


Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının cavabı belə olub: "Bu məsələ qanun qüvvəyə minməmişdən qabaq da, diskussiya mövzusu idi. Azərbaycan hökuməti elə bir vəziyyət yaradıb ki, insanlar azadlığından çox maddi durumunu fikirləşir. İnsanların 10-15 sutka həbsdə olması daha sərfəlidir, nəinki 500-600 manat pul cəriməsi ödəməsi. Amma deyə bilərəm ki, kim mübarizə aparmaq istəyirsə, axıra qədər bu davam edəcək. 12 yanvarda əsgər ölümünə qarşı keçirilən aksiya göstərdi ki, etiraz etmək istəyən şəxsin qarşısını heç bir təzyiq ala bilməz. Bunu hər hansı siyasi partiya, təşkilat təşkil etməmişdi. Burada öhdəçilik prinsipi də yox idi. Cərimələrin tətbiq olunması xalqı qorxutmayacaq. Biz ümumiyyətlə hakimiyyətin cərimələrin insanlara təsir mexanizmi kimi istifadə olunmasına qarşıyıq”.


Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri Ramin Hacılı bildirib ki, bu qanun mənasız və absurddur.
"Azərbaycanda aksiya keçirən və buna qoşulanlar konkret təbəqədir. Bu təbəqənin ən fəal hissəsi müxalifət düşərgəsindədir. Bu şəxslərin aksiyada iştirakının qarşısını almaq üçün cərimələrin tətbiq olunması kifayət etməyəcək. Eyni zamanda cərimələrin tətbiqini təkrar protest edəcəklər. Bunun nəticəsində onlar həbs oluna bilər, amma həbsdən də qorxuları yoxdur. Ona görə düşünürəm ki, bu cərimələr sadəcə, formal bir xarakter daşıyacaq və böyük bir təsiri olmayacaq. Bu qanunun qəbul olunmasının heç bir xeyri və aksiya iştirakçılarının bu cərimələri düşünüb yayınmaq halları olmayacaq. Neytral insanların aksiyaya çıxmasına gəlincə, bəzi məsələləri qeyd etmək yerinə düşər. Yanvar ayının 12-də əsgər ölümünə qarşı keçirilən aksiyanın tələbi ictimai idi. Siyasi xarakterli deyildi. Bu kimi tələblərlə küçələrə çıxan insanlar o qanunu və cəriməni nəzərə almaz. Necə ki, evləri sökülənlər Prezident Administrasiyası qarşısında prezidentdən kömək istəyirlər. Eyni zamanda müvafiq icra hakimiyyətinə və dövlət qurumlarına qarşı öz narazılıqlarını bildirir, yol kəsirlər. Mən dövlətin bu cür insanlara cərimə kəsməsinə və başqa maddələr tətbiq etməsinə inanmıram. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu qanun çox əhəmiyyətsiz, məntiqsiz və absurddur. Bu qanunun qəbul olunma modelini kimsə Rusiyadan götürüb və Azərbaycana gətiribsə, bu şəxs Azərbaycanın sovet dövründə, Rusiyanın geridə qalmış qanunda olmasını istəyir”.

 

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin fikrincə, bu addımın atılması dövlətçiliyə ziddir və Azərbaycana beynəlxalq arenada başucalığı gətirmir. "Mən cərimələrin tətbiq olunmasının aksiya iştirakçılarının sayına təsir edəcəyinə inanmıram. Cərimələrin tətbiqi ümumiyyətlə dövlətçiliyə və hüquqa ziddir. Bu Azərbaycana başucalığı gətirmir. Çünki standartlar fərqlidir. Azərbaycanda gənclərə tətbiq edilən cərimələr 600 manat civarındadır. Hansı gənc işlədiyi yerdən 600 manat maaş alır?! Hakimiyyətin atdığı addımla rüşvətin leqallaşdığı ortaya çıxır. Əslində bu sual bəzi millət vəkillərinə ünvanlanmalıdır. Bu tip qərarlarla aksiyanın qarşısını almaq mümkün olmayacaq. Bu gün cərimələnən şəxslər gənc siyasi fəallardır. Yerdə qalan, aksiyada iştirak edən şəxsləri də cəzalandıracaqlar?! Bir şeyi unutmamalıdırlar ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar bu xətdən çıxdıqda o zaman cəzalandırmağa adam da tapmayacaqlar. Sivil institutlar yaratmaqla aksiyaların qarşısını almaq olar. Onların hər-hansı sosial tələbləri ortaya qoyulanda problemlərin həlli istiqamətində işlər aparmaqla müsbət nəticə əldə etmək olar”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti