"Qaranlıqlarla dolu dünyada Azərbaycan bir işıqdır"

18-09-2014, 11:41
Oxunub: 645


600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu "Jewish Journal” həftəlik qəzeti 17 sentyabr 2014-cü il tarixli sayında Azərbaycana dair məqalə dərc etmişdir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, "İsrailin ən dəyərli müsəlman müttəfiqi” başlıqlı məqalə dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin rəhbəri Ravvin Mark Diamond tərəfindən yazılmışdır.

Bu yaxınlarda Los Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycan və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və David Siegel ilə görüşdüyünü bildirən M.Diamond İsrail və ABŞ ilə güclü münasibətlər saxlayan Azərbaycanın unikal tarixə malik bir ölkə olduğunu qeyd edir. Müəllif bildirir ki, 2000 ildən bəri Azərbaycanda yaşayan yəhudilər özlərinə yalnız hörmət görmüş və bu gün də bu tolerantlıq mühiti ölkədə hökm sürməkdədir.
M.Diamondun fikrincə, xüsusilə hazırkı dövr üçün bunu böyük nailiyyət hesab etmək olar. Müəllif Azərbaycanda yəhudi icmasına və irsinə böyük qayğı göstərildiyini qeyd edərək, İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin öz füsunkar sinaqoqlarında azad şəkildə ibadət etdiklərini və 300–dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayır. O, həmçinin, 2011-ci ildə Azərbaycan hökuməti tərəfindən Bakıda dağ yəhudiləri üçün sinaqoq inşa edildiyini diqqətə çatdırır.
Dünyada, xüsusilə yaxın bölgələrdə baş verən hadisələr fonunda Azərbaycanın tolerantlıq və dinc yanaşı yaşama modeli kimi işıq saçdığını bildirən ravvin Diamond Azərbaycana yəhudi icmasının dost münasibətinin və dəstəyinin zəruri olduğunu qeyd edir.

Məqalə ilə bu linkdə tanış olmaq olar:

http://www.jewishjournal.com/opinion/article/israels_most_valuable_muslim_ally

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti