Gənclər məhkəmə qarşısına çıxarılacaq

14-01-2013, 11:45
Oxunub: 1404


Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar yanvarın 12-də Fəvvarələr meydanında gənclərin, əsgər valideynlərinin keçirdiyi mitinqdə saxlanan, sonradan azad edilən 13 gəncdən 10-u ilə bağlı bu gün məhkəmə qərar verəcək. Bu barədə həmin gənclərdən biri, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı "Yeni Müsavat”a açıqlamasında bildirib. 

Onun dediyinə görə, aksiya zamanı saxlanılanların 10 nəfərindən polis bölməsində yazılı izahat alıblar ki, həmin şəxslər yanvarın 14-də saat 10.00-da polis bölməsinə gəlməlidirlər. Polis bölməsindən isə gənclər məhkəmə qarşısına çıxarılacaqlar.

T.Abbaslı bildirdi ki, proses Nəsimi və Səbael rayon Məhkəmələrində həyata keçiriləcək. Gənclər İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, ötən il Milli Məclis "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib. Prezident həmin dəyişiklikləri təsdiqləyib və dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Yeni dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ilə bağlı cəzaları göstərir.

298.1. Yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantını təşkil etməyə və keçirməyə görə - fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

298.2. Yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.

Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Onu da qeyd edək ki, 12 yanvar mitinqində Tural Abbaslı, Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Turqut Qəmbər, Rəşad Həsənov, Müsavat Gənclər Təşkilatının üzvü Ayxan Hacıbəyli, AXCP üzvləri Babək Həsənov, Renat Nəcəfli, Təzəxan Mirələmli, Tural Həsənzadə, Səxavət Mehdiyev, Vüsal Bayramov, gənc fəallar Ramin Hacılı, Anar Gəraylı və digər bir neçə nəfər polis tərəfindən saxlanılmışdılar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov da bildirib ki, yəqin ki, aksiyada saxlanılmış şəxslər inzibati qaydada cəzalandırılacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti