Fariz Əkbərov: Azərbaycan: "güclü və müstəqil" dövlət

13-08-2014, 14:28
Oxunub: 2732
Azərbaycan: "güclü və müstəqil" dövlət


Xalq müəyyən bir ərazidə yaşayan insanlar toplusu deyil. Bir xalqı xalq edən onun dəyərləri və mədəniyyətidir. Bu gün sizə şablon sözlərdən istifadə edib, "Azərbaycan xalqı belə", "Azərbaycan xalqı elə" deməyəcəyəm. Çünki Azərbaycan xalqı deyə bir şey qalmayıb ortada. 
Bəli, vaxtı ilə xalqımız həqiqətən müdrik, elmli, böyük mədəniyyətə, dəyərlərə sahib olan bir toplum olub. Amma dediyim kimi, vaxtı ilə. İndi o müdriklikdən, o elmdən, o mədəniyyətdən və o dəyərdən demək olar heç nə qalmayıb. Düzdür, bu gün dövlətimiz iqtisadi və siyasi cəhətdən irəli gedir, amma xalq cəhalətə doğru sürüklənir. Bir necə əsrdir heç nəyi qoruya bilmirik, qorumağımıza imkan vermirlər, boş düşüncələrlə beynimizi doldururlar, bizə məxsus olan hər şeyi az qala əlimizdən alıblar ya da məhv ediblər.
Sizə bir sualım var:
Azərbaycan və ya Azərbaycan xalqı deyərkən ağlınıza ilk olaraq nə gəlir?
Neft? Bəli, biz neft ölkəsiyik, Lakin sizcə neft mədəniyyət və dəyərdir?
Söhbət iqtisadiyyatdan və siyasətdən getmir. Güclü olan dövlətlər hər biri özünə məxsus ideologiyaya sahibdirlər. Burada ideologiya bilirsiniz nə rolu oynayır? - Zəncir. Bir xalqa məxsus olan mədəniyyəti, dəyərləri bərk-bərk özünə sıxıb saxlayan zəncir. Bu bizdə yoxdur. Çünki ərəblər yürüşləri zamanı bizə məxsus ideologiyanı məhv ediblər. 6 əsrdir biz yeni bir ideologiya yarada bilmirik. Yaratsaq belə qoruya bilmirik. Çünki onu qorumağın yollarını, onu məhv edən "gücləri" görə bilmirik.
Babəkin ərəblərlə savaşı sizcə sadəcə torpaq savaşı idi? Xeyr, Babək sadəcə torpaqlarımız üçün döyüşmürdü, o həm də mədəniyyətimiz, dəyərlərimiz Azərbaycan xalqının ərəbləşib özünə məxsus olanları itirməməsi üçün döyüşürdü. O, bunları görə bilirdi, çünki həmin dövrdə ona gerçəkləri görməyə əngəl olan "güclər" yox idi. Bir millət olaraq, Azərbaycan xalqı bir neçə əsr bundan əvvəl formalaşıb. Dövlətlər qurmuşuq, şairlər, yazıçılar yetişdirmişik. Lakin son əsrlərdə çox böyük bir passivlik yarandı bizdə. İrəli doğru gedə bilmədik, gedə bilmirik. Səbəbi də odur ki, Azərbaycan xalqını xalq edən hər şeyi əlimizdən aldılar və almağa da davam edirlər. İndi də Azərbaycan gəncliyini məhv etməyə çalışırlar.
Ərəblər bizə İslamı 100 il müddətinə tam qəbul etdirə biliblər. Yəni 1 əsr. Biz 1 əsr boyunca savaşmışıq. Çünki gələcəyi görə bilirdik. Xalqımızı xalq edən dəyərlərin, mədəniyyətin itəcəyini görürdük. Bu gün tədris olunan tarix kitablarımız da həmin 1 əsrlik savaşı xalqın günahı, səhvi kimi göstərməyə çalışırlar.
Hamımız dövlətimizin müstəqilliyini hər fürsətdə vurğulayırıq. Amma bizim mədəniyyətimiz ərəb mədəniyyətidirsə, dəyərlərimiz rus dəyərləridirsə, düşüncələrimiz fars düşüncəsidirsə, müstəqil dövlətdə yaşayırıq deməyə haqqımız çatır? Məgər müstəqillik sadəcə hansısa bir dövlətin müstəmləkəliyindən çıxmaqdır? - Xeyr, müstəqillik sadəcə hansısa bir dövlətin müstəmləkəliyindən çıxmaq deyil! Həm də öz dəyərləri, öz mədəniyyəti ilə yaşamaqdır. Bunları geri almaqdır. İtirdiyi hər şeyi geri almaqdır. Sadəcə onda deyə bilərik, biz müstəqil dövlətdə yaşayırıq. Çünki gerçək müstəqillik budur. 
Mən İslam və ya digər dinlərin əleyhinə deyiləm. Sadəcə olaraq söyləmək istədiyim budur ki, ərəbləşməmək üçün dini milliləşdirə bilərdik, elə indidə milliləşdirə bilərik. Bilirəm Dini milliləşdirmək mövzusu bir çoxlarınızda təəccüb yaradacaq. Təəccüblənməli heç nə yoxdur. Bir vaxtlar mənfur düşmənimiz ermənilər Xristianlığı qəbul etməyə məcbur qalanda, dəyərlərini qorumaq üçün Xristian dinini milliləşdirib adını da "Qriqoryanlıq" qoydular. Bu yolla digər xristian xalqlarının içində assimilyasiya olmalarının qarşısını aldılar. Biz də həmçinin İslamı qəbul etdikdən sonra milliləşdirərək ərəb mədəniyyətinin təsirini minimuma endirə bilərdik. Xalqın ərəbləşməsinin qarşısını ala bilərdik. Bu gün o milliləşdirə bilməməyimizin nəticlərindən biridə odurki, bir xalq olaraq bir dinə 3 və ya daha artıq şəriət qanunlarıyla ibadət edirik. Buda bizi parçalayır. Birliyimizin qarşısını alır, birləşə bilmirik. Əgər milliləşdirə bilsəydik belə hallar olardı?
Əgər xatırlayırsınızsa bundan öncəki yazımda qeyd etmişdim ki, "Mən milliyyətçi bir insan deyiləm" Bəli həqiqətən mən milliyyətçi bir gənc deyiləm. Çünki milliyyətçilik xalq yox aristokratiyaya məxsus olan bir dəyərdir. Xalqa məxsus olduğu halda iyrənc bir hala düşür. Necə ki, indi milliyyətçilik deyəndə ağla ilk gələn dini, irqi, milli ayrı seçkilik olur. Xeyir bu milliyyətçilik deyil. Milliyyətçilik öz xalqının mənafeyini hər şeydən üstün tutmaqdır. Bu da əsasən siyasətçilərə lazım olan bir şeydir. Gerçək milliyyətçilik sadəcə güclü ideologiyanın olduğu yerdə olur. 
Sizə Qarabağ müharibəsindən danışmaq istəyirəm. Bir milyon Azərbaycanlını dədə-baba yurdundan on min erməni qovub. On min təsəvvür edə bilirsiniz? Elə düşünməyin bizi silah gücü ilə qorxudub qovublar. Xeyr, səbəbi həmin dövrdə olan aristokratlar yəni siyasətçilər arasında fikir ayrılıqlarının olması idi. Əksəriyyəti mandat savaşı edirdilər. Onları sadəcə özləri və ailələri düşündürürdü. Dövlət, millət maraqlı deyildi. Buda bilirsiniz nəyin nəticəsi idi? Onlarda Ideologiyanın, milliyyətçiliyin olmaması. 20% torpağımızı işğal olundu. Çünki başları mənfəətlərinə qarışdığı üçün düzgün qərarlar qəbul edə bilmədilər.
Sizcə ərəb ölkələri özündən qat-qat kiçik bir əraziyə, xalqa və iqtisadiyyata malik olan bir dövlətə, yəni İsrailə niyə baş qaldıra bilmir? Çünki İsrail dövləti Sionizm adında çox güclü bir ideologiyaya sahibdir və bu ideologiyanın nəticəsidir ki, İsrail həqiqətən çox güclü və qüdrətli dövlətdir. 
Məlum olan bir şey var Bizim xalqın yeni bir milli ideologiya ya ehtiyacı var. Əgər biz bu ideologiyanı yaradıb, özümüzə qəbul etdirə bilməsək, Bir necə əsr sonra Azərbaycan xalqı deyə bir şey qalmayacaq.
Hal-Hazırda Azərbaycanda Liberalizm və Kommunizm ideologiyasını yaymağa çalışanlar var. Amma bu ideologiyaların heç biri bizə məxsus deyil. Milli olmadığı üçün maraqlarımızın üst-üstə düşməsi mümkünsüzdür. Buna görə də, bizə xeyrindən çox zərər gətirəcəkləri şübhəsizdir. Bizə lazım olan milli ideologiyadır. Bu da Etatizmdir (Dövlətçilik).
Həmin ideologiya ki, "Vətəndaşına fikir subyekti kimi yox, dövlətin vətəndaşı kimi baxıb onun seçiminə hörmət ortaya qoysun. Azərbaycana bu lazımdır: Milləti sağçıya, solçuya, millətçiyə, liberala, dinçiyə bölmədən birliyimizi təmin etmək!" (Şəhriyar Məcidzadə).
Mən düşünürəm ki, bütün bunları yalnız bir ideologiya edə bilər, o da Etatizmdir!
Şərhlər : 1 Şərh yaz
Cavid Bayramov 14 avqust 2014 15:04  
MFM bu mövzuda seminar, müzakirə təşkil etsə yaxşı olar.Çox maraqlı mövzudur.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar