Türkiyəyə 20 mlrd sərmayə

12-01-2013, 22:12
Oxunub: 2705


Bu, 2003-cü ilə qədər (80 il ərzində) Türkiyə iqtisadiyyatına yatırılan xarici sərmayələrdən çoxdu
80 il ərzində - 1923-2003-cü illərdə Türkiyəyə cəlb edilən xarici sərmayənin həcmi 15 milyard dollar olduğu halda, Dövlət Neft Şirkəti (ARDNŞ) 10 il ərzində - 2008-2018-ci illərdə Türkiyə iqtisadiyyatına bundan daha çox, 20 milyard dollar sərmayə yatıracaq.

Bunu ARDNŞ-nin Türkiyə təmsilçisi Kənan Yavuz ZAMAN qəzetinə verdiyi açıqlamada bildirib. Kənan Yavuz ZAMANa verdiyi açıqlamada həmçinin bəyan edib ki, "Trans-Anadolu” boru kəmərinin (TANAP) tikinti xərcləri 3 milyard dollar artırılıb. K.Yavuzun sözlərinə görə, bunun səbəbi boru kəmərinin keçəcəyi ərazilərdə əvvəlcədən nəzərdə tutulmayan dəyişikliklərlə bağlıdır: "Əvvəlcə, TANAP-ın 7 milyard dollara başa gələcəyi hesablansa da, hazırda tikinti xərcləri 10 milyard dollara yüksəlib. Gec-tez neftin 1 bareli 200 dollara yüksələcək. Türkiyə bu həqiqətləri qəbul etməli və özünü buna hazırlamalıdır”. ARDNŞ-nin təmsilçisi bildirib ki, TANAP-ın tikintisi neçəyə başa gəlirsə gəlsin, bu layihəni həyata keçirmək lazımdır: "Bu layihə təkcə Türkiyənin daha ucuz və etibarlı təbii qazla təmin etməyəcək, eyni zamanda bölgənin sabitliyi üçün əhəmiyyətli rol oynayacaq”.

"Türkiyədə elektrik enerjisinin 45%-dən çoxu təbii qazdan istifadə olunaraq əldə olunur”, -deyən ARDNŞ təmsilçisi qeyd edib ki, Türkiyənin təbii qaza olan illik tələbatı 46 milyard kubmetr təşkil etsə də, elektrik enerjisi əldə etmək üçün əlavə olaraq, 20 milyard kubmetr qaz almağa məcbur olur: "Bu baxımdan TANAP ən uyğun çıxış yoludur. Türkiyə BOTAŞ və TPAO şirkətləri vasitəsilə TANAP-ın 20%-nə şərik olacaq və bu kəmərdən ən azı 6 milyard kubmetr təbii qaz ala biləcək. Əlbəttə, Türkiyə istəsə, bu həcmi artıra da bilər. Bizim təbii qaza ehtiyacımız var. Belə bir bazar olduğu halda, təbii qazı əlavə xərc çəkərək uzaq bazarlara göndərməyin heç bir mənası yoxdur. Türkiyə bu baxımdan ən doğru, ən yaxın və ən uyğun bazar hesab olunmalıdır”. ZAMANa verdiyi açıqlamada ARDNŞ təmsilçisi Türkiyənin Azərbaycandan satın aldığı təbii qazın qiymətinə də aydınlıq gətirib. K. Yavuz deyib ki, Türkiyə təbii qazın hər 1000 kubmetr üçün Azərbaycana 350 dollar ödəyir: "Bu qiymət digər mənbələrdən gələn qazla müqayisədə ən ucuzudur. Belə ki, Rusiyadan alınan hər 1000 kubmetri təbii qaza görə 400 dollar, İrandan alınan qaza görə isə 500 dollar ödənilir”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan təbii qazını Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq TANAP Bakı-Tbilisi-Ərzurum boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi "Şahsdəniz-II” layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb.

 

Xezerxeber 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti