Avropa Azərbaycan sərhədlərinə yaxınlaşır - Video

27-06-2014, 14:31
Oxunub: 1342


Bu gün Brüsseldə Avropa İttifaqının fövqəladə sammitində Ukrayna, Gürcüstan və Moldova bu ittifaqla Assosiasiya sazişini imzalayıb.

Gürcüstanı sammitdə baş nazir İrakli Qaribaşvili təmsil edib.

Tiflisdə ölkənin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamasını təntənəli konsert və atəşfəşanlıqla qeyd edirlər. Gürcüstan ümid edir ki, bu saziş ölkəyə ən böyük, stabil və alcılıq qabiliyyəti ilə fərqlənən bazara tariflərsiz və kvotasız sərbəst çıxış imkanı verəcək.

Moldova tərəfindən isə sazişi imzalamaq üçün baş nazir Yuri Lyanke Brüsselə gedib. Şərq hissəsində müharibə gedən Ukraynanı isə prezident Pyotr Poroşenko təmsil edib.

Poroşenko Ukrayna ilə Aİ arasında Assosiasiya sazişinin iqtisadi bloka aid sənədlərinə imza atıb. Hələlik sazişin siyasi hissəsi razılaşdırılmayıb. Assosiasiya sazişi Aİ ilə bu ölkələr arasında azad ticarəti nəzərdə tutur.

Avropa Azərbaycan sərhədlərinə yaxınlaşır - Video

Assosiasiya sazişi Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələrə, o cümlədən Azərbaycana təklif edilmişdi.

Azərbaycan əvvəlcədən bu sazişdən imtina etdi və Aİ ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərində maraqlı olduğunu bildirib. Ukraynanın keçmiş hakimiyyəti Assosiasiya sazişini paraflamağa yaxın olduğu bir vaxtda qərarını dəyişdirdi və Avropaya inteqrasiya prosesini təxirə salmaq barədə qərar verib.

Bu qəar ölkədə güctiraz aksiyalarının başlamasına səbəb oldu və aylarla davam edən Maydan hərəkatı qanlı toqquşmalara, prezident Yanukoviçin devrilməsinə, daha sonra Rusiya tərəfindən Krımın ilhaqına və Ukraynanın şərqində silahlı separatçı hərəkatın baş qaldırmasına səbəb olub.

Ukraynanın yeni hakimiyyəti bütün bunlara baxmayaraq Aİ ilə Assosiasiya sazişini imzalamağa qərar verib.

Qərbyönümlü siyasi kursuna görə cəzalandırılan, Cənubi Osetiya və Abxaziya bölgələrinin faktiki olaraq Rusiyanın nəzarətinə keçməsi ilə nəticələnən 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan da bu yoldan dönmədi. Bu dəfə Rusiya Gürcüstanın Aİ ilə Assosiasiya sazişi imzalamasına ciddi maneçilik törətmədi.

Moldova isə Avropaya inteqrasiya kursuna görə separatçı Dnestryanı bölgənin Rusiyaya birləşməsi riski və Qaqauz muxtar bölgəsində də Rusiyaya birləşmək çağırışlarının artması ilə üzləşib. Şərq Tərəfdaşlığına qoşularaq Avropa ilə azad ticarət zonasına daxil olmağa qərar verən ölkələrin faktiki olaraq hamısı bunun əvəzini ərazilərinin bir hissəsinin itirilməsi ilə ödəməli olublar./Virtualaz.org

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti