Lukaşenkodan gözlənilməz təklif...

6-06-2014, 13:12
Oxunub: 8229


Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın gələcəkdə Avrasiya İttifaqının hərbi qurumuna çevriləcəyini gözləyir.

Belarus prezidenti iyunun 5-də deyib ki, qarşıda Avrasiya İqtisadi İttifaqını ciddi inteqrasiya gözləyir: "Qarşıda bizi bu ittifaq çərçivəsində siyasi və hərbi inteqrasiya gözləyir”.

Lukaşenkonun sözlərinə görə, bir halda ki, Avrasiya İttifaqının əsasında iqtisadiyyat durur, o zaman bu iqtisadi maraqların müdafiəsi də təşkil olunmalıdır: "Fikrimcə, biz tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya İttifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq”. 

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Rusiyanın təşəbbüsü ilə imzalanıb. Müqaviləni Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalayıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişə imza atıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb. 2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb. 

Avrasiya İqtisadi İttifaqı isə 2014-cü il mayın 29-da Rusiyanın təşəbbüsü ilə yaradılıb. Həmin gün Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus bu ittifaqı təsis ediblər. Bu il daha iki dövlətin - Ermənistan və Qırğızıstanın da Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənilir./modern.az
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti