Buğda istehsalı artıb

7-01-2013, 12:08
Oxunub: 1229


Pambıq və şəkər çuğunduru becərməyə isə maraq kəskin azalıb
Kənd Təsərrüfatı Nazirliyi 2012-ci ildə bitkiçilik məhsullarının istehsalı haqqında məlumat yayıb.

Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə Azərbaycanda 2 milyon 802 min 256 ton dənli və dənli paxlalı (qarğıdalını daxil etməklə) məhsul yığılıb.

Bu, 2011-ci illə müqayisədə 14 faiz, yəni 343 min 820 ton çoxdur. Sahələrdən yığılan və dənli paxlalı məhsulun 1 milyon 847 min 414 tonu buğdadır. Bu, 2011-ci illə müqayisədə 206 min 386 ton, yaxud 12,6 faiz çoxdur.

Buğdadan fərqli olaraq pambıq və şəkər çuğunduru istehsalında isə kəskin azalma müşahidə olunub. Bu, məhsuldarlığın aşağı düşməsi ilə yox, pambıq və şəkər çuğunduru becərilən sahələrin azalması ilə bağlıdır. Əgər 2011-ci ildə 42 min 829 hektar sahədə pambıq əkilib, hər hektardan orta hesabla 15,5 sentner olmaqla 66 min 406 ton məhsul yığılıbsa, 2012-ci ildə 29 min 217 hektar sahədə pambıq əkilib, hər hektardan orta hesabla 19,5 sentner olmaqla 56 min 837 ton məhsul yığılıb. Şəkər çuğunduruna gəlincə, 2011-ci ildə 7 min 301 hektardan 254 min 621 ton, 2012-ci ildə isə 3 min 600 hektar sahədən 121 min 399 ton məhsul yığılıb. Yəni iki dəfədən də çox azalma var.

Azərbaycanda ənənəvi sahələrdən üzümçülükdə isə müsbət meyl müşahidə olunur. Əgər 2011-ci ildə sahələrdən 137 min 38 ton üzüm yığılıbsa, 2012-ci ildə bu göstərici 150 min 145 tona çatıb. Yaşıl çay yarpağı yığımında da artım var. 2011-ci ildə 534,1 ton, 2012-ci ildə isə 567,9 ton yaşıl çay yarpağı yığılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti