"Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam icra olunmur"

14-01-2014, 16:01
Oxunub: 996


"Prezident Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam versə də, onun icrası ilə bağlı hansısa tədbir görülmür. Konkret tədbir planı hələ hazırlanmayıb. Bu haqda heç bir məlumat yoxdur”.

Etatist.com
xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında tarixçi alim, M.Ə.Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu bildirib: 

"Hansı işləri hazırlayıblar, nə edirlər, bilmirəm. Nə mənim, nə də Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin bundan xəbəri var. Vaxta da az qalır. Bunu ictimailəşdirmək lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin ən azı mətbuat katibi Zöhrə Əliyeva açıqlama versin görək, nazirlik Rəsulzadənin yubileyi ilə bağlı hansı işləri görür".

N.Yaqublunun sözlərinə görə, Rusiyadakı diaspor təşkilatları M.Ə. Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Moskvada yanvarın 31-də tədbir keçirəcək. Tədbir Şəmsi Əsədullayevin tikdirdiyi tarixi binada təntənəli şəkildə qeyd olunacaq: "Vaxtilə 1917-ci ilin may ayında Rəsulzadənin orda iştirak etdiyi Rusiya Müsəlmanlarının I qurultayı keçirildiyi binadır”.

Tarixçi alim bildirib ki, onun hazırladığı "Rəsulzadə Ensiklopediyası”nın təqdimat mərasimi olacaq: "Tədbirdə iştirak edən qonaqlara həmin ensiklopediya paylanacaq. Rusiyada olan bütün diaspor təşkilatları orada iştirak edəcək. Rəis Rəsulzadə və mən həmin tədbirə dəvətliyik. Həmin tədbirdə mütləq iştirak edəcəyik”.

N.Yaqublu əlavə edib ki, bir çox partiyalar 130 illik yubileylə bağlı tədbirlər keçirəcək: "Müsavat Partiyası da tədbirlər hazırlayır. Gənclər təşkilatı ayın 18-də tədbir keçirəcək. Amma rəsmi qaydada heç bir iş getmir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti