"Heydər Əliyev Əli İnsanovu anamın yanına göndərmişdi"

21-12-2013, 11:35
Oxunub: 8088


Yaşlı və orta nəsil Azərbaycanın haqq səsini dünyaya car çəkənlərdən biri, "Azadlıq” radiosunun Azərbaycan bölməsinin mərhum müxbiri Elmira Əmrahqızını yaxşı xatırlayırlar. İki aydan sonra onun vəfatının 16 ili tamam olacaq. 90-cı ilin qara yanvarında, Xocalı faciəsində, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcərin işğalında və bir çox ağır məqamlarda Elmira Əmrahqızı milyonların bələdçisi oldu.

Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev modern.az saytına müsahibəsində anası ilə bağlı xatirələrini bölüşüb.

 

 

Etatist.com maraq doğuracağını nəzərə alaraq həmin müsahibəni öz oxucularına da təqdim edir: 

- Abdulla müəllim, Elmira Əmrahqızının qələm dostlarından sizinləəlaqə saxlayan varmı? 

- Anam rəhmətə gedəndən sonra bizimlə çox jurnalistlər əlaqə saxlayırdı. Millət vəkili, həm də tanınmış jurnalist Elmira Axundova isə bizimlə daim maraqlanır və demək olar ki, mütəmadi olaraq da əlaqəsi var. Bizə öz övladları kimi baxır. 

- Deyəsən siz iki qardaşsınız… 

- Bəli, iki qardaşıq. Mən hərbçiyəm, kapitan rütbəli zabitəm, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət edirəm, qardaşım isə Türkiyənin Ankara Universitetində tibb sahəsi üzrə təhsil alır.

- Ananızın cəmiyyətdəki mövqeyi sizin gələcək həyatınıza necə təsir etdi? 

- Mən deyərdim ki, anamın o dövrdəki ictimai-siyasi proseslərdə özünəməxsus rolu var idi. Və dövlət qarşısnda da göstərdiyi xidmətləri ilə özünəməxsusluğu qoruyub. Bu gün də bir çox insanlar onu unutmayıblar və onun göstərdiyi xidmətə də qiymət verirlər.

Elmira Axundova həm həmkarı, həm də rəfiqəsi kimi daim bizi diqqət mərkəzində saxlayıb. Anam rəhmətə gedəndən sonra müyyən bir vaxt mən işsiz qaldım. Atam işləmirdi. Hətta atamın vəfatından sonra da biz müyyən çətinliklər çəkdik. O dövrdə də Elmira xanımın vasitəsilə bizim problemlər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya çatdırıldı ki, bəs bu ailə başsız qalıb. Ailədə iki uşaq, vəziyyətləri çətindir. Həmin vaxt mənim tələbəçilik dövrümə təsadüf edirdi. O vaxtdan bu yana da Mehriban xanım bizə dəstəyini göstərir. Biz bütün bunlara görə Mehriban Əliyevaya minnətdarıq. Eyni zamanda, bizim məsələmizi Elmira xanım müdafiə nazirinə də çatdırmışdı. Nəticə etibarə ilə mənə yüksək etimad göstərildi və mən Müdafiə Nazirliyinə dəvət olundum.

Təbii ki, bunlar bizə görə edilən bir şey deyildi, bu, anamın göstərdiyi xidmətə və fəaliyyəinə verilən qiymətin göstəricisidir.

Eyni zamanda qeyd etmək istərdim ki, anam mərhum prezident Heydər Əliyevin göstərişi ilə 2 saylı Fəxri Xiyabanda dəfn olunub. Bu da, onun fəaliyyətinə göstərilən yüksək qiymətin bariz münuməsidir. 

- Jurnalistka elə bir peşədir ki, ailəyə vaxt ayırmaq çətin olur. Siz o dövrü necə xatırlayırsınız? Ananız sizə yetərincə diqqət ayıra bilirdimi? 

- Çox düz vurğuladınız. Biz demək olar ki, anamızı çox az-az görürdük. Həm atam, həm də anam işdən gecə qayıdırdılar. Atam da çox vaxt anamın yanında olurdu. Anam dəfələrlə cəbhə bölgələrində, qaçqın düşərgələrində olub. Elə vaxtlar olub ki, anam hətta ad gününü qaçqın uşaqları ilə bir yerdə olub, bizimlə yox. Anam analıq sevgisini tək bizimlə deyil, həm də qaçqın və məcburi köçkün uşaqları ilə bölüşüb. Bir ana olaraq təbii ki, bizə öz qayğısını göstərməyə çalışırdı. Çalışırdı ki, biz də diqqətsiz və qayğısız böyüməyək. Anamın jurnalistlik fəaliyyəti çox ağır bir zamana təsadüf edib. Amma biz anamızı vaxtından tez itirdik. Onda mənim 18 yaşım var idi. O vaxtdan bu yana mən ana kəlməsini dilimə gətirməyə çətinlik çəkirəm. Bu, əvəzolunmaz bir itkidir. 

- Elmira xanım, həm də çox qürurlu bir insan olub... Bəlkə bu, ona Ağstafada "Geroy Əmrah” kimi tanınan atasından keçib? 

 - Mən də hesab edirəm ki, bu genetik olaraq keçən bir xüsusiyyətdir. Onun xasiyyəti də bunu deməyə əsas verirdi. Hətta cəbhə bölgəsində bir çox maraqlı hadisələr olub. Anamın üstünə silah çəkiblər. Atəş də açılıb, təsadüf nəticəsində anam sağ qalıb. Füzuli rayonunda olmuş bir hadisədir. Anama deyiləndə ki, "səni indi gülləyəcəm”, anam cavab verib ki, "kişisənsə gülləllə”. Anam belə olub, qürurlu qədər də qorxmaz olub. Amma orda çox təhlükəli vəziyyət idi. Ora bir qrup jurnalist getmişdi. Onları orada çox asan şəkildə öldürə bilərdilər və heç kimin də bundan xəbəri olmazdı. Amma bütün bunlara baxmayaraq, anam öz sözündən dönmürdü və lazım olan yerdə də sözünü deyirdi. Hətta keçirilən mətbuat konfranslarında, səfərlər zamanı xarici ölkələrin yüksək vəzifəli şəxslərinə də iti sualların verilməsindən çəkinmirdi. Anam çox mərd və cəsarətli bir qadın olub. O, öz problemlərinə görə heç vaxt heç kimə müraciət etməyib. Amma yeri gələndə bir çox insanların problemlərini həll etməyə həmişə hazır idi. Anam o qədər sadəlövh bir insan olub ki, hansısa problemindən dolayı müracət edən insana inanırdı. 

- Yeri gəlmişkən, ananızın atasına Sovet İttifaqı Qəhrəmanı adı verilməliymiş, ancaq bu, baş tutmayıb. Ananız bu barədə nə danışırdı? 

- Babam 416-cı Taqanroq diviziyasında döyüşüb. Almanlar onu "Qara pələng” adlandırırmış. Anam həmişə deyirdi ki, Heydər Əliyev də ötən əsrin 70- ci illərində bu məslənin həll edilməsi uğurunda çox çalışdı. Anam da bununla bağlı çox çalışdı. Amma əfsuslar olsun ki, o məsələ elə açıq qaldı. Bir çox problemlər ortaya çıxdı. Babamın sənədləri ya qəsdən itirilimişdi, ya da yandırılmışdı. Babamın şəxsi işini hərbi muzeyə təhvil vermişik. Onun şəxsi işində hətta Zaqafqaziya dairəsinin komandanı marşal Tolbuxinin babama Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı yuxarı komandanlığa təqdimatları var. Amma SSRİ-nin Müdafiə Nazirliyi buna qarşı olub. Hətta Taqanroq şəhərinin müvafiq icra orqanların da bu məsələ ilə əlaqədar müraciətləri var. SSRİ dövründə ermənipərəst qüvvələr Azərbaycandan Sovet İttifaqı Qəhrəmanlarının sayının az olmasına çalışırdılar. Babam da bu haqsız siyasətin qurbanlarının birinə çevirilmişdir.

- Elmira xanım Heydər Əliyevlə tanışlığı barədə sizə nələri danışırdı? 

- Bu tanışlıq keçən əsrin 80-ci illərin sonlarından başlanır. O vaxt "Kosmos uşaqlar üçün” adlı bir layihə var idi. Anam da bu layihəyə cəlb olunur və kosmosa getmək istəyir. O, Moskvaya gedir, hətta bəzi tibbi sınaqlardan keçir. Amma sonra kosmosa yapon jurnalisti göndərilir. Anam da o ərəfədə Moskvada olanda çox çalışıb ki, Heydər Əliyevlə görüşsün. Amma alınmayıb. Heydər Əliyev vəzifədən gedəndən sonra ona mətbuatda basqılar başlayıb. Bundan sonra anam təcili olaraq onunla görüşmək istəyir. Məqsədi Heydər Əliyevdən müsahibə almaq və bir növ onun müdafiəsinə qalxmaq olub. Moskvada olanda anam təsadüfən bir qadınla görüşür və çalışır ki, onun vasitəsilə Heydər Əliyevlə əlaqə yarada bilsin. Tamamilə başqa bir insanın tanışlığı ilə anam Lalə Şövkət Hacıyevanın yanına gəlib çıxır. Lalə xanıma məqsədini danışır. Lalə xanım əlindən gələn köməyi göstərəcəyini deyir. Beləliklə, anam Heydər Əliyevlə görüşə bilir. Anam deyir ki, Heydər Əliyev onu xeyli sorğu-sual edib. Anamdan haradan, kimlərdən olduğunu soruşub. Sən demə babamla, atamın atası ilə onun tanışlıqları da olub. Babam əməkdar həkim olduğuna görə Naxçıvanda hamı onu tanıyırdı. Bundan əvvəl qeyd etiyim kimi, anamın atası Əmrah babamı da tanıyırdı.

Anamı hərətərəfli sorğu-sual edəndən sonra müsahibə verməyə razılaşır. Demək olar ki, dörd kaset bu müsahibəyə həsr olunur. O müsahibə "Azadlıq” radiosunda hər dəfə 10-15 dəqiqə olmaqla efirə verilib. Amma bundan əlavə olaraq sonra atam da, anam da bu müsahibəni qəzetlərdə də dərc etdirdilər. İmkanları daxilində kasetləri çoxaldıb əhali arasında da payladılar. 

- Məlumatlara görə, Heydər Əliyevin bir jurnalist kimi Elmira xanıma simpatiyası olub. 

- Bəli, o vaxtlar hətta az sayda jurnalistin prezidentlə Amerikaya, Avropa və Asiya dövlətlərinə səfərləri olmuşdu. Onların içində anam da var idi. Bu onun peşəkralığına və obyektivliyinə yüksək səviyyədə verilən qiymət idi. 

- Elmira xanım xəstə olanda yüksək vəzifədə olan insanlarla dostluq əlaqələri olsa belə, heç kimdən kömək istəməmişdi. Baxmayaraq ki, bu məsələ ilə bağlı Heydər Əliyev Əli İnsanova tapşırıq veribmiş. 

- Həmin vaxtlar Əli İnsanov bizim evimizə qədər gəlib çıxmışdı. Nazir özü şəxsən anamın səhhəti ilə çox maraqlanırdı və diqqət mərkəzində saxlayırdı. Xaricdə müalicə olunmaq belə, anama təklif olundu, amma o qəbul etmədi. İmtina etməsinin səbəbi onun qüruru ilə bağlı idi. Bir də sağalacağına ümid etmirdi. 

- Bu gün Elmira xanımın övladaları niyə onun yolunu davam etdirmir? 

- Mən 5 il "Azadlıq” radiosunda jurnalist kimi işlədim. Amma qardaşım əvvəldən elə həkim olmaq istədiyini bildirmişdi. Mən jurnalist fəaliyyətimi davam etdirməyi çox istədim. Sadəcə olaraq, tale elə gətirdi ki, hərbçi oldum. Bu gün də içimdə yaradıcılığa meyl hiss edirəm. İmkanım olsaydı, bəlkə də jurnalistika ilə məşğul olardım. Bəlkə də Silahlı Qüvvələrdən tərxis olunandan sonra yenə jurnalistika sahəsinə qayıdacam. 

- Ananız ideyaları olan bir jurnalist idi. Bunu necə xatırlayırsınız? 

- Anam çox vətənpərvər bir insan idi. Xalqına, millətinə dəyər verirdi. Bayramlarda ailəsini belə,  düşünmürdü. Yeni ili qaçqın şəhərciyində uşaqlarla birlikdə qeyd edirdi. O ana sevgisini də o uşaqlara verirdi. Bunun hamısının kökündə vətənə, millətinə sevgi dayanır. Biz uşaq olduğumuz üçün bunları başa düşmürdük. Amma böyüdükcə artıq bu məsələləri dərk etməyə başladım. O zaman uşaq idim və anamla bağlı bir çox şeyləri tam olaraq xatırlaya bilmirəm. Anam haqqında məlumatları indi daha çox mətbuat vasitəsilə əldə edirəm. Dostlar, tanışlar mənə anam haqqında hər zaman danışırlar. 

- Ananız haqqında kitab hazırlamaq, ya da onun adının əbədiləşdirilməsi kimi fikriniz varmı? 

- İmkanım olsa, anam haqqında kitab hazırlamaq istərdim. 

- Ananızın adına bir fond yaradılması, ya bir mükafat verilməsi üçün hansısa bir məsələ qaldırmısınızmı? 

- Belə bir məsələni heç vaxt etməmişik. O vaxt mətbuatda belə fikirlər səsləndi. Amma bu sadəcə bir fikir olaraq söyləndi. Evimizin yanında anamın adına bir park da olmalı idi. Hətta hasarlarına qədər çox işlər görülmüşdü orada. Amma sonradan həmin yerdə bir restoran tikildi və bununla da bu məsələ qapandı. Bu təxminən 1998-ci ilin ortalarına təsadüf edirdi. 

- Ananızın çap olunmamış yazısı varmı? 

- Anamın evdə əlyazmaları durur. Amma bilmirəm ki, onlardan çap olunmayanı var, ya yox... Mən onları arxivə verməyi düşünürəm.

- Jurnalistka elə bir peşədir ki, burda mənbələrlə işləmək bir az çətindir. Amma ananız ciddi mənbələrlə çox asanlıqla əlaqə yarada bilirdi. Hətta onlar özləri ananızla ünsiyyət saxlayırdılar. Bunun səbəbi sizcə nə ilə bağlı idi? 

- Bu, həm anamın bir jurnalist kimi qabiliyyətli olmasından, həm də etibarından irəli gəlirdi. Anam bu etibarı öz professionallığı ilə qazanmışdı. Təbii ki, jurnalistə etibar etməsən onunla ünsiyyət qurmaq istəməzsən. 

- Elmira xanımın "20 Yanvar” hadisələri ilə bağlı reportajı bütün dünyaya yayıldı. Bu reportaj vasitəsilə bütün dünyaya demək olar ki, bizim səsimiz çatdırıldı. Bu barədə sonralar özü nə deyirdi? 

- Bu anamın içindən gələn bir şey idi. Dövlətimiz informasiya blokadasında olan bir dövrdə anam nəinki ölkədə, hətta xaricdə də xalqımıza qarşı haqsızlıq edən mənfulara qarşı təbii ki, susa bilməzdi. "Azadlıq” radiosu o zaman anam üçün bir vasitə oldu ki, o öz xalqının səsini bütün dünyaya çatdırsın. 

- Elmira xanımın yüksək vəzifəli şəxslərlə münasibətini hər kəs bilirdi, hətta elə bir vəziyyət idi ki, o bir zəngi ilə bir çoxlarının bacara bilməyəcəyi işi həll edirdi. Siz o vaxtlar uşaq idiniz, heç olmasa qohumlar bundan yararlana bildimi? 

- Anam bir çox qohumlara kömək edib. Amma öz ailəsi üçün heç nə etməyib. O öz imicini də çox qoruyurdu. 1993-cü ildə Heydər Əliyevin və Lalə Şövkətin təklifi ilə atamı Prezident Aparatında işə dəvət ediblər. Amma anam buna etiraz edib. İstəməyib ki, atam getsin orda işləsin. O hardasa müstəqilliyini itirəcəyindən çəkinirdi. Asılı olacağını və peşəkarlığını itirməkdən qorxurdu. Atam naxçıvanlı idi, ona görə də bir müddət işlədiyi yerdə hardan olduğunu gizlətməyə çalışırdı. Amma bütün bu hadisələrdən sonra anam olduğu kimi də qaldı. Onu hər kəs müstəqil bir jurnalist kimi qəbul edirdi. 

- Neçə övladınız var? 

- İki övladım var. Bir qız , bir oğlan. Anamın adını yaşatmaq üçün qızıma onun adını vermişəm. Düşünürəm ki, gələcəkdə bəlkə onda da jurnalistikaya bir maraq oldu. Anamın davamçısı oldu. 

- Qeyd etdiniz ki, 5 il jurnalist fəaliyyəti ilə məşğul olmusunuz. Bu, elə də az vaxt deyil. Elmira xanımın məşğul olduğu o vaxtki jurnalistka ilə indiki arasında sizcə hansı fərqlər var? 

- Mən deyərdim ki, o dövrün öz xüsusiyyətləri var idi. O dövrdə jurnalist fəaliyyətinə təlatümlü proseslər, bir-birini əvəzləyən gözlənilməz hadisələr, təhlükələrlər, ekstremal şərait kimi faktorlar təsir edirdi. İnformasiyanın çatdırılmasında problemlər olurdu. Maddi-texniki baza zəif idi, maliyə sıxıntıları mövcud idi. İndiki dövrdə bu sahədə stabillik var, operativlik və çeviklik artıb. KİV-lər tərəfindən informasiyanın auditoriyaya çatdırılması asanlaşıb. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı çox irəliyə gedib. KİV-lərin internetə çıxışı var. Eyni zamanda, Azərbaycanda KİV-lərin sayı artıb, senzura ləğv edilib və Azərbaycan artıq öz informasiya məkanını qorumaq və müdafiə etmək kimi qabiliyyət əldə edib. Bu isə informasiya-psixoloji müharibədə mühüm amillərdən biri sayılır. Bu gün KİV-lərin inkişafına dövlət də öz dəstəyini göstərir. Anam özü də deyirdi ki, "biz sovet jurnalistkası məktəbinin nəzəriyyəsini götürmüş jurnalistlərik”. O vaxtın jurnalistikası meydanlarda, cəbhə bölgəsində, qaçqın düşərgələrində formalaşan bir jurnalistka olub. Burada tək anamın adını deyə bilmərəm. Onun qələm yoldaşlarından Elmira Axundova, Aynur Bəşirli, Zərxanım Əhmədli, Tapdıq Fərhadoğlunun adlarını çəkə bilərəm. 

- Ananız nə vaxtsa öz peşəsindən yorulduğunu deyirdi? 

- Heç zaman belə bir şeyi müşahidə etmədik. O hətta deyirdi ki, yenidən dünyaya gəlsə, yenə də bu sahəni seçər. Baxmayaqraq ki, bu peşədə o həqiqətən də çox əziyyətlər çəkmişdi. O öz peşəsini çox sevirdi, sənətinin vurğunu idi. 

- Elmira xanımın yadigarlarının vəziyyətinin necə olması hamı üçün maraqlıdır. Ailənin böyüyüsünüz, qardaşınızın gələcək həyatı ilə bağlı nələri düşünürsünüz? 

- O hələ ki, təhsil alır. Gələcəkdə hansı yolu seçəcəksə, mən də ona dəstək olacam. Bura da qayıda bilər, Türkiyədə də qalıb işləyə bilər. Bu, artıq onun öz seçimidir. 

- Qazaxla, Ağstafa ilə, ananızın qohum-əqrabası ilə əlaqələrinzi varmı? 

- Orada bir dayım qalıb. Onunla da imkan daxilində əlaqə saxlamağa çalışırıq.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti