Nigar Yaqublunun məhkəməsi başlayıb

5-12-2012, 14:58
Oxunub: 1411


Dekabrın 5-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, avtomobil qəzasına uğrayan Nigar Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesini izləyən reportyorumuz Fərahim İlqaroğlunun "musavat.com”-a verdiyi məlumata görə, ötən məhkəmədə olduğu kimi bu prosesə də ictimaiyyətin marağı həddindən çoxdur: "Məhkəmə iclası hakim İlham Kərimlinin sədrliyi ilə keçirilir. Bu məhkəmədə də, Nigar Yaqublunun müdafiə tərəfi tanınmış vəkillər Adil İsmayılov, Elton Quliyev və Nemət Kərimlidir. Məhkəmə prosesində eyni zamanda xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, hüquq müdafiəçiləri və Nigar Yaqublunun yaxınları iştirak edir. Məhkəmə zalına girməzdən əvvəl Nigar Yaqublunun vəkilləri "musavat.com”-a açıqlamalarında bildirdilər ki, bu dəfə ki prosesdə də Nigar Yaqublunun üzərindən həbs qəti imkan tədbirini götürməyə çalışacaqlar”.

Reportyorumuz xəbər verir ki, jurnalistlər məhkəmə zalına buraxılmayıblar və əksəriyyəti bayırda gözləyib.

"Mediaforum" əməkdaşının verdiyi xəbərə görə, məhkəmədə şahid ifadələrinin dinlənilməsinə başlanıb. Şahid Vəliyulla Səfərəliyev ilkin ifadəsinə zidd danışıb. İstintaqa ifadəsində şahid bildirib ki, sükan arxasında Nigar oturmuşdu. Məhkəməyə ifadəsində isə şahid deyib ki, maşında ancaq bir kişi vardı.

Digər şahid, polis əməkdaşı Xançan Rəhimov qəza hadisəsini görmədiyini, amma maşının sürücü yerindən Nigarın düşdüyünü deyib.

İttiham tərəfinin digər şahidi Anar Abdullayev sürücünü görmədiyini, ancaq orada qadının olduğunu eşitdiyini deyib: "Nigar özü də bunu dedi”. Vəkil Adil İsmayılovun "Nigar istəsəydi, hadisə yerindən qaça bilərdimi” sualına şahid "Qaça bilərdi” deyə cavab verib. O qeyd edib ki, həmin hadisə yerinə gələndən sonra maşının sənədlərini və Nigarın şəxsiyyət vəsiqəsini özü ilə götürüb.

Polis əməkdaşı olan Anar Abdullayev hadisə yerinə gəldiyini vurğulayıb, ərazidəki videokameranın işlək vəziyyətdə olduğunu, ancaq qəza görüntülərinin ona göstərilmədiyini əlavə edib.

Şahid, polis əməkdaşı Emin Axundov deyib ki, avtomobilin sağ oturacağında bir kişi görüb. Emin Axundov bildirib ki, qəza barədə ona məlumat verən şəxsin idarə etdiyi avomobilin markasını və nömrəsini xatırlamır.

Vəkillər vəsadət qaldırıb. Məhkəmə prosesində fasilə elan edilib.

Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi "KamAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

Yeni Müsavat

Şərhlər : 1 Şərh yaz
mmatkap 6 dekabr 2012 14:56  
Bu hakimiyet ibneliyinnen el chekmeyecek hech vaxt... Allahdan arzum odur ki, Nigarin valideyinlerinin chekdiyini Ilham Eliyev ve Mehriban Eliyevada cheksin...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti