Baş redaktorlar MTN`ə müraciət edib

18-12-2012, 10:53
Oxunub: 1103


Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik cənab Eldar Mahmudova

Hörmətli cənab nazir!
Son dövrlərdə ölkəmizin bir sıra aparıcı elektron kütləvi informasiya vasitələrinə qarşı, xüsusilə "Yeni Müsavat” qəzetinin internet səhifəsinə (musavat.com) və "Qafqazinfo” (qafqazinfo.az) saytına qarşı kiber hücumlar edilir. Bu hücumlar bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə, ölkə daxilindən törədilir. Kiberterrorçular adı çəkilən mətbuat orqanlarında gedən informasiyaların internet vasitəsilə yayılmasına ciddi fəsad törədir və onların internet səhifələrinin fəaliyyətini yararsız hala salırlar. Bütün bunlar hər iki media orqanının geniş oxucu kütləsinə çatdırılmasına böyük zərbə vurur. Bu isə həm "Yeni Müsavat”ın , həm də "Qafqazinfo.az”ın internet səhifəsinin ciddi maddi zərərə məruz qalmasına səbəb olub.

Hörmətli Eldar müəllim!
"Yeni Müsavat” və "Qafqazinfo” saytlarına edilən kiber hücumlar şübhəsiz, ölkəmizin informasiya təhlükəsizliyinin necə böyük bir təhdid altında olduğunu göstərir. Xatırlatmaq istərdik ki, hər iki mətbuat orqanının internet səhifəsi gündəlik üst-üstə 150 min ziyarətçisi ilə Qafqazın ən çox oxunan informasiya portallarıdır.
Bu hərəkətlər təkcə iki xəbər saytının fəaliyyətinə, nüfuzuna, reklam siyasətinə qarşı yönəlməyib, eyni zamanda ölkədəki informasiya təhlükəsizliyinə zidd kibercinayətkarlıq aktlarıdır. Bu, eyni zamanda ölkənin beynəlxalq nüfuzuna zərbədir.

Bu səbəbdən Sizdən həmin hücumların mənbələrinin tapılması və qəzetimizin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstəriş vermənizi xahiş edirik.

Hörmətlə,
Musavat.com-un təsisçisi və baş redaktoru: Rauf Arifoğlu
Qafqazinfo.az saytının təsisçisi və baş direktoru: Elburus Ərud 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti