Nigar Yaqublu məhkəmədə ifadə verdi

17-12-2012, 14:52
Oxunub: 1679


Dekabr ayının 17-də saat 11:30-da hakim İlham Kərimli sədrliyi ilə Abşeron Rayon Məhkəməsində müsavatçı gənclər təşkilatının sədr müavini, Nigar Yaqublunun növbəti məhkəmə prosesi başlayıb.
Məhkəmə zalından etatist.com-a verilən məlumata görə bu gün keçirilən prosesdə Nigar Yaqublu ifadə verib. N. Yaqublu öz ifadəsində Aydın Acalovun ölümündə özünü təqsirli bildiyini deyib: "Həmin gün maşını mən sürməsəydim bu hadisə baş verməzdi. Buna görə çox peşmanam. Mən sürücülük kursuna getmişəm və avtomobili idarə edə bilirəm. Heç vaxt maşını sürətlə sürməmişəm. Hadisə baş verən zaman isə qarşıma "VAZ 2107” markalı avtomobil çıxdı və mən idarəetməni itirdim. Bundan sonra nə baş verdiyindən xəbərim olmadı. Qəzadan sonra avtomobildən düşüb Aydın Acalovun nəbzini yoxaldım. Həyəcanlı olduğum üçün nə olduğunu aydınlaşdıra bilmədim, qışqırıb ətrafdakılardan kömək istədim. Amma adamlar yaxınlaşmadılar, həkimin gəlməsini gözlədilər”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, bir neçə gün sonra müstəntiq saçından nümunə götürmək onu çağırıb: "Həmin gün idarədən çıxmağa imkan vermədi, axşam məhkəmə olmalı idi. Amma həmin gün məhkəmə təxirə salındı. Bir neçə gün sonra məhkəmə oldu və barəmdə həbs-qətimkan tədbiri seçildi”.
Daha sonra N. Yaqublu dövlət ittihamçısı, hakim və vəkillərin suallarını cavablandırıb.
Məhkəmədə Aydın Acalovun oğlu və hüquqi varisi Rəşad Acalovun ifadəsi elan olunub.
Həmin İfadədə heç bir şikayətin, tələbin, iddianın olmadığı vurğulandıqdan sonra R. Acalovun məhkəməyə ünvanladığı məktub da oxunub. Məktubda məhkəmədən hökm elan olunan zaman N. Yaqublunun gənc olmasının, hadisənin ehtiyatsızlıqdan baş verməsinin, ailə üzvlərinin şikayətinin olmamasının nəzərə alınması xahiş edilib.
Məhkəmə vəsatəti müzakirə etmək müşavirəyə gedib.
Qeyd edək ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti