Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

15-12-2012, 09:31
Oxunub: 2246


Avropa İnsan Hüquqları Məhkəməsi 10 nəfər Azərbaycan vətəndaşının işi üzrə qərarını açıqlayıb. Məlumatı "Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Vəkil bildirib ki, çıxarılan qərarlar 2003-cü ildə prezident seçkisindən sonra, oktyabrın 16-da Bakıda keçirilən mitinqdə iştirakına görə həbs olunan şəxslərin şikayətləri ilə bağlıdır. Söhbət Müsavat Partiyasının üzvləri Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Elşad Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimli və hərbi ekspert Yaşar Cəfərlidən gedir.

Avropa Məhkəməsi adıçəkilən şəxslərin ədalətli məhkəmə araşdırması, vəkillə təmin edilmə və başqa bir sıra hüquqlarının pozulduğunu tanıyıb.

Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan dövləti ayrı-ayrılıqda Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli və Yaşar Cəfərliyə 10 min avro (cəmi 80 min avro), Elşad Məmmədova 12 min avro, Hacı İlqar İbrahimoğluna isə 12 min 400 avro təzminat ödəməlidir. Beləliklə, məhkəmə adıçəkilən 10 nəfərin işi üzrə Azərbaycan dövlətini ümumilikdə 104 min 400 avro cərimələyib. 

Əsabəli Mustafayevin sözlərinə görə, Avropa Məhkəməsi Elşad Məmmədovun işini digərlərindən ona görə fərqləndirib ki, Elşad Məmmədov eyni əmələ görə iki dəfə cəzalandırılıb: "O, əvvəlcə inzibati qaydada həbs olunub, sonra isə barəsində cinayət işi qaldırılaraq cinayət məsuliyyətinə cəlb olunub və məhkum edilib. Avropa İnsan Hüquqları Konvensiyası eyni əmələ görə iki dəfə cəza almağı insan hüquqlarının pozuntusu sayır. Hazırda Azərbaycanda eyni əmələ görə iki dəfə cəzalandırılma halı geniş yayılıb. Bu xüsusən siyasi xarakterli işlərdə özünü göstərir. Hüquq müdafiəçisi Vidadi İsgəndərli, AXCP üzvü Dəyanət Babayev, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və digərləri eyni əmələ görə iki dəfə cəzalandırılıblar. Hesab edirəm ki, Azərbaycan məhkəmələri Avropa Məhkəməsinin bu qərarından nəticə çıxarmalı və gələcək fəaliyyətlərində onu nəzərə almalıdırlar”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti