Z. Xanlarova N. Yaqubluya azadlıq istədi

11-12-2012, 17:36
Oxunub: 1694


Milli Məclisin üzvü Zeynəb Xanlarova Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublu barədə seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Deputat məhkəmədən N.Yaqublunun gənc olmasının, ilk məhkumluğunu nəzərə alaraq onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Z.Xanlarova "Yeni Müsavat”a açıqlamasında dedi ki, təsadüfən baş vermiş bədbəxt hadisəyə görə gənc bir xanımın həbsdə saxlanması düzgün deyil. Deputat hüquq-mühafizə orqanlarına mətbuat vasitəsilə də müraciət edərək onları N.Yaqublunu ev dustaqlığına buraxmağa çağırıb.

"Müraciət edirəm ki, Nigarın həbsi ev dustaqlığı ilə əvəz edilsin. Məhkəmə onun qadın olduğunu nəzərə almalıdır. Məhkəmə bitənə qədər ev dustaqlığı tətbiq edə bilərlər” - deyə Z.Xanlarova vurğulayıb.

Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. A.Acalovun maşını "KamAZ” markalı maşınla toqquşub. A.Acalovun maşınını N.Yaqublu idarə edirmiş. İstintaq iddia edir ki, qəza bu xanımın təqsiri üzündən baş verib. Keçirilən məhkəmə prosesləri zamanı mülkü iddiaçı iddiasını geri götürüb, hadisə şahidləri məhkəmədə dindirilib. Dekabrın 7-si keçirilən məhkəmədə Abşeron Rayon Məhkəməsinin hakimi İlham Kərimli 16 deputatın müraciətini təmin etməmiş, N.Yaqublunu ev dustaqlığına buraxmamışdı. Proses dekabrın 12-də davam etdiriləcək.

"Yeni Müsavat"

Şərhlər : 1 Şərh yaz
daqli 26 fevral 2013 18:35  
Allah yaxshi xeyrxax insanlara can saqliqi versin Allah zeyneb xanimada can saqliqi uzun omur vrsin.Daqlilar
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti