“Əsas məqsədimiz müxalifətin vahid ünvanını formalaşdırmaqdır”

7-12-2012, 12:30
Oxunub: 1376


"İlkin mərhələdə 2013-cü ilin yanvarına qədər müstəqil hüquqşünasların hazırladığı "Seçki islahatları Memorandumu”nu dəstəkləyən qüvvələri bir araya gətirərək, seçki strategiyasını formalaşdırmaq niyyətindəyik”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal verib. O bildirib ki, ilk addım olaraq Demokratik Qüvvələrin Məşvərət Məclisi bunu müsbət dəyərləndirib, İctimai Palata da bu sənədi təqdir edib: "Ümid edirəm ki, Ziyalılar Forumu da, digər müxalifət qurumları da bunu müzakirə edib, qəbul edəcəklər. Yəni memorandum artıq konsolidasiya sənədi kimi çıxış etməkdədir”.

V. Mirkamalın sözlərinə görə, müxalifətin seçki strategiyası ilə bağlı İctimai Palatada təmsil olunan Ziyalılar Qrupunun ayrıca təklifi də var: "Niyyətimiz budur ki, memorandumu qəbul edən qüvvələr bu sənədin əsasında vahid seçki platformasını  qəbul etsinlər. Sonrakı mərhələdə isə bu platformanı qəbul edən partiyalar vahid seçki mərkəzində, yaxud da vahid seçki qərargahında birləşsinlər. Əsas məqsədimiz müxalifətin vahid ünvanını formalaşdırmaqdır. Bütün bunlardan sonra vahid namizədin müəyyənləşdirməsi problem deyil”. 

V. Mirkamal Azərbaycan müxalifətinin yolunun bu prosesdən keçdiyini vurğulayıb: "Bu yolla müxalifət nəyəsə nail ola bilər. Demirəm ki, bütün qüvvələr bir arada olanda çox şey edə bilərik. Ancaq qüvvələr parçalanmış olanda ümumiyyətlə heç nə etmək mümkün olmayacaq. Hesab edirik ki, memorandum ətrafında birləşərək, müəyyən bir formatda seçkiyə getmək olar”.

V. Mirkamal İP-də təmsil olunan partiya liderlərinin bir-birinə namizədliklə bağlı güzəşt imkanları haqqında da danışıb: "Müxalifət işi elə qurmalıdır ki, heç kim heç kəsə güzəştə getməsin. Yəni insanların taleyi fərdlərin istəyi ilə müəyyən olunmasın. Məhz bu mübahisələrə son qoymaq, müxalifətin dəstəklədiyi namizədin müəyyənləşdirilməsi üçün isə vahid seçki mərkəzi yaradılmalıdır. Mərkəzin tərkibində isə monitorinq qrupları formalaşdırılmalıdır ki, seçkilərə qısa müddət qalmış irəlidə olan şəxsin namizədliyinin dəstəklənməsi barədə qərar verə bilək”. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti