Partiya liderləri Kanadaya çağrış etdilər

3-04-2013, 20:15
Oxunub: 933


 
Bakıda səfərdə olan Kanada İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.
 
Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Məclisdə 11 siyasi partiyanın təmsil olunduğu barədə məlumat verərək, görüşdə iştirak edən partiya liderlərini qonaqlara təqdim edib.
 
B.Devolin Bakıya səfərin əhəmiyyətini yüksək dəyərləndirib və Azərbaycana hər səfərdən böyük məmnunluq duyduqlarını bildirib. Milli Məclisin deputatlarına Kanada parlamentinin strukturu, fəaliyyəti, seçki qaydaları barədə ətraflı məlumat verən nümayəndə heyətinin başçısı bildirib ki, dünyanın hansı ölkəsində doğulmasından asılı olmayaraq, müəyyən müddət Kanadada yaşayan hər bir vətəndaş parlament seçkilərinə qatıla bilər. O qeyd edib ki, onun ölkəsində parlamentdə siyasi partiya olaraq tanınmaq üçün ən azı 12 nəfər üzvlə təmsil olunmaq vacibdir: "Buna görə də hazırda 5 siyasi partiyanın nümayəndələri parlament üzvü olsalar da, qanunverici orqanda cəmi 3 partiya rəsmi olaraq tanınıb, azlıqda qalan siyasi partiya üzvləri isə müstəqil deputatlar kimi fəaliyyət göstərirlər. Mövcud qanunvericiliyə görə, Kanada parlamentində spiker və müavinləri partiya mənsubiyyətindən asılı olmayaraq, neytral mövqedən çıxış etməlidirlər”.
 
Görüşdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eyni zamanda Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Sabir Rüstəmxanlı çıxış ediblər. Qonaqlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzü, Xocalı soyqırımı, qaçqınlarımızın problemləri barədə ətraflı məlumat verilib. Bir milyon qaçqın-köçkünün insan hüquqlarının bərpası, doğma yurdlarına qaytarılması üçün Kanadanın BMT-dəki imkanlarından maksimum istifadə etməsi çağırışı səslənib. Partiya liderləri Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərqdəki müstəsna rolu, tarixi nailiyyətləri, inkişaf perspektivləri barədə mühüm faktları da kanadalı həmkarlarının diqqətinə yetiriblər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti