İsgəndər Həmidov həyatının ən ağır günündən danışdı- Eksklüziv

2-04-2013, 13:48
Oxunub: 15487
"Bir dəfə də mənə fərman verilmədən yəni rəsmi şəxs olmadan qiyamın qarşısını almaq təklif olundu"


O qəbul etdiyimiz siyasətçilərdən deyil. Ancaq siyasi baxışlarına görə ən çox həbsdə qalan siyasətçidir. Onu hər zaman mətbuatda qeyri-adi açıqlamalar verərkən görürük. Biz isə fərqli aspektdən yanaşmaq istədik. Müsahibimizi yaxşı tanıyıb oxucularımıza olduğu kimi təqdim etmək üçün. Müsahibimiz keçmiş daxili işlər naziri general-leytenant İsgəndər Həmidovdur. 

- İctimai rəydə İsgəndər Həmidov obrazı siyasiləşməyən, açıq sözlü, qeyri-siyasi, radikaldır. Bundan sonrakı fəaliyyətinizi qurarkən yenə də həminki mövqedə qalacaqsınız?
- Mən, Azərbaycan Xalq Hərəkatına Qarabağ dərdi ilə gəldim. Elə oldu ki, Xalq Cəbhəsində müavin olarkən silahlanmaq, maddi təminat mənə həvalə olundu. Bu vəzifə sərtlik tələb edirdi. Əgər həyatımı mənə yenidən qaytarsalar, yenə həmin həyatı yaşayardım. Baxmayaraq ki, bu həyatda həbs, işsizlik, qardaşımın işsizliyi, qardaşımın balalarının işsizliyi var. Dünyada ən böyük xoşbəxtlik millətə, xalqa xidmət etməkdir, bunun üçün də mən öz talehimdən razıyam. Açıqlamalarıma gəldikdə isə, mən heç vaxt yalan danışmamışam. Mən camaata deyə bilmərəm ki, bu seçki, o seçkidən fərqlənəcək. Mən deyirəm bu seçki də, o seçkinin tayıdı. Mən camaata deyə bilmərəm ki, demokratik islahatlar olacaq, çünki Azərbaycan hakimiyyəti dövründə demokratik islahatlar mümkün olmayacaq. 

Öz fikrimi də dəyişməyəcəm. Nəyə görə də dəyişim? Mənim etdiyimin ziyanı ailəmə, qohumlarıma olub. O da bir hissəsinə. Mənim qohumlarım içərisində milyonerlər də var ki, onlar qorxurlar. Bir qismi də var ki, onların yanında başımın dik olmasından ötrü hər şeyi həmin çılpaqlığı deyəcəm.

"Heç vaxt xalqa yalan danışmamışam"

- Sizin həyatınız çox qalmaqallı keçib. Sovet hökumətinin dövründə daxili işlər orqanlarında işləyib, 20 yanvar hadisələri zamanı xalq tərəfindən qəbul edilib, daha sonra Azərbaycanın parlamentinə seçilərək, Azərbaycanın müstəqilliyinə səs verən 42 nəfərdən biri olmaq nəsib olub sizə. Həyatınızdakı bu fəaliyyətlərinizlə kifayətlənirsiniz? Yoxsa bundan sonra da davam edəcəksiniz?
- Keşmə-keşli həyat görmüşük. Babalarımız da belə həyat görüb. Biz iki üzlü olmağı bacarmırıq. Hansısa bir hakimiyyət, quruluş, hansısa bir dəyişiklik vaxtı ona uyğun hərəkət etmirik. Biz öz mənliyimizə, kişiliyimizə söykənib hərəkət etmişik. Məmməd Səid Ordubadinin 1905-ci il ilə buraxdığı kitab var. Babalarımdan biri haqqında orda yazır ki, Ağdərə istiqamətində Qaçaq Əsgərxan ad çıxartmışdır. Qaçaq Əsgərxan ermənilərə orda divan tuturdu və o vaxt bir şeir vardı:
300 kazak Patravəndə yeridi, 
Topların tüstüsü dağı bürüdü.
Əsgərxan qırdı Məmməd sürüdü, 
Dedi qorxma qardaş, köməyimiz Əlidir.
Yəni Əsgərxan babamız erməni ilə vuruşanda, kazakların gəlməsinə baxmayaraq vuruşmağa davam edirdi. Bunu Allah Təala bizim nəsilə nəsib edib. İkinci bir məsələ: 30 nəfər adam güllələnib bizim nəsildə, onun birinin qəbri var - Yunus Babanın. O da o vaxtı atam Məcid cavan oğlan olub, 37-ci ildə ermənilər gəlib kənddə onları güllələyəndə meyiti çıxarda bilib. Qalan 30 nəfərdən heç birinin qəbri yoxdur. Yəni bizdə özünü qurban vermək nəsildən, irsdən gələn şeydir. Zamanı gələndə kimin kim olduğu aydınlaşacaq.
 
İndi çoxları qəhrəmanlıqdan danışır, mənim üçün birinci qəhrəmanlığı  Azəbaycanda 1972-ci ildə üç nəfər etdi. Qız qalasının üstünə Azərbaycanın üç rəngli bayrağını asdılar. 2 gün heç kim bilmədi, bu nə bayraqdır və niyə ordan asılıb. Sonra hərəsinə 4 il iş verdilər, getdilər 15 ildən sonra biri sağ gəldi, ikisi öldü. Onların bu işi insanları düşündürmək üçün idi ki, bunlar nə istəyir? O vaxt 3 rəngli bayrağı heç kəs tanımırdı. 1988-ci ildə xalq hərəkatı başladı. Xalq hərəkatı başlayanda 5-6 cəmiyyət var idi - Yurd, Çənlibel, Zabitlər İttifaqı və 8 nəfər biz var idik. Elə oldu ki, biz yığışdıq, dedilər ki, bir ideya üstündə birləşək - Azadlıq. Xalq Cəbhəsinin bəyannaməsi yazılanda birinci maddədə yazılmışdı ki: "SSRİ çərçivəsində demokratik islahatlara nail olmaq". Səs vermədə üç nəfər onun əleyhinə səs verdi ki, birinci bəddə yazılmalıdır ki, "Azərbaycan Respublikanın tam müstəqilliyə nail olmaq". Bu gəldi çıxdı 17 yanvar 1990-cı il akademiyada konfransa. Akademiyanın konfransının müdafiəsi mənə həvalə olunmuşdu. 
Nağıllarda oxumuşuq qan su yerinə axır fikrini. Mən 20 yanvarda Bakı küçələrində qanın su yerinə axdığını görmüşəm. 1990-cı il yanvardan sonra xalqın içində bərk meydançılıq yarandı.
Bir dəfəsində bir hadisə oldu. Mən evə gəlirdim maşınla, maşını saxlatdılar. Avtomatı çəkib dedi, "nakoleniya". Bir an beynimdə fikirləşdim mən bunun qabağında diz çökəcəm? Söydüm bunu. Söyəndə istədi mənə ata, bir qadın keçdi qabağıma. Qadını tanımırdım amma, azərbaycanlı qadın idi. Nə qədər istədi atsın, atmadı. Qadın məni götürüb, gətirdi evimə. Dedim mənim maşınım qalıb orda, dedi oğlum gətirər. 1990-cı ilin yanvarı Azərbaycan xalqının qəhrəmanlığıdır. Kim deyir 20 yanvar qırğını, mən deyirəm Azərbaycan tarixində ən böyük, şanlı, qızıl hərflərlə tarixə yazılmalı hadisə 20 yanvardı. 20 yanvarda Azərbaycan xalqı əliyalın çıxdı tankın qabağına dedi ki, "mən səndən qorxmuram". 
1988-1992-ə qədər Azərbaycan xalqının qəhrəmanlığı idi. Çox adam deyir ki biz müstəqilliyə nail olduq. Mən sizi inandırıram, o xalqın qəhrəmanlığı olmasa idi, xalqın hərəkatı olmasa idi, Azərbaycan da olmazdı. Azərbaycan xalqı bizə istəyini çatdırmaq üçün deputat mandatı verdi. Ordu dəyişildi, Azərbaycan tam müstəqilliyə nail oldu. Çünki, nifrət o qədər çox idi ki, o dalğanın qabağında heç kəs dayana bilməzdi. 
Salatın xanım rəhmətə gedəndə, onun Şəhidlər Xiyabanında dəfn olunmasına Etibar, mən, Rəhim Qazıyev zorla nail olduq. Elə oldu ki, xalq cəbhəsində çıxış mənə verildi. Bir tərəfdə hökumətin adamları durub, o biri tərəfdə biz dayanmışıq. Əbülfəz bəy dedi ki, çıxışı sən eləyəcəksən. Mən dedim ki, Allah Salatın xanıma rəhmət eləsin, böyük xanım idi, Vətən uğrunda rəhmətə gedib amma, Salatın xanımı ermənilər yox, ruslar öldürdü. Dedim ermənilərə silah verən rus imperiyasıdır. Çıxışdan sonra gördüm ki, hökumət də aralı durub, bizimkilər də. Rəhmətlik Əbülfəz bəy dedi ki, mənim də barıtım çox idi amma, bu dərəcədə yox. 
Azərbaycan müstəqil olanda sadəcə bir şeyi düşünürdüm: şükür Allaha ki, babamın qanını aldım. Sözsüz ki, Azərbaycanın müstəqilliyi birinci sırada idi amma, babamın qanı da onun içində idi. Nəslimizin qanı da onun içində idi.

"Nə qədər şərəfsiz var, şərəf ordeni alır. Nə qədər şöhrətsiz var şöhrət ordeni alır. Nə qədər istiqlalın əleyhinə çıxış edən var, hamısı istiqlal ordeni alıb"
"Azərbaycanın övladları rus, tatar, yəhudi  demədən tankın qabağına vətənləri üçün çıxmışdılar" 

1991-ci ildə parlamentdə, Azərbaycanın müstəqilliyi haqqında yenə birinci çıxışı mən eləmişəm. Axırda da dedim ki, biz burda çənə sındırırıq. Gəlin burda parlament qərar qəbul etsin ki, Azərbaycan müstəqillik aktı qəbul olunsun. Əgər eləməsəniz, burda yatan şəhidlərin ruhu sizi bağışlamayacaq. Yenə bizə təpik döydülər. Sonra yoldaşlarımın yanında, SSRİ-in qalmağının əleyhinə Vahid Əhmədov səs verdi... Elə adamlar səs verdi ki, onlar cəbhəçi deyildilər. Amma vətənini, torpağını sevən adam idilər. Onların səs verməyi, o biriləri də düşündürməyə vadar etdi. Sizi inandırım, elə insanlar elə hərəkət edirdi ki, məcbur idin qəhrəmanlıq edəsən.
Bu gün Azərbaycanda çox böyük paradoks yaranıb. Nə qədər şərəfsiz var, şərəf ordeni alır. Nə qədər şöhrətsiz var şöhrət ordeni alır. Nə qədər istiqlalın əleyhinə çıxış edən var, hamısı istiqlal ordeni alıb, 2 nəfərdən başqa - Xəlil Rza Ulutürk, bir də Bəxtiyar Vahabzadə. Məsələn, İsmayıl Şıxlı kimi adama istiqlal ordeni verməyiblər.
Azərbaycanın övladları rus, tatar, yəhudi  demədən tankın qabağına vətənləri üçün çıxmışdılar. Mən həyatımın belə olmasına görə Azərbaycan xalqına borcluyam. Bu Azərbaycan xalqının qəhrəmanlığı idi, sadəcə olaraq məni nümunə kimi ortaya vermişdilər, mən də nələrsə edə bildim. Ən azından istəklərini çatdıra bilirdim. O fərdi adamların qəhrəmanlığı deyil, xalqın qəhrəmanlığı idi. 1991-ci ildə dünyanın bir nömrəli xalqı seçilmişdik. Aramızda işinin öhdəsindən gələ bilməyən var idi, amma biz vətənə, torpağa xəyanət etməmişik və onunla fəxr edirəm.

"Kimin ağlı, zəkası iti idisə buyurub çıxaydı qabağa"
"Sərdar Həmidov axşam mənə zəng edib dedi ki, səninlə xudahafizləşirəm"

- Müzakirə olunmasa da həyatınızın hər dönəmində hadisələrin ortasında daşıdığınız vəzifələrdə uğurlu nəticələr əldə edə bilirdiniz. Məsələn Xalq Cəbhəsinin 1992-ci ilin may ayında telestudiyaya yürüşü, cəbhə hökumətinə təhlükə yarananda - 4 iyundan əvvəl qiyam zamanı siz getmişdiniz və qiyamın birinci dönəmdə qarşısı alınmışdı. Bəs necə olur ki, belə nəticələr olarkən siz yenə də çılğın kimi xarakterizə olunursunuz?
- Mən özümə heç vaxt "siyasətçiyəm" deməmişəm. Mən məcbur siyasətə qoşulmuşam. Əgər kimin ağlı, zəkası iti idisə buyurub çıxaydı qabağa. Biz heç kəsə bel bağlamamışıq, bağlamaq fikrimiz də yoxdur. O ki qaldı 1992-ci ilə məlum dəyişimə, 1 milyon adam 15 mayda, o vaxtkı "İyirmi altılar" bağında toplandı. Ordan milli məclisin qabağına yürüş etdik. 
O zamanlar Azərbaycanın Konstitusiyası pozulmuşdu. Prezident Ayaz Mütəllibov özü ərizə yazmışdı ki, "sağlamlığım ilə əlaqədar işləyə bilmirəm". İstefası qəbul olundu, 2 aydan sonra bunu yenidən prezident "təyin” etdilər. Parlamentin prezident təyin etməyə ixtiyarı yoxdur. Konstitusiya pozulmuşdu, biz ayağa qalxdıq. Qismətimə belə düşdü ki, camaatın qabağında yenə mən çıxış etdim. Orda da dedim, şərəfli ölüm var, şərəfsiz ölüm var, gəlin şərəfli ölümü seçək. Amma bu hadisəni tək İsgəndər Həmidovun adı ilə bağlamaq düzgün deyil. İsa Qəmbər, Əli Kərimov, Tağı Kərimli də orda idi. Yəni xalqın, etiraz dalğası gəlmişdi ora. Ancaq bu hadisədə nə MTN, nə də DİN silah işlətmədi. Xalqın vahidliyi var idi, onda. 15 mayda teleşirkət 3 saat qabaq tutulmuşdu. 

İndi qəhrəmanlar çoxdur. Birinci əməliyyat olanda üç nəfər bilirdi. Teleşirkət götürülməli idi ki, efirə çıxışımız olsun. Artıq uşaqlar zəng vurmuşdular ki, biz burdayıq. Daxili qoşunların 70 nəfəri var idi, silahları alınmışdı, sonra mən qaytardım. Məlumat gəldi ki, biz yürüşü prezident aparatının qabağında eləməliydik. Orda da yol dardır. Mən dəyişdim marşurutu Bakıxanovdan gəldik, gedə-gedə də adamlar qoşuldu. Yəni yenə deyirəm 15 may da Azərbaycan xalqının qəhrəmanlığı idi. 
Bir hadisə danışım. Qarabağ savaşının qızğın vaxtlarında Sərdar Həmidov axşam mənə zəng edib dedi ki, səninlə xudahafizləşirəm. Dedim niyə? Dedi heç kəs qalmayıb. Yanımda 17 nəfər adam qalıb. 200 nəfər götürdüm, səhər saat 5-də artıq mən çatırdım ora. Saat 6-da da Rəhimgil gəldi. Yəni bu bizim talehimizdi. Əgər 1 saat geciksəydik səhər Tər-Tər getməli idi. Tər-Tərdə də xalqın qəhrəmanlığı idi. Sadəcə olaraq Sərdar Həmidovun xidməti o idi ki, o qəhrəmanları bir yerə toplaya bildi. O vaxt Azərbaycanda ən kasıb yer Tər-Tər idi, ən az əhalisi olan da Tər-Tər idi. Amma Tər-Təri ermənilər ala bilmədi. 
Mən daxili işlər naziri olanda Əbülfəz bəy mənə dedi ki, eşitdim sən kobud danışırsan. Dedim bəy, məni hansı vəzifəyə qoymusan? Dedi daxili işlər naziri. Dedim məni qoy xarici işlər naziri, deyim "buyurun əyləşin, xoş gəlmisiniz ser". Daxili işlər naziri güc strukturudur siması sərt olmalıdır. Onların hamısı bizim taleh yazımız idi və biz bundan keçməli idik.
Sərdar Həmidov da, İsgəndər Həmidov da ən böyük mükafatı aldı. Onların mükafatı Heydər Əliyev rejimində türmədə yatmaq oldu. Bundan böyük mükafat ola bilməzdi. Yenə həmin mövqedə qaldıq. Sözümüzü dedik, getdik türməmizi çəkdik, gəldik. Yenə də dəyişilə bilmədik. Heç dəyişilmək də fikrimiz yoxdur. Qaldı siyasətçi imicim, Azərbaycanda belə bir söz formalaşıb, "siyasət çirkin şeydir". Siyasət çirkin şey deyil, çirkin olan çirkin insanların siyasətə gəlib onu çirkin eləməyidir. Çörçil çirkin adam idi? İlk gündən dedi ki, "Hitler qatildir", "Hitlerə qarşı vuruşmaq lazımdır". Çirkin adam gəlir, çirkin əməlləri ilə siyasəti çirkləndirir, deyirlər siyasət çirkin şeydir.

"O tay bu tay bir olmalıdır, paytaxtı da Təbriz olmalıdır"

Çörçil deyib, "siyasət mümkünsüzlüyü mümkün etmə sənətdir". Çörçilin çox böyük bir aforizması vardır. Saat 5-in yarısında bunu oyadırlar ki, "cənab Çörçil, Hitler SSRİ-ə hücum elədi". Deyir, "axmaq adam 40 dərəcə soyuqda dondurma yeyən əhaliyə qalib gəlmək olar?". Siyasətçinin uzaqgörənliyi budur. Mənə deyirlər ki, sən inteqrasiya tərəfdarı deyilsən, qloballaşma tərəfdarı deyilsən. Azərbaycanda ikinci bir adam olmaz ki, mənim kimi inteqrasiya tərəfdarı olsun. Elə bir adam olmaz ki, mənim kimi qloballaşma tərəfdarı olmasın. Amma biz inteqrasiyaya hardan giririk? - kanalizasiya turbasından. Texniki tərəqqini, elmi tərəqqini, iqtisadi tərəqqini qoymuşuq kənara. Vağzalda oturub siqaret çəkmək tərəqqi, inkişaf deyil. Mənə ssual versələr ki, "Azərbaycanda inkişaf yolu nədir?", mən birlik deyərdim. Amma bununla bərabər mən deyirəm ki, o tay bu tay bir olmalıdır, paytaxtı da Təbriz olmalıdır. Bu mənim birmənalı fikrimdir. Ayrılan xalqlar birləşəndə alqışladıq. Vyetnam birləşəndə baxmayaraq ki, sosialist dövlətdir, alqışladıq. Yaxşı biz də xalqıq, niyə birləşmirik? Niyə bir olmamalıyıq? Niyə biri orda inildəməlidir, biri burda? Biz bütün xaqların haqqına, mənəviyyatına hörmətlə yanaşırıq amma, bütün xalqlar da bizim mənəviyyatımıza hörmətlə yanaşmalıdır. Niyə farsın ayağının altında 35 milyon inildəməlidir? 35 milyon Tehranda danışanda fars dilində danışmalıdır? Niyə? Biz bunu qəbul edə bilmirik və qəbul da etmirik.
Bu gün bir Şimal təhlükəsi var, özü də çox böyük bir təhlükədir. Azərbaycanda Rusiyanın səfiri gedir Qusarın kəndlərini gəzir, orda 3-4 kənd sakini Azərbaycan vətəndaşlığından imtina edib, Rusiya vətəndaşlığını qəbul edir. Yoldaşlarımız, dostlarımız deyir orda nə təhlükə var? Abxaziyanı yadımızdan çıxarmamalıyıq. Rus nə vaxt müdaxilə etdi ora? Onların sakinlərinin 50-60 faizi Rusiya vətəndaşlığını qəbul etdi, sonra ruslar ora girəndə dedi ki, "bizim vətəndaşlara təhlükə var".
Bu gün bir fars təhlükəsi var. Bu gün əgər Şuşada talış radiostansiyası açırlarsa, talış dilində veriliş gedirsə, bu, sakit işləyən mina deməkdir. Heç kəs talışı, türkü kürdü ayırmayıb Azərbaycanda. Hamımız qaynayıb qarışmış, birləşmiş adamıq. Amma bu gün orda radiostansiyaya erməni pul buraxırsa, bu Azərbaycana yönəlib, farsa yox. Bu Azərbaycanın daxilinə, cənubuna yönəlib. Bunu görməyib, bunun üstünə getməmək növbəti Qarabağ problemini yaratmaqdır.
 
"Həyatımın ən ağır günü 2 apreldir"

- İsgəndər bəy, 1993-cü ildə Kəlbəcər gedəndən sonra Rusiya səfirliyinin qabağına təyin edilmiş bir mitinqiniz var idi. O zamanlar daxili işlər naziri olaraq, rəsmi post daşımağınıza baxmayaraq bu addımı atmışdınız. Bu dünyada bir skandala gətirib çıxartmışdı. Bir çoxları sizin istefanızı elə bunula bağlayırlar. İstefanızın bununla əlaqəsi varmı?
- Yox bununla əlaqəsi yoxdur. Mənim həyatımın ən ağır günü 2 apreldir. Aprel ayını mən həm sevinclə qarşılayıram çünki, o vaxt anadan olmuşam, həm də qorxa-qorxa xatırlayıram ki, 2 aprel gəlir. Atamın, babamın qəbrini itirdiyim gün gəlir. Doğma vətənimi, yurdumu itirdiyim gün gəlir. Bu mənim Azərbaycan xalqına qarşı edilmiş ədalətsizliyə etirazım idi və düz elədiyimi düşünürəm. Gedib fikrimi çatdırmışam. Mənim istefamda bir neçə amil var idi. Axırıncı amili deyim. Kəlbəcərin müzakirəsindən qabaq Azərbaycan nümayəndə heyəti getmişdi Qraçovla görüşə. Qraçov məsələ qoymuşdu ki, İsgəndər Həmidov istefa versin, Kəlbəcəri qaytaraq. Mən də durdum dedim ki, Qraçov Azərbaycanın Kəlbəcər bölgəsini qaytarmayacaq amma, Azərbaycanın bir kəndinin geri qaytarmaq barədə söhbət mənim nazir işləməməyimlə bağlıdırsa mən istefa verirəm. İstefa da verdim. Cümşüd Nuriyev bu haqqda böyük bir açıqlama vermişdi "Yeni Müsavat" qəzetinə. Ondan qabaq mən daxili işlər naziri idim. Daxili işlər nazirliyi böyük bir mexanizm idi. Onun məxfi idarəsi var, onun agenturası var. Respublikada gedən bütün hadisələrdən mənim xəbərin var idi. Hər axşam saat 10-da prezidentə yazılı məruzə edirdim. Nəinki məruzə, onun altında arayış, sonra da görələcək tədbirləri yazırdım ki, nə etmək lazımdır. Çox amillər misəl gətirmək olar amma, Kəlbəcər əsas amil oldu. İsgəndər Həmidovun əsas bədbəxtçiliyi Klintonun inaqurasiyasından sonra baş tutdu. Bir gün gəldim evə, mənə dəvatnamə verdilər. Gördüm ki, ingilis dilində yazılıb. Yazılmışdı ki, sizi və xanımınızı ABŞ prezidenti Bill Klintonun inaqurasiyasına dəvət edirik. Mən gəldim, Əbülfəz bəy, İsa bəy də orda idi. Onlar ikisi də mənə dedi ki, mütləq getmək lazımdır.

- Hansı ayda olmuşdu?
- Yanvar ayında. Dedim mən gedə bilmərəm çünki, Ağdərədə ağır döyüşlər gedir. Əbülfəz bəy dedi ki, bəlkə də Azərbaycanın tarixində belə bir şey olmayıb, gələcəkdə də olmayacaq ki, Amerika prezidenti kiməsə şəxsi dəvətnamə yollaya. Mütləq getmək lazımdır. Durdum tək getdim. Orda qarşıladılar məni. Hər şey yüksək səviyyədə keçdi. Ordan qayıdandan sonra, yəqin belə fikirləşdilər ki, mən Amerika ilə hansısa razırlığa, sazişə gələ bilərəm. Azərbaycanı heç bir ölkənin ayağının altına yıxa bilmərəm.

- Bəs siz inaqurasiyadan qayıdandan sonra nə proseslər baş verdi?
- Ağdərədə də Tər-Tərdə də vəziyyət ağır idi. Mən qayıdan kimi ora getdim. Sonra fikirləşdim ki, mən özümün İsgəndər olduğumu sübut etməliyəm. Həyat da göstərdi ki, mənim Amerikada heç bir bağlılığım olmadı.
Qaldı Gəncə hadisələri. Gəncəyə gedəndə hərbi hissədə bizə qoyun kəsdilər, hörmətlə yanaşdılar və silahı sursatı təhvil verib getdilər evə. Sadəcə olaraq təhvil verilmiş silah-sursatı verən adamı yenə qaytardılar korpus komandiri səlahiyyətinə. Bizim hakimiyyətimizin müdrikliyi o oldu ki, qan tökülmədi. Yəni mən daxili işlər naziri kimi hər şeydən məlumatım, xəbərim var idi. Analitik təhlillər edib, öz təşəbbüsümüzlə prezidentə məktublar yollayırdıq. Yollanılan məktubların 90%-i baxılmadı. 

"Biz hakimiyyəti təhvil verdik"

- İsgəndər bəy, qiyamı yatırmaq olardı?
- Qiyam yox idi. 200 nəfər Gəncədən çıxdı, yeyib içə-içə gəldi Bakıya. Bu qiyamdır? Mən o vaxt da demişəm, indi də deyirəm qiyamın başında Heydər Əliyev dururdu. 200-300 nəfər çıxdı ordan yürüş etməyə başladı. Dövlətin gücü nədən ibarətdir? 200-300 nəfəri dağıtmaqdan. Dövlət ona getmədi. əgər bir döyüş olsaydı, hər tərəfdən 40-50 nəfər ölsəydi, prezident aparatına hücum olsaydı, mən buna qiyam deyərdim. Biz hakimiyyəti təhvil verdik.

- Bəs 1993-cü ildə milli məclisdə də cəbhə hökümətinin bir qismi ümumiyyətlə hakimiyyətin tərəfində oldu. Sizin xaricinizdə, Rövşən Cavadov qarışıq keçdilər o biri tərəfə.
- 1993-cü ildə artıq mən 2 ay yarım idi işləmirdim. Amma o hadisələr baş verən vaxt 2 dəfə gəlib apardılar məni prezident aparatına, mənə sual verdilər ki, qiyamı yatırmaq olar? Dedim hə. İlk dəfə sualı verəndə dedilər, nə qədər adam ölər? Dedim 3-5 nəfər. 2-ci dəfə sual verəndə dedim 15-16 nəfər ölər. Mənə dedilər, get gözlə. Sonra Əbülfəz bəy də deyib ki, 3 nəfər qoymadı İsgəndərin fərmanını verəm - Etibar Məmmədov, Rəsul Quliyev, Heydər Əliyev. Mən də bunlara qarşı mübarizə aparmalı idim. Qiyamdan sonra Heydər Əliyev həm Etibar Məmmədova, həm də Rəhim Qazıyevə baş nazirini müavini postunu təklif etdi. Etibar Məmmədov dedi ki, 3 nazirliyi ver mənə. Rəhim Qazıyev də milli məclisdə çıxış etdi ki, baş nazirin səlahiyyətlərini artırmaq lazımdır. Ondan sonra pozuldular. Ona qədər hamısı bir idi. Bir dəfə də mənə fərman verilmədən yəni rəsmi şəxs olmadan qiyamın qarşısını almaq təklif olundu. Ancaq bu qanuni bir hərəkət sayıla bilməzdi. Mən ora heç vaxt getməzdim. Baxmayaraq ki, bütün qəlbimlə Əbülfəz bəyi çox istəyirəm, ona bağlıyam. Onun iki işi örnək olmalıdır; birinci millətini sevməyi, ikinci əlinin təmizliyi. Bir adam deyə bilməz ki, mən Əbülfəz bəyə bir dənə köynək almışam.
 
- İsgəndər bəy  1992-ci ildə ən ciddi təkliflərinizdən biri, DTK-nın arxivlərinin açılması idi.
- O vaxt bu təklifimin qarşısında dedilər ki, arxivlər açılsa vətəndaş müharibəsi olar. Dedim arxivlər açılsa heç bir vətəndaş müharibəsi ola bilməz. O açılsa idi, çoxlarının kimliyi üzə çıxardı.

- İddialara görə məhz bu təklifə görə hökumətdə arzuolunmaz şəxs elan olundunuz.
- Mən sizinlə razıyam. Milli Məclis yarananda yeganə adam mən idim ki, nə qədər dedilər gəl ora, mən getmədim. Dedilər, niyə? Dedim mən xalq cəbhəsinin üzvüyəm. Xalq Cəbhəsinin qərarı parlamentin buraxılmasıdır. Dedim əgər biz parlamenti qeyri-qanuni sayırıqsa, anti-demokratik seçki sayırıqsa, qeyri-qanuni parlament nə yaradırsa o da qeyri-qanunidir. 

- O dövrdə cəbhədə sizdən başqa parlamentə getməyən oldu?
- Biz hamımız parlamentdə olduq. Milli Məclisə gedənlər oldu. Hamı getdi, məndən başqa. Mən onları ittiham etmirəm ki, niyə getdilər. Lazım idi, getdilər. Yəqin ki onlar daha böyük siyasətçildilər, daha dərin fikirləşdilər.

"Bu hakimiyyət ən böyük zülmü Həmidovlara verib"

- 1994-cü ildə oktyabrın 4-də Prezident Aparatının qarşısında çıxışınız var idi. Orda da dövlətçiliyin müdafiəsi ilə bağlı çox önəmli mesajlar verdiniz...
- Mən qatı türkçüyəm, belə də öləcəm. Bir dəfə mənə hakimiyyət nümayəndələri demişdi ki, İsgəndər kürddür. Mən kürd olsam, kürdlüyümlə fəxr edərəm. Ancaq türkəm və türklüyümlə fəxr edirəm. Bizdə türklə kürdün arasında problem yoxdur. Bu gün mən bütün vicdanımla, varlığımla, gücümlə Azərbaycan iqtidarının getməyini istəyirəm. Ama bir milliyətçi kimi, sabah Şimaldan Azərbaycana bir təhlükə olarsa həmin çıxışı edib, həmin prezident aparatının qabağında durub sinəmi gülləyə verərəm. Baxmayaraq ki, bu hakimiyyətə məndən çox heç kim nifrət etmir. Bu hakimiyyət ən böyük zülmü Həmidovlara verib. Ən böyük haqsızlığı Həmidovlara edib. Bu hakimiyyət əlimizdə olanı da əlimizdən alıb. Nə vaxt İsgəndər Həmidovla, Sərdar Həmidovun vəzifəsi olmayıb? Sovet dövründə də olub, onu da bunlar bizim əlimizdən alıb. Amma yenə də Azərbaycanın dövlətçiliyinə bir zərbə gəlsə, çıxıb qabağa sinəmi verəcəm.

"Şəxs qəhrəman olmamalıdır, millət qəhrəman olmalıdır"
"Başqa partiyanın 20 nəfərinin yatdığı illəri bizim birimiz bir dəfəlik yatmışıq"

- İsgəndər bəy, 1994-cü ildə sizin birinci Bozqurd cəmiyyəti sonradan partiya oldu. Rəhbərlik etdiyiniz partiya kifayər qədər böyük təşkilat idi. Hətta rayon təşkilatlarında 1200-1300 nəfər üzv var idi. 70 min tirajlıq "Bozqurd" qəzeti çıxırdı. Partiya rəsmi qeydiyyatdan keçmişdi. 1 günün ərzində...
- (müdaxilə edir) Partiyanın ömrü 1 saat sürdü. 12-də qeydiyyat aldıq, 1-də də ləğv etdilər. "Bozqurd" adı ilə dünyada bircə bizim partiya qeydiyyatdan keçib. Azərbaycanda bozqurd hərəkatı belə yarandı. Qarabağ döyüşünə gedən uşaqlar, milləti, türkçülüyə bağlı olan insanlar toplaşdıq. Dedilər ölümə gediriksə bozqurd nişanı ilə gedək. Sonra cəbhə gücləndi, bizim tərəfimiz gücləndi. Azərbaycanda o vaxt 2 hakimiyyətlik yer almışdı. Onda çoxlu insanlar bozqurd sıralarına daxil oldu. Alparslan Türkeş bura Dəmirəl ilə gələndə, onu götürdük gətirdik, cəbhədə çıxış etdi. Dedi ki, mən ölmədim Azərbaycanda bozqurdçuluğu gördüm. Sonradan "Bozqurdun" sıralarına çoxlu "boz çaqqallar" daxil oldu. Çünki bilirdilər ki, İsgəndər gücdür, İsgəndərin qanadının altında bunlara heç kəs heç nə deməyəcək. Mən bilirdim belə olacaq. Bugünkü "bozqurdçuluq" o vaxtkından güclüdür.
Sovet dövründə vəzifəyə getmək istəyirdinsə kommunist partiyasının üzvü olmalı idin. İndiki iqtidarda vəzifəyə getmək istəyirsənsə YAP-a üzv olmalısan. İqtidar dağılan kimi sabun köpüyü də dağılacaq. 20 ildi bizi döyürlər, söyürlər, həbslərə atırlar. Başqa partiyanın 20 nəfərinin yatdığı illəri bizim birimiz bir dəfəlik yatmışıq. Amma sözümüzü deyib yatmışıq və çıxmışıq. Şəxs qəhrəman olmamalıdır, millət qəhrəman olmalıdır. 

- Necə oldu ki, bu qədər üzvü, potensialı, olan bir partiyanı, 70 min tirajlıq qəzeti ilə birlikdə ləğv edib sizi həbs edə bildilər?
- Hansı partiyaya, hansı qəzetə bizimki qədər təpki olub? Deməli hakimiyyət bilirdi ki, təhlükə kimdir və kimi məhv etmək lazımdır. Ona görə də bizim üstümüzə getdi. Qəzet də bağlandı, partiya da bağlandı. Türmədən çıxanların hamısının məhkumluğu götürülüb amma, İsgəndər Həmidovun məhkumluğu götürülməyib. Türmədən çıxanların hansını 4-5 dəfə banditizmə aparıblar məndən başqa? Hələ siyasətlə məşğul deyiləm, qıraqda durmuşam. Hansı siyasətçi haqqında DİN-də, MTN-də, Əməliyyat müşavirəsində deyirlər ki, "o, təhlükə mənbəyidir"? Əgər mən bir siyasətçi, milliyətçi kimi addımımı hansısa bir hakimiyyət nümayəndəsilə, hansısa bir nazirlə uyğunlaşdırırsa o milliyətçinin də, siyasətçinin də boynunu yerə soxum. O siyasət deyil. Ən dəhşətli şey ondadır ki, kölə həyat tərzi ilə razı olub. Hakimiyyət o insandan narahatdır ki, atdığı addımı hesablaya bilmir. Heç vaxt olmayıb ki, 9 il 3 ay bir insanı kamerada tək saxlayalar. Yəni, qəhrəmanlıqdan demirəm, elə ona görə məhv elədim 70 minlik tirajı. Azərbaycanda pul olmasa hansı qəzet çıxa bilər? Kim mənə desə ki, mən reklam ilə qəzetin satışından dolanıram məndə ikrah hissi doğurur. Çünki, mən bilirəm elə deyil. Mənim boyum balacadır, çəkim də azdır amma hələ dünyanın var-dövləti tapılmayıb ki, məni satın ala bilə. Mənim daxilimdə bir üsyankarlıq var.

"Heydər Əliyevin vaxtında mən türmədə yatmalı idim"

- İndiyə qədər Azərbaycanda tarixdə görülməyən bir şey baş verib sizin istintaq zamanı. Sizin istintaq prosesində iştirak edən 6 müstəntiq işindən rəsmən imtina edir...
- 6 müstəntiqə mən "sağ ol" deyirəm. Həm də, nəhayət ki, böyük bir təşkilatın içində 6 kişi tapıldı. Nəinki imtina elədi, 5-i imtina etdi, biri isə xətm etdi cinayət işini. Bunun üçün də onu işdən qovdular. Sonra biri gəldi səhər saat 10-da mənimlə görüşdü, axşam saat 4-də Vahid Məmmədov mənim işimi yolladı məhkəməyə. Özü də mənə dedi ki, sənin işində heç nə yoxdur, məhkəmədə səni buraxacaqlar. Mən də ona vəkilin yanında sakitcə bir söz dedim. Dedim, burda da sənin kimi Vahid Məmmədov şərəfsizi tapılacaq. Elə də oldu. Heydər Əliyevin vaxtında mən türmədə yatmalı idim. Allah məni, Sərdarı saxladı, türmədə yatdıq, çıxdıq. Bu gün Allahımdan razıyam. Bir qab yeməyə görə kiminsə qabağında boyun əyib, köləlik etməkdənsə ölüm ondan 40 dəfə şərəflidir.
 
- Misiyanızı bitmiş hesab edirsiniz?
- Yox. Qətiyyən! Bayaq deyirsiniz ki, Rusiya səfirliyinin qabağında daxili işlər naziri mitinq edir. Mən yenə deyirəm, min nazir postu bir uşağın göz yaşına qurbandır. Mənim Kəlbəcərim gedirdi. Məni öldürsələr də mən ora gedərdim. Bu gün olsa bu gün də gedərəm. Rusiyaya gücüm çatmasa yenə onun səfirliyinin qabağına gedib mitinq edərəm və o sözləri ona deyərəm. Mən məmur həyatı yaşamışdım, daxili işlər nazirliyindəki vəzifələri pillə-pillə qalxmışdım. Vəzifə görmüşdüm. Mən bu təhlükəni, gələcək təhlükəni görürdüm. Onun qarşısını almaqdan ötrü edirdim. Ona görə də mənə yenə bu həyat verilsə yenə də öz sözümü deyərəm. Amma ki, belə səhvləri etmərəm. Sərdarı qoymaram Tərtərdə icra başçısı olsun. Lənkərana, Şamaxıya-filan qoyaram. Zakiri qoymaram prokuror işləsin. Bakı şəhər prokuroru qoyaram.
 
"Müxalifət, ziyalı xalqın zirehi olmalıdır" 

- İsgəndər bəy, bəs bundan sonrakı misiyanızı nədə görürsünüz?
- İndiyə qədər nə görürdümsə, indi də onda görürəm. Mən Azərbaycan xalqına deyə bilmərəm ki, seçkidə iştirak edin mən sizə kömək edəcəm. Çünki mənim gücüm hələ ona qadir deyil. Mən Azərbaycan xalqına deyirəm ki, mətin, döyüşkən olun. Çəkinməyin, qorxmayın.
Bir dəfə bizim müxalifət düşərgəsinə deyirəm ki, niyə qorxursunuz? Niyə liderlik iddiasına belə ilişirsiniz? 1 milyon adam yığılanda meydana, meydan özü liderini təyin edəcək. Niyə bu işdən biz qorxuruq? Niyə İsmayıllıda, Qubada pərakəndə olmalıdır bu iş? Niyə ayrı-ayrı qalxıb döyülməlidirlər insanlar? Müxalifət də evində dincəlməlidir. Bəs müxalifət, ziyalı nədən ötrüdür? Müxalifət, ziyalı xalqın zirehi olmalıdır. Əgər o zireh funksiyasını ziyalılarla, müxalifət yerinə yetirmirsə deməli, nə ziyalı nə də müxalifət var. Yoxsa hər kitab yazan, pul ilə diplom alan özünə ziyalı deyə bilməz.

- Siyasətə qayıdacaqsınızmı?
Mən siyasətə qayıtmıram, o özü məni tapır. Əgər bu gün sən məndən bu müsahibəni alırsansa, deməli məni siyasətdə görürsən. Siyasətdə olmasam bu sualları mənə verməzsən. Ancaq partiya sədri olmaq istəmirəm. Mən daha vəzifədən çıxmışam. Hərəkat güclənər, proseslər iti gedər, xalq özü seçəcək kimin arxasınca getmək lazımdır. Necə ki, Xalq Cəbhəsi başlayanda idarə heyəti 17 nəfər idi, 3 nəfər müavin qaldı.
Sizin ən böyük xoşbəxtliyiniz ondadır ki, siz bizdən savadlısınız. Dünya informasiyasına, internetinə 1 dəqiqəyə girirsiniz. Sizin indiki analitik biliyiniz o vaxt bizdə olmayıb. Biz bilirdik ki, azadlıq istəyirik, Azərbaycanın müstəqilliyini istəyirik. Amma geniş araşdırıb tapa bilmədik. Orda radikallıq da, liberallıq da, demokratik çıxışlar da var idi. Amma üçü də bir ideaya qulluq edirdi. Amma bu gün o yoxdu. Siz soruşdunuz siyasətə qayıtmaq fikriniz var? Mən gəlsəm kiminlə bir yerdə olum? Növbəti aldadıcı addımlardan birini edim, hansısa bir dövlət mənə qrant versin, mən onu aparım yeyim? O anlayış mənim şəxsiyyətimə ziddir. Amma xalq toplananda xalqın qəhrəmanlığı tələb olunanda biz də varıq.

"Tankın, topun, tüfəngin qabağında dözənlər, manatın qabağında dözmədilər"

- İsgəndər bəy, o vaxtdan indiyə qədər özünüz üçün müəyyən etdiyiniz nələr oldu? Nələrə qərar verdiniz?
- Bəşər inqilabları öz övladlarını yeyib, yəni bu bizim həyatımızdır. Özüm üçün bir şeyi kəşf etdim. Ağır da, çətin də olsa deyəcəm. Əgər bir vaxt bir ideya var idisə, indi ideyanı pul əvəz edir. Bax bu mənə pis təsir edir. Əliyalın, acqarın ideya uğrunda vuruşan insanlar var idi. Tankın, topun, tüfəngin qabağında dözənlər, manatın qabağında dözmədilər. Bax bunu kəşf etdim mən.
Əziz Nəsrinin bir hekayəsi var - "Şərq yaltaqlığı, Qərb yaltaqlığı". Mən Azərbaycanda bir Şərq yaltaqlığı olduğunu görürəm. "Bozqurd" partiyasına yazılan idarə müdirləri, nazir müavinləri hamısı birdən-birə yoxa çıxdılar. Bu gün də işləyirlər. İndi YAP-dadılar. Belə şeyləri aşkar etdim. Üç nəfər olsun amma ideyalı adam olsun.
 
- Son olaraq nə demək istəyirsiniz?
- Allah eləsin ki, o tay ilə bu tay birləşsin, paytaxtımız Təbriz olsun. Mən Qarabağın da, millətin də azadlığını ordan görürəm, gələcəyimizin inkişafını da ordan görürəm. Yarımçıq torpaqla, vətənlə, millətlə, ölkə ilə heç nə etmək olmaz. Bu yarımçıq iqtidarın da tezliklə getməyini istəyirəm. Çünki nə millət bir millətdir, nə torpaq bir torpaqdır, nə də vətəndaş bir vətəndaşdır. Bunlar kabinetini təmir edib pəncərədən baxıb, "vətən gözəldir" amili ilə yaşayırlar. Ancaq, vətəndən xəbərləri yoxdur. Camaatı soyub deyirlər "camaat yaman gözəl yaşayır". Bunlara son qoyulmağını istəyirəm.
Şərhlər : 11 Şərh yaz
Mubariz Rza 2 aprel 2013 15:05  
İsgəndər bəy Mən bir Azərbaycanlı TÜRKÜ olaraq Sİzinlə fəxr edirəm!Siz ELÇİBƏYƏ,onun ideyalarına sadiq olan çox az insanlardan birisiniz.ALLAH size sağlıq versin Sizdən öyrəniləcək çox şeylər var.Siz məni şəxsən tanımırsınız,ancaq sizin yanınızda olmaqdan qürur duyardım.
Nasimi 13 2 aprel 2013 16:33  
HALALDIR SIZE.Yaltaqliq o hedde catib ki,namusunu bele vermeye hazirdilar.
varsan 2 aprel 2013 19:31  
Isgender Bey musahibeniz ucun Size derin teshekkurumu bildirirem!Men Sizinle hemishe fexr etmishem!
varsan 2 aprel 2013 19:38  
Milli Meclisde oturan kecmish vuxalifet ve xususile cebhecilere ar olsn!
Terane 2 aprel 2013 20:11  
Ey boyuk insan!
Sizinle fexr edirik.Esil kishi idiniz, kishi olarag da galdiniz. Ehsen size. Min yashayin.
eldar.geo 2 aprel 2013 20:59  
isgender bey,saj olun ki,azerbaycanin sizin kimi qeyretli,namuslu ojullarindan birisiniz ve etibar memmedov ve basqalari kimi bu hakimiyyete satilmadiniz,siz bizim fexrimizsiniz,allahdan size uzun omur-can sajliji arzulayiram
mamoqlu 2 aprel 2013 22:54  
allah sizi qorusun bey tarix sizi unutmaz millet sizi unutmaz
Savalan 2 aprel 2013 23:19  
Bu musahibenin video lenti olsaydi ela olardi
Fərhad 2 aprel 2013 23:20  
İsgəndər müllim Sizin beyninizdəki düşüncələri düşünmək üçün gərək insanın qanı,geni təmiz olaki xalqının işıqlı gələcəyi üçün canından keçməyə hazır ola.Elə insanalar təəssüflər olsun ki,Azərbaycanda cox az qalıb.Cəmiyyıtdə təmiz insanların qanı dəyişilməsi uğrunda təbliğat maşını işləyir.
cenab 3 aprel 2013 17:57  
Salam Isgender bey Allah sizi qorusun halal olsun sizin kimi lidere
ekrem 10 aprel 2013 23:22  
Azerbaycanimizin igid qeramani general-leytenant Isgender hemidovu salamlaryiram ve fexr ediremki veten ugrunda caninan kecmeye heran hazir olan ogulardandi.hansi icra hakimi ciyninde silah esgerlerle goyuse getgi/? beli o SERDAR Hemidovuydi heyif onan esil qehraman esil veten oglu veten ugrunda eyiyyetinin qarsiligini demir barmaqliqlar arxasinda gordu yenede fexr etdiki vetenim xalqim ugrunda burdayam.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti