"Vəzirin hansısa bir əməliyyatı bir əsərə bərabərdir"

23-03-2013, 10:42
Oxunub: 3950


Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu.

1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüb. 1992-ci ildə vətənə qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi.

V.Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi. 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralansa da müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıdıb.


Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub.

Vəzir Orucovun qəhrəmanlıqları haqqında etatist.com-a danışan onun döyüş yoldaşı, hal-hazırda Tərtər rayonunda "Qarabağ əlilləri cəmiyyəti, veteranları, şəhid ailələri" İctimayi Birliyinin sədri olan 2-ci qrup Qarabağ əlili Sulidin Yusifov onu belə xatırlayır:

- O, 1992-ci ildə Arxangelsk vilayətindən gəlib. Marquşavan, Həsənqaya, Çardaqlı və sair yüksəkliklərdə savaşıb. Həm kəşfiyyatçı həm də döyüş komandiri olub, amma biz onu döyüş komandiri kimi tanımışıq. Tərtərdə hamımız onunla döyüşlərə qatılmışıq. O 1992-ci ildə ayağından yaralanıb müalicəyə getdi, 1993-cü il fevralın 1-i qayıtdı. O zamanlarda vəziyyət çox pis idi, ermənilər hər tərəfdən hücuma keçmişdilər. Bizim ordu isə çox zəifləmişdi, müəyyən hissə geri çəkilmişdi, müəyyən köməklər gəlməli idi ki, gəlmədi...
1993-cü ilin mart ayının 22-də Ağdərə ərazisində Vəzir şəhid oldu. Orda da iki erməninin maşınını vurmuşdu. Mən onun hansısa əməlliyatı barədə danışa bilmirəm daha doğrusu danışmaq olmur. Vəzirin hansısa bir əməliyyatı bir əsərə bərabərdir.

Müharibədə təkcə ermənilər deyildi, həmçinin başqa ölkələrdən də gələn əskərlər var idi. Vəzir bizə dedi ki, biz Çıldıran istiqamətində getməliyik və texnikaları götürməliyik. Bizi 35 nəfərlik erməni "pexotasının" arxasında qoydu. Bir yoldaş dedi ki, burda erməni var. Vəzirdə sakitcə cavab verdi ki, burda erməni olmalıdı da... Başqa nə olacaq? Oturun aşağı. Bir az irəlilədi, sonra geri qayıdıb dedi ki, tank elə burdadır. Tankı vurdu və tank vurulan kimi bizim "pexota" başladı erməni "pexotasını" vurmağa. Plan belə idi. 
Sonra gördük ki, vurulan tankın yanında biri də var imiş. Elə orda Vəzir ikincini də vurdu. Sonra Vəzir göstəriş verdi ki, biz Çıldıran yüksəkliyinə qalxmalıyıq. Ermənilər bütün yüklərini, avtomat patronları, nə varsa qoyub qaçmışdılar. Nəcməddin Sadıqov bir yüksəklikdə idi, Vəzir başqa yüksəklikdə. Vəzir, N.Sadıqova deyəndə ki, mən artıq filan yüksəklikdəyəm, Sadıqov ağlamışdı və afərin demişdi.

Milli Qəhrəman Vəzir Orucovun oğlu Camal Orucov, hal hazırda Tərtər rayon icra başçısının köməkçisi vəzifəsində çalışır. C.Orucov atası müharibədə olan zaman onun 6 yaşında olduğunu, amma, indiyə qədər atasını çox yaxşı xatırladığını deyir.


Atası haqqındakı xatirələrini etatist.com-a danışan Camal Orucov, atası ilə fəxr etdiyni və Azərbaycan gənclərinin Azərbaycan Milli Qəhrəmanlarına oxşamaq üçün can atmaqlarının lazım olduğunu bildirdi.

Bu gün Tərtər rayonunda Vəzir Orucovun anım mərasimi keçiriləcək.

Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Allah rəhmət eləsin!

Etatist.com

 

Şərhlər : 1 Şərh yaz
Sərhəddçi026 20 avqust 2013 16:50  
Allah cəmi şəhidlərimizə rəhmət etsin. Vəzir Orucov həqiqətən cəsur, mərd biri idi, əsl Qəhrəmanlıq göstərib
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti