Millət vəkilinin meyiti tibbi ekspertizada - YENİLƏNİB

8-03-2013, 01:10
Oxunub: 1326


Azərbaycanda yol qəzasında dünyasını dəyişmiş millət vəkilinin meyiti tibbi ekspertizadan keçirilir. Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasından bildirilib.

 

Məlumata görə, Hikmət Atayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Balakən rayon şöbəsinə gətirilib. Mərhumun meyiti ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil veriləcək.

 

Xəstəxanadan həmçinin bildirilib ki, qəza baş verən zaman H. Atayevin idarə etdiyi avtomobildə onun oğlu İsmayıl Atayev də olub. Onun xəsarəti yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qəza zamanı digər avtomobilin sərnişini Bodurov Vüsal Nəcməddin oğlu isə ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Balakən rayon şöbəsi polis nəzarətinə götürülüb və əraziyə heç kim buraxılmır.

APA-nın mərhumun qohumlarından əldə etdiyi məlumata görə, millət vəkilinin dəfni sabah keçiriləcək. O, Zaqatala şəhər qəbiristanlığında dəfn olunacaq.
Məlumata görə, H. Atayevin oğlu İ. Atayev Gürcüstanda ali təhsil alır. Millət vəkili evlərinə gələn oğlunu Balakən gömrük-keçid mıntəqəsində qarşılamaq üçün sərhədə gedibmiş,

Qeyd edək ki, bu gün saat 22.00 radələrində Balakən-Gürcüstan sərhəd yolunda qəza qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi "VAZ-2106” markalı maşın "VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005 – 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

 

***

01:15 

 

Balakən rayon Polis ŞöbəsindənAPA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, H. Atayev Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Lakin qəzada millət vəkilinin oğlu elə ciddi xəsarət almayıb. 


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti