Azərbaycan BMT Təhlükəsizlik Şurasının yenilənməsini istəyir

6-02-2013, 12:16
Oxunub: 802


Elmar Məmmədyarov İtaliyada Nizami Gəncəvinin abidəsini ziyarət edib 

Fevralın 4-də Roma şəhərində İtaliya və İspaniyanın sədrliyi ilə "BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı xarici işlər nazirlərinin konfransı keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünyanın 70 ölkəsinin iştirak etdiyi konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

İtaliya hökumətinin təşəbbüsü ilə artıq üçüncü dəfə keçirilən konfransın məqsədi BMT-nin Təhlükəsizlik Şurasının islahatı mövzusunda dünyanın müxtəlif bölgələrindən olan BMT-yə üzv dövlətlər arasında siyasi dialoqa şərait yaratmaqdır. Təşkilatın mövcud strukturunun artıq müasir dövrün reallığını əks etdirmədiyi, yeni üzvlərin sayı, onların coğrafi bölgüsü və veto hüququ barədə kifayət qədər ziddiyyətli fikirlər mövcuddur. Konfransda giriş sözü ilə İtaliyanın xarici işlər naziri Culyo Tertsi və İspaniyanın xarici əlaqələr üzrə dövlət katibi Gonzalo de Benito Secades çıxış edib. Elmar Məmmədyarov çıxışında BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün məsuliyyət daşıyan başlıca orqan olduğunu, qurulduğu vaxtdan beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına mühüm töhfələr verdiyini qeyd edib. Onun sözlərinə görə, müasir dövrün çoxtərəfli çağırışlarına və təhlükələrinə cavab vermək üçün BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahata və yenilənməyə ehtiyacı var. Elmar Məmmədyarov Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılması üçün onun qəbul etdiyi qərarların, xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına yönəlmiş qətnamələrin BMT-yə üzv dövlətlər tərəfindən qeyd-şərtsiz əməl olunmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində Nazir Elmar Məmmədyarov ilə Albaniyanın xarici işlər naziri Edmond Panariti arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Edmond Panariti azərbaycanlı həmkarını Albaniyaya səfərə dəvət edib.
 
Konfransdan sonra Nazir Elmar Məmmədyarov Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini də ziyarət edib, abidə üzərinə əklil qoyub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti