Gülər Əhmədova: “İstintaq haqqında məlumat verə bilmərəm"

31-01-2013, 19:11
Oxunub: 1862


"Sevinc Babayevanın ölümü ilə bağlı ekspertiza rəyinin Türkiyədən gəlməsini gözləyirik”. Yanvarın 31-də "Media forum” saytına danışan vəkil Eldar Qədimi belə deyib. Eldar Qədimi sabiq deputat Gülər Əhmədovanın vəkilidir.

Vəkil deyib ki, ekspertiza rəyi gəlmədiyinə görə indi heç nə demək istəmir: "İstintaqla bağlı məlumat vermək tezdir. Türkiyədən rəy gəldikdən sonra məlumat veriləcək”.

Gülər Əhmədova isə "Media forum” saytına deyib ki, cinayət işi ilə bağlı danışmaq istəmir: "İstintaqın gedişi haqqında heç bir məlumat verə bilmərəm. Bakı Şəhər Prokurorluğundan verilən məlumatlar yalnız mənə aiddir. Mətbuata nə demək mümkündürsə, deyilir”.

Gülər Əhmədova ötən ilin payızınadək parlamentdə 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edib. Ötən il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. Gülər Əhmədova ötən il sentyabrın 28-də Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib. Mərkəzi Seçki Komissiyası Gülər Əhmədovanın deputatlığına xitam verib. 

Elşad Abdullayev ötən il dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub).

Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.

178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva ötən ilin dekabrın 26-da Türkiyədə vəfat edib.
Şərhlər : 1 Şərh yaz
Natiq 22 may 2013 23:53  
Güləri danışdırmağa nə var.Bizim polis Gülər kimilərini susuz aparıb susuz gətirər.O nə deməkdir ifadə vermir danışmir qulağinin dibinə beş qardaş dəydikdən sonra hamısını danışar.Oturub Gülərin nazı ilə oynayacaqlar.Belə bir söz var tutulmayan oğru deyil.Gülər isə tutulub deməli cəzasını çəkməlidir vəssalam.Vor doljen sidet v tyurme.Hamı deyir ki baxarsız Güləri buraxacaqlar hara buraxırlar onu onda özbaşnalıq olar.Mən demişəm ona ən azı yeddi il iş kəsəcək bizim dövlət.Ağlı olaydı tutulmayaydı.Mənə başqa şey maraqlıdır bu bir milyon dolları nə edib bu cani.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti