X.Xələfov Yaponiyadan xüsusi nümayəndələri qəbul edib

31-01-2013, 11:07
Oxunub: 1081


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaponiyalı rəsmi Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirib və Azərbaycanla Yaponiya arasında bir çox ortaq dəyərlərin, o cümlədən demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud olduğunu söyləyib. Azərbaycanın Yaponiya üçün əhəmiyyətindən bəhs edən Takeşi Hikihara ölkəmizin regionun vacib və strateji ölkəsi olduğunu bildirib. O, Azərbaycanın regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.
 
Takeşi Hikihara fevralın 7-də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağını qeyd edərək, Yaponiyanın bu sahədə zəngin təcrübəsinin olduğunu söyləyib və Yaponiya tərəfinin sözügedən təcrübəni bölüşməyə hazır olduğunu qeyd edib.
 
Nazir müavini Xələf Xələfov yaponiyalı qonağı salamlayıb və iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycanla Yaponiya arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən Xələf Xələfov bunun əsasında siyasi dialoqun yüksək səviyyədə olmasının durduğunu vurğulayıb. O, Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı rolunun əhəmiyyətinə nəzər salaraq, onların iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiklərini söyləyib. Yaponiyanın İKT sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən nazir müavini Azərbaycanın bu sahəyə böyük önəm verdiyini vurğulayıb.
 
İki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vacibliyini vurğulayan X.Xələfov Yaponiya tərəfinin azərbaycanlı tələbə və mütəxəssislərin Yaponiyada təhsil alması və təcrübə toplaması üçün yaratdığı şəraiti yüksək qiymətləndirdiyini qarşı tərəfin diqqətinə çatdırıb, bunun da öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib.
 
X.Xələfov qarşılıqlı səfərlərin təşkil olunmasını, o cümlədən parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini nəzərə çatdırıb. O, Azərbaycanın inkişafından bəhs edərkən ölkəmizin regiondakı rolu haqda qarşı tərəfə ətraflı məlumat verib. Nazir müavini regionun inkişafı, buradakı sabitlik və təhlükəsizliyə başlıca maneə kimi 20 ildən artıqdır davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun səylərini nəticə vermədiyini bildirən X.XƏləfov BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını tələb edən qətnamələrə əməl etməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti