Şəhidlər Xiyabanındakı vəziyyətə etiraz

26-01-2013, 18:17
Oxunub: 1869
Əgər küknar ağacları çıxarılmasa, yəqin ki, şəhid ailələri öz doğmalarının məzarlarının yerini dəyişdirməli olacaqlar


Şəhidlər xiyabanına ayaq basan hər kəs orada ancaq 20 Yanvar faciəsində şəhid olanların məzarlarını görə bilir. Çünki bir neçə il bundan öncə əkilən ağaclar hasar kimi Qarabağ savaşında şəhid olanların məzarlarının qarşısını kəsir. Bununla da şəhidlərin qəbirləri ziyarətə gələnlər üçün bir növ, əlçatmaz olur. Kimin harada uyumasını görmək üçünsə gərək sıxlaşmış ağacların arasına girəsən. Əks təqdirdə, küknar ağacları məzarları görməyə mane olacaq. Bir il öncə bu ağaclar balaca olduğu üçün qəbir daşları normal görünürdü. İndi isə şəhid qəbirləri tamam görünməz olub.

Hələlik rəsmilər bu barədə heç bir söz demirlər. Əgər küknar ağacları çıxarılmasa, yəqin ki, şəhid ailələri öz doğmalarının məzarlarının yerini dəyişdirməli olacaqlar. Onlar özləri belə deyirlər.

Qarabağ döyüşlərinin əfsanəvi qəhrəmanı, hamının "Fred Asif” kimi tanıdığı Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov da Şəhidlər xiyabanında dəfn olunan Qarabağ şəhidlərinin ağacların arxasında gizlədilməsinə etiraz edir. O bildirib ki, həmin ağacların əvəzində ovulub-tökülmüş, baxımsız halda olan qəbirləri, başdaşlarını bərpa etmək daha yaxşı olardı:

"Orada ağac əkib şəhidləri gizlətmək əvəzinə hansısa gözəllik, abadlaşdırma işləri aparıla bilərdi. Şəhidlərimizin ağacların arxasında qalmalarına biz də öz etirazımızı bildiririk. Bu qədər şəhidlərimiz var, niyə onları ağacların arxasından gizlədək? Qəhrəmanları gizlətməklə nə etmək istəyilər ki? Şəhidə hörməti qardaş Türkiyədən öyrənməliyik. Orada dövlət rəhbərləri şəhid anasının qarşısında baş əyir. Çünki rəhbərlər gəldi-gedərdi. Amma şəhid həmişəyaşardır.
211 Milli qəhrəmanımız var. Onlardan cəmi 18 nəfəri sağdır. "Fred Asif” olmasın, Milli Qəhrəman Şirin Mirzəyev olsun, onun qəbri niyə ağaclar kölgəsində qalmalıdır. Azərbaycanda şəhidlərə şəhid ailələrinə ögey münasibət bəsləyirlər. Biz bunun əleyhinəyik!”.

Şəhid qardaşı onu da deyir ki, xiyabanda elə qəbir daşları var ki, baxımsızlıqdan ovulub tökülür. Onun sözlərinə görə, ağaclara xərclədikləri pulu baxımsız qəbir daşlarının bərpa edilməsinə sərf edə bilərdilər: "Bu barədə dəfələrlə deyilib, cavabı da belə olur ki, hər şey yavaş-yavaş düzələcək”.

Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəman Ələkbər Əliyevin həyat yoldaşı Reyhan Zeyniyeva da şəhidlərin ağac kölgələrində qalmasına etiraz edir: "Düzdür, həyat yoldaşım qəbri ağaclar olmayan tərəfdədir. Amma bir şəhid ailəsi kimi mən də şəhidlərə bu cür münasibətin əleyhinəyəm. Onlar bizim tariximizdir. Təbii ki, hamı onları görməlidir”.

Milli Qəhrəman Fərhad Hümbətovun qardaşı Sahib Hümbətov isə deyir ki, ağaclar əkilən vaxt etiraz bildirsələr də, bunun nəticəsi olmayıb. Ona görə də indi də etiraz etməyin heç mənası da yoxdur.

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov isə bu barədə danışmaqdan imtina etdi.

 

Modern.az 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti