Isa Qəmbərə hücüm oldu

13-01-2013, 17:07
Oxunub: 1581


Yanvarın 13-də Müsavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illik il dönümü ili ilə bağlı keçirilən tədbirə müdaxilə olunub. 

Bu barədə Musavat.com-a Müsavatın Lənkərəna rayon təşkilatının sədri Yadigar Sadıqov məlumat verib: "Müsavat rəhbərliyinin də qatıldığı toplantı mülkü polislər tərəfindən dağıdıldı. Müsavat Partiyasının başqanı İsa Qəmbərə hücum edildi. Eyni zamanda başqanın maşını əzilib, şüşələri qırıldı. Bakıdan gələn nümayəndə heyətində olan Arif Hacılı, Gülağa Aslanlıya qarşı zor tətbiq edildi”.


Müsavat Partiyasının başqanı İsa Qəmbər hücum faktını təsdiqləyib. O, Musavat.com-a açıqlamasında bildirib ki, toplantıya müdaxilə edilib, şəxsi avtomobilinə ciddi ziyan dəyib, maşının şüşələri sındırılıb, nömrələri çıxarılıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hadisənin təfərrüatları ilə bağlı Musavat.com-a açıqlama verib. O, bildirib ki, İsa Qəmbər və onu müşayiət edən şəxslər səhər saatlarında Lənkərana yollanıblar: "Lənkərana çatanda məlum oldu ki, bayram tədbirinin keçirilməsi üçün ayrılmış yerin sahibi müsavatçılardan tədbirin keçirilməməsini xahiş edib. Bundan sonra başqa yer tapılıb. Lakin bir neçə saat sonra həmin yerin də sahibləri tədbirin keçirilməsindən imtina ediblər. Ona görə də tədbiri müsavatçılardan birinin həyətində keçirmək qərarına gəldik. Lənkərana daxil olanda biri yol polisi əməkdaşları saxladılar və müxtəlif bəhanələrlə ləngitdilər. Sənədləri yoxlamaq adı ilə bizi təxminən yarım saat saxladılar. Yol polisi əməkdaşlarından ayrıldıqdan təxminən 10 dəqiqə sonra, Lənkəranın girişindəki dairədə CİP avtomobili İsa Qəmbərin maşınının qarşısını kəsdi və bundan sonra 50-100 nəfər adam maşınlara, xüsusilə, İsa Qəmbərin olduğu maşına hücum etdilər. Maşının şüşələrini, güzgüsünü sındırdılar, təhqiramiz ifadələr işlətdilər. Müsavat Partiyası Gənclər təşkilatının üzvləri, Müsavat fəalları ilə həmin adamlar arasında ciddi qarşıdurma oldu".

Arif Hacılı baş verənləri İsa Qəmbərə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, hadisə yerində polis əməkdaşları olsalar da, onlar baş verənlərə müdaxilə etməyiblər, şəhərin əsas yolundakı quldurluğun qarşısını almağa çalışmayıblar. Qarşıdurma zamanı Müsavat Partiyası başqanının müavini Gülağa Asalanlı ciddi xəsarət alıb və hazırda ona tibbi yardım göstərilir. Hadisə zamanı çəkiliş aparan jurnalist Mehman Kərimli mülki şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb.

Müsavat rəhbərliyi qarşıdurmanın qarşısını almaq üçün ərazidən uzaqlaşıblar. Lakin hücum edənlərə məxsus avtomobillər yolda da İsa Qəmbərin maşınını izləməyi, hücumları davam etdiriblər. Arif Hacılının sözlərinə görə, hadisə barədə 102 xidmətinə məlumat verilsə də, hələlik heç bir reaksiya yoxdur.

Lənkəranı tərk edən Müsavat nümayəndələri Masallı rayonuna doğru hərəkət edərkən növbəti hücumla rastlaşıblar. Nəticədə Müsavat fəalları Sevinc Hüseynova və Elman Fəttah xəsarət alıblar. Elman Fəttahın avtomobilinə də ziyan vurulub.

Jurnalist Mehman Kərimov basqıncılar tərəfindən qəddarlıqla döyülüb. Hadisə yerindən qacırılan jurnalist hadisə yerindən xeyli uzaq bir ərazidə bir necə şəxs tərəfindən döyüldükdən sonra buraxılıb. Mehman Kərimovun vəziyyətinin ağır olduğu bildirilir.

Müsavat başqanın müavini Gülağa Aslanlı AzadlıqRadiosuna hadisə ilə bağlı açıqlama verib: "İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Sevinc Hüseynova, Valeh Hümmətoğlu və mən Lənkəranın girəcəyində hücuma məruz qaldıq. Bir neçə maşın bizim maşınların qarşını kəsdilər. Öyrədilmiş insanlar bizim maşınlara hücum edib, biz təhqir elədilər. Maşınlarımızı əzdilər və bizi ölümlə hədələdilər. Maşından çıxıb İsa Qəmbərin maşınını qorumaq istəyəndə maşını mənim ayağımın üstünə sürdülər. Bundan sonra geri qayıtmaq məcburiyyətində qaldıq".

Gülağa Aslanlı deyir ki, hazırda onlar zədəli maşınlarla Bakıya qayıdırlar:

"Arxada və qarşıda içi adamla dolu bir neçə maşın var. Onlar bizim Lənkərandan çıxmağımızı gözləyirlər. Onlar arasında mülki geyimli polislər də var. Yol boyu maşınlar dayanıb. Onların içində kifayət qədər öyrədilmiş qadınlar var idi. Onlar özlərini maşınların qabağına atırdılar, müxtəlif əşyalarla maşınlara vururdular. Yumurta atırdılar. Şəxsən mənə o yumurtadan ikisi dəyib. Eşidirsiz, bu dəqiqə də bizə hücum edirlər, yəqin maşınımıza dəyən zərbələrin səsini eşidirsiniz? İndi bizə Qumbaşı yolunda hücum oldu. Zədəli maşınlarla geri qayıdırıq. Bütün bunlar Azərbaycanda demokratiyanın hansı səviyyədə olduğunu göstərir".

Müsavat Partiyası Lənkəranda baş vermiş hadisəni hakimiyyət tərəfindən təşkil edilən növbəti təxribatın olduğunu bəyan edib. Partiya hesab hesab edir ki, hakimiyyət bu yolla ölkədə başlanan demokratik hərəkatın qarşısını ala bilməyəcək. Müsavat Partiyası yaxın saatlarda hadisə ilə bağlı mövqeyini açıqlayacaq.

"Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyi ğəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Musavat Partiyasının Lənkaran şöbəsinin yaradılmasının 20 illik yubuleyində iştirak etmək ücün Lənkaran şəhərinə gəlmiş Musavat partiyasının başqanı İsa Qəmbər və partiya funksionerlərinə qarşı əvvəlcədən xüsusi xidmət orqanları və yerli polislərlə birgə hazırlanmış təxribat törədilib.

"Azərbaycanda insan haqlarını qoruyan bir təşkilat olaraq bəyan edirik ki, hakimiyyət orqanlarının öz ölkə vətəndaşlarına qarşı, siyasi partiya liderlərinə, üzvlərinə qarşı cinayyət əməlləri ölkə vətəndaşlarının qəzəb və nifrətinə səbəb olmuşdur. Hakimiyyət orqanları tərəfindən siyasi müxalivət partiyalarına qarşı törədilən cinayyət əməlləri dövlət tərəfindən himayə edilir. Ölkədə vətəndaş qarşıdurması sonda milli faciə ilə nəticələnə bilər. Bütün məsulyət siyasi hakimiyyətin üzərinə düşür. Hakimiyyət orqanları bu qanunsuz əmlləri ilə öz gücsüzlüyünü bir daha xalq qaşısında subut etdi. Xalqın hakimiyyət orqanlarına qarşı inamı yox dərəcəsinə catdırılıb. Hakimiyyətin bu qanunsuz cinayyət əməlləri barədə ölkəmizdə vəaliyyət göstərən dünyanın aparıcı ölkə səfirlikləri həmcinin bütün beynaklxalq təşkilatlar məlumatlandırılacaq", - bəyanatda deyilir.

Lənkəran şəhər-rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə barədə onlara məlumat daxil olmayıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə APA-ya açıqlamasında ünvanlarına səslənən ittihamları rədd edib: "Bizim İsa Qəmbərin Lənkərana gəlişindən xəbərimiz olmayıb, bu barədə hadisədən sonra xəbər tutmuşuq. Bizə verilən məlumata görə, İ. Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər. İ. Qəmbərin yenidən aranı qarışdırmaq məqsədilə Lənkərana gəldiyini deyən insanlar onun rayonu tərk etməsini istəyiblər. İcra nümayəndələrinin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur”.
Şərhlər : 1 Şərh yaz
vasif 14 yanvar 2013 00:13  
<Bizə verilən məlumata görə, İ. Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər>.bunu deyan insan dark elamir ki Hakimiyyahda olan Isa Qambar yox Ilham Aliyevdir!Bu 20 il arzinda niya shahid ailalarini,imkansiz insanlari imkanli elamayib bunlarin uzaqgoran Ilham aliyevlari?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti