Hakim partiya əsgər ölümünə münasibət bildirməyəcək?- YENİLƏNİB

10-01-2013, 23:37
Oxunub: 1747


Əsgər Ceyhun Qubatovun döyülərək öldürülməsi ilə bağlı ittiham ölkə ictimaiyyətində ciddi gərginlik yaradıb. Dünən facebookda məsələ ilə bağlı ciddi narahatlıq yaranıb. Bugündən etibarən isə artıq bir sıra millət vəkilləri məsələ ilə bağlı açıqlama versələr də, hələ ki, hakim Yeni Azərbaycan Partiyasının və Ali Baş Komandanın məsələ ilə bağlı bir açıqlaması olmayıb.


Millət vəkili Qənirə Paşayeva, əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı facebookda status yazıb: "Bəzi önəmli müzakirələr var idi və əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı xəbəri gec oxudum. Hələ də özümə gələ bilmirəm. Ceyhunla bərabər onun anasını, kiçik yaşlarında atasını itirən Ceyhunu, tək oğlunu min bir çətinliklə böyüdən o ananı düşündüm və xəbəri olmasa da onunla bərabər ağladım".


Qafqazinfo.az-a özü zəng vuraraq açıqlama verən Aydın Mirzəzadə öldürülən əsgərin evinə yollandığını dedikdən sonra bildirib ki: "C.Qubatovun anasına baş çəkməkdə məqsədi ona təsəlli olmaqdır. Mən indicə Abşeron rayonunun hərbi komissarı ilə o ananın yanına gedirəm. Gedib ona deyəcəm ki, sənin oğlanlarından biri də mənəm. Ona telefonumu verəcəm və nə qədər imkanım varsa, həmişə həmin qadına dayaq olacağam”.


Ancaq diqqət çəkən odur ki, siyasi hakimiyyət rəsmiləri hələ əsgər ölümlərinə partiya səviyyəsində münasibət bildirməkdə tələsmirlər. Millət vəkilləri səviyyəsində məsələyə diqqət ayırmaq, nəzarətdə saxlamaq hələ problemin həlli demək deyil.

 

Prezindent məsələ ilə bağlı niyə münasibət açıqlamır?

Bilindiyi kimi, Azərbaycan Respublikasının Prezidenti həmdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. 

Məsələ ilə bağlı Prezident İlham Əliyevin münasibət açıqlamamağı onunla bağlıdır ki, əgər məsələ prezident səviyyəsində qiymətləndirilsə, ehtimal edilir ki Müdafiə Naziri Səfər Əbiyev tutduğu vəzifədən azad olunmalıdır. Bundan dolayı da hələ ki, məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirilməyəcək.

 

       *** 

Etatist.com-un bu xəbərindən sonra axşama doğru, Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Daşkəsəndəki "N” saylı hərbi hissədə vəfat etmiş əsgər Ceyhun Qubadovun ailəsinə başsağlığı verib və bu hadisənin hakim partiyanın da dərindən kədərləndirdiyi bildirilib. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. 


M.Qurbanlının sözlərinə görə, bu gün partiyadan olan bir qrup deputat və gənclər mərhum əsgərin yas mərasiminə qatılıblar.
Əsgər ölümünün böyük itki olduğunu vurğulayan YAP rəsmisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordu quruculuğuna, əsgərlərin təhlükəsizliyinə çox böyük diqqət yetirilir.


Başqa ölkələrdə də orduda bu cür hadisələrin olduğunu xatırladan M.Qurbanlı Respublika Hərbi Prokurorluğunda yaradılan istintaq qrupu tərəfindən başlanan cinayət işini yaxından izlədiklərini bildirib: "Hərbi Prokurorluq operativ işləyir, müvafiq tədbirlərini də görüb. Eyni zamanda Müdafiə Nazirliyi və ölkədə digər bu məsələyə məsul qurumlar tərəfindən də bu işin araşdırılması istiqamətində ciddi iş gedir. Biz partiya olaraq birmənalı şəkildə bu əsgərin hansı şəraitdə, necə həlak olmasının araşdırılaraq nəticənin ortaya qoyulmasını və cinayətkarların cəzalandırılmasını gözləyirik. Əminəm ki, tezliklə araşdırmalar öz nəticəsini verəcək, ictimaiyyət və mərhum əsgərin ailəsi məlumatlandırılacaq. İstənilən halda biz orduda baş verən bütün neqativ halları pisləyirik”.
YAP rəsmisi deyib ki, baş verən bu hadisədən kimlərsə sui-istifadə etməməlidirlər: "Çox təəssüf ki, Azərbaycan ordusunda baş verən hər hansı bir hadisə ilə bağlı radikal müxalifət və müəyyən dairələr hakimiyyətə qarşı qərəzli kampaniyalar aparırlar. Ordu bizim ümummilli məsələmizdir və oradakı əsgərlər hamımızın balasıdır. Ona görə də onlarla bağlı baş verən hadisədən bu cür sui-istifadə etmək olmaz. Həlak olan əsgərin üzərindən siyasi kampaniya qurmaq olmaz”. 

 

Şərhlər : 1 Şərh yaz
adibilinmez 10 yanvar 2013 16:30  
Şerhe ehtiyac varmı? BU REJİM GETMELİDİR.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti