"Hakimiyyətə təzə adam gələcək"

7-01-2013, 20:36
Oxunub: 6290


Bu günlərdə Azərbaycanda yeni hərəkat elan ediləcək. Bu hərəkatda çoxsaylı təşkilat birləşir. R.İbrahimbəyov Azərbaycanda hakimiyyətin dəyişəcəyinə və təzə prezidentin seçiləcəyinə inanır. 

 

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov "Media forum” saytının suallarını  cavablandırıb. O yaxın günlərdə Azərbaycanda yeni hərəkat elan ediləcəyini və prezidentliyə əsas namizədi həmin hərəkat müəyyənləşdirəcəyini bildirib.


Müsahibəni ixtisarla diqqətinizə çatdırırıq:

"Ziyalılar Forumu prezident seçkisində namizəd irəli sürməyəcək. Amma seçkinin qanuni, demokratik, şəffaf keçməsinə, müxtəlif fırıldaqların olmamasına, ekzit-pol keçirməyə çalışacağıq. Bütövlükdə normal, xalqın iradəsini əks etdirən seçkinin olmasına çalışacağıq. Ancaq Ziyalılar Forumu seçkiyə öz namizədi ilə qatılmayacaq. Bu bizim prinsipial mövqeyimizdir”, R.İbrahimbəyov qeyd edib.

O hesab edir ki, böyük bir hərəkat yaranmalıdır.

"Bu hərəkat elə geniş olmalıdır ki, bütün ictimai-siyasi qüvvələri, gənclər təşkilatlarını, ziyalıları birləşdirə bilsin. Həmin hərəkat prezident seçkisində öz namizədini irəli sürməlidir. Biz bunu dəstəkləyirik. Həmin namizədin kimliyi Müsavat, AXCP və digər siyasi partiyalar, ictimai qüvvələrlə birlikdə müzakirə olunmalıdır. Mən buna vahid namizəd demirəm, əsas namizəd adlandırıram. Yəni seçkidə bir neçə namizəd ola bilər və onların içindən əsas namizəd seçilər. Əsas namizədi bizim tanınmış, ən güclü ictimai təşkilatlarımız, siyasi partiyalarımız, Ziyalılar Forumu, ayrı-ayrı ziyalılar, ictimai xadimlər dəstəkləməlidir. Belə bir hərəkat mütləq yaranmalıdır. Hazırda bununla bağlı iş gedir, gənclər bu prosesdə fəal iştirak edir. Bu barədə mənə də məlumat verildi. Belə bir hərəkat mütləq yaranacaq və yaxın günlərdə təşkilatçılar bunu elan edəcəklər”.

R.ibrahimbəyov bildirib ki, Ziyalılar Forumu da həmin hərəkatı dəstəkləyəcək.

"Ziyalılar Forumu, Müsavat, AXCP, başqa ictimai-siyasi təşkilatlar, geniş ictimaiyyət tərəfindən dəstəklənən əsas namizədin qələbə qazanacağı şübhə doğurmur. Biz hamımız birləşib, var gücümüzü sərf etməli, ortaya qoymalıyıq ki, əsas namizədimiz seçkini udsun. Eyni zamanda bütün beynəlxalq ictimaiyyətə müraciət etməliyik, xahiş etməliyik ki, prezident seçkisinin ədalətli keçməsi üçün bizə dəstək versinlər, prosesdə iştirak etsinlər. Çünki belə olmasa, hakimiyyət saxtakarlıq mexanizmini işə salacaq və seçkini yenə də saxtalaşdıracaq”.

Onun sözlərinə görə, Ziyalılar Forumu yeni hərəkatın iştirakçısı, təşkilatçısı deyil.

"Hərəkata çox gözəl ad seçiblər. Çox dərin mənalı, bizim türk ənənələrimizlə bağlı, tarixi addır. 10-15 günə təşkilatçılar hər şeyi elan edəcəklər. Çox mütərəqqi, qabaqcıl hərəkatdır, onu 15-20 təşkilat yaradıb. Orada partiyalar, gənclər təşkilatları təmsil olunur”.

R.İbrahimbəyovun sözlərinə görə, yeni hərəkatda AXCP və Müsavat Partiyalarının üzvləri də var. 

"Eyni zamanda hər iki partiyanın gənclərinin təsis etdiyi təşkilatlar hərəkatda iştirak edir. Ümid edirəm ki, hərəkat elan olunduqdan sonra AXCP, Müsavat, Ziyalılar Forumu onu açıq formada dəstəkləyəcək və işlərində köməklik göstərəcək. Çünki bu, çox vacib hərəkatdır, bu hərəkat kimi əsas hesab etsə, biz onu dəstəkləyəcəyik. Təbii ki, əsas namizədin müəyyənləşdirilməsi prosesində biz də iştirak edəcəyik, məsləhətlərimizi verəcəyik. Məlumdur ki, Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əsas namizəd İsa Qəmbər də, başqası da ola bilər. Bütün bunları müzakirə etməliyik və əsas namizəd mütləq olmalıdır. Azərbaycan vətəndaşları kimi dəstəkləsə, prezident o olacaq. Amma həmin namizəd Ziyalılar Forumunun üzvü olmayacaq. Bir nəfərdən başqa. Bu da Eldar Namazovdur. Eldar Namazov namizəd ola bilər, çünki o, peşəkar siyasətçidir, politoloqdur. Ziyalılar Forumunun digər təsisçilərinin peşəsi başqadır. Eldar Namazovun peşəsi isə siyasətdir. Ona görə də Eldar Namazova bu icazəni veririk. Amma onun seçkidə iştirak edib-etməyəcəyini bilmirəm”.

Rüstəm İbrahimbəyov yüz faiz əmindir ki, bu seçkidə çox şey dəyişəcək, hakimiyyətə təzə adam gələcək.

"Təzə prezident seçiləcək. Buna şübhə etmirəm. Ola bilər, bir qədər lovğa səslənir, amma deməliyəm ki, mən bir işə qarışanda həmişə onun müsbət nəticəsi olur. Bu nəticə isə hamının xeyrinə olur və əksəriyyət razı qalır. Mən buna  inanıram. Çünki rayonlarda oluram, camaatla görüşürəm və camaat hamısı narazıdır. Mən hökumətin işindən razı adama rast gəlməmişəm. Elə hökumət işçilərinin özləri də narazıdır. Ola bilər ki, beş-on nəfər razıdır. Kim ki korrupsiya və rüşvətlə məşğul olur, onların arasında da narazılıq başlayıb. Bu, çox qəribə bir şeydir və elə problem də bundadır. Artıq hamı narazıdır və dünya da ayılıb. Hər gün xaricdən yeni xəbərlər alırıq, onlar da çox şeyi özləri üçün aydınlaşdırırlar. Azərbaycandan gedən düzgün informasiyaların sayı getdikcə artır”, o qeyd edib.
Şərhlər : 2 Şərh yaz
zeki 7 yanvar 2013 21:13  
Analoqu olmayan şey,şəxsiyyətsizlikdiir.Taraixi zərurət şəxsiyyət
tapmaqda aciz olmaz, inşaallah.
Hüseyn 27 fevral 2013 11:11  
"El hərəkatı"nın axırı nə oldu?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti