Altay Göyüşov

2-01-2013, 18:03
Oxunub: 3055
Son müzakirələrə şəxsi fikirlərim


Elçibəy hətta o yazını yazsa belə, bu heç nə demək deyil. Çünki, fakt odur ki, bu adam əqidəsindən dönməyib, tarixin səhv tərəfinə keçməyib. Bunu hamımız bilirik. O vaxt qınayardım ki, əqidəsindən dönərdi. Onun kimi edənləri isə heç kim, heç vaxt tarixdə "satqın”, "dönük” adlandırmır. Dönük yalınız o adamdır ki, həbsdən çıxandan sonra əqidəsini dəyişir, tarixin səhv tərəfinə keçir, onu həbsə atanların "adamına” çevrilir. Elçibəy bunu etməyib.

Qaliley məhkəmədə imtina edib, satqındırmı, dönükdürmü? Əlbəttə, yox. Bir dəfə yazmışam bunu burada, senator Mccain, Vyetnamda həbsdə olanda oranın dövlət televiziyasında çıxışa məcbur edilib və öz ölkəsini lənətləyib. Amma amerikalılar ona satqın demədilər, qəhrəman kimi qarşıladılar. Bu barədə oxuduğum ən gözəl yazı isə sosialist Çexoslovakiyada oranın nazir müavini olmuş Artur Londonun xatirələridir. Film də çəkilib bu barədə. Bu adam ”səhvlərini etiraf etdikdən” sonra hətta xanımı da ondan imtina edib. Elə yazıda ən xoşuma gələn yer də məhz o idi. Deməli, bu öz xatirələrini danışır jurnalistə Parisd, bu yerə çatanda eşitdiyi dəhşətlərdən emosiyalarını cilovlaya bilməyən jurnalist dözmür "satqın” xanımı yaxşıca söyür. Artur London isə qayıdır ki, "söymə buradadır, biz yenə də evliyik. Mən oradan çıxandan sonra reallıqları anlatdım”.


Bununla bərabər Elçibəy nə səhvsiz adamdır, nə də ki, büt. Heç özü də razılaşmazdı bütləşdirilməyə. O qədər səhvləri olub ki. O hakimiyyətin ən böyük səhvi isə 1992-ci ildə məğlubiyyətdən qorxub parlament seçkisi keçirməmələri oldu. Ölkənin demokratik parlamenti seçilsəydi, Əliyev öz avtoritarizmini belə rahatlıqla qəbul elətdirə bilməzdi. Saakaşvili burada da örnəkdir.


Amma 1998-ci ildə "vahid namizəd” davası zamanı Elçibəyə qəzetlərində ağzından çıxanı yazıb, deyənlərin, indi birdən birə onu bütləşdirmək cəhdləri birmənalı ikrah doğurur. Tamamilə qeyri səmimidir. Gəncləri aldada bilərsiniz, amma Siz sağlığında ona lider kimi baxmırdınız, öləndən sonra isə onun irsindən öz siyası məqsədləriniz üçün dərhal sui-istifadə etməyə başladınız. Biz bunları görmüşük. İş o yerə çatıb ki, indi Elçibəyi, hətta onun əqidəsini, yolunu açıq aşkar satanlar, həbssiz, filansız sadəcə merkantil maraqlarına görə tarixin səhv tərəfinə keçənlər belə bayraq etmək istəyir.


Mən Emin Millini bu həyatda bir, ya iki dəfə görmüşəm, onun birində salamlaşıb, qısaca söhbətləşmişik də, yəni mən bu adamı tanımıram. Amma söhbət onun şəxsindən, kimliyindən getmir axı. Söhbət adamın atdığı ictimai əhəmiyyətli addıma münasibətdən gedir. Mənim çox istədiyim dostlar içində Emini tənqid edənlər də oldu, tərif edənlər də, etiraf edim ki, birincilər daha çox idi. Fəqət indi məni maraqlandıran onun demək hüququna olan münasibətdir. Emin Millinin fikriləri ilə razılaşmaya bilərsiniz, amma adamın söz demək haqqını əlindən almağa da heç kimim hüququ çatmır. Camaat, demokratiya ağır məsələdir, yalnız ədalətli seçki deyil. Bu adam ölkəsinin tarixi, onun tarixi şəxsiyyəti haqqında fikir bildirir, dediyi ilə razı deyiləm, yuxarıda izah etdim. Amma hər birimizin haqqı var deməyə, onun da həmçinin. Üstəlik sübut edib ki, güclü adamdır. Fakt odur ki, bu adamın bir sözü, bir postu dərhal gündəmə çevrilir. Adama "niyə gündəmə çevrilirsən?” sualından axmaq sual ola bilməz. Söz danışmayım ki, gündəmə çevriləcək, lətifədir vallah. Yeri gəlmişkən, yuxarıda dedim ki, demokratiya yalnız ədalətli seçki deyil, amma guya hədalətli seçki keçirməyə hazırdırlarmı, müxaliflərimiz? Facebook seçkisində saxta profillərlə səs verməyin, YAP-ın karuselindən fərqi nədir, əcəba?


Necə olur ki, Amerikada Ruzvelti hər deşiyə soxub çıxardırlar, bizdə isə az qala hər partiyanın toxunulmaz bütü, daha doğrusu bütləri var. Mənim nəzərimdə aparılan mübarizə bir bütün başqa bütlə əvəzlənməsi, bir saxtakar korrupsionerin başqa korrupsionerlə əvəzlənməsi deyil, demokratik sistemin qurulmasıdır. Çətindir bizim mentalitet üçün müasir demokratiyanın dəyərlərini əxz etmək. Demokratik sistemdə söz azadlığının toxuna bilmədiyi adam, hadisə, din, "müqəddəs” filan olmur, camaat! Pis, ya yaxşı bu belədir!
Şərhlər : 2 Şərh yaz
Mirzə Səfər 7 yanvar 2013 16:14  
Altay Göyüşovun yanaşma prinsipinin aşağıdakı aspektləri ilə:
1)razıyam, heç kim bütə çevirilməməlidir, söz, fikir, vicdan azadlığı, ən sərt tənqidə və ya istehzaya dözümlülük - bu bizim hələ ki Şərq ruhlu mentalitetimizə tam hopmayıb;
2)razıyam, şəraitin tələblərinə tab gətirməyib, səhv buraxan, əzilən, lakin əqidəsini (interior, xüsusilə exterior aspektdə) dəyişməyən şəxsə "satqın" və sair primitiv yarlıqlar yapışdırmaq olmaz (mən özüm həmin əqidəyə həməqidə olmasam da).
3)"Müxaliflərimiz"in ruhən "iqtidarımızın" "astar üzü" olmaması hələ çox böyük sual altındadır
4) razı deyiləm ki, 1992-də seçki keçirməməkləri o hakimiyyətin yeganə böyük səhvi olub
5) nəhayət, razı deyiləm ki, 15 il əvvəl bir siyasi mövqe tutmuş adamlar bu gün mövqelərini dəyişə bilməzlər (dəyişilmiş mövqeni bölüşməsəm də).
Dovlet bay 9 yanvar 2013 04:55  
azad fikir, soz azadligi, demokratiyadan danishanimiza bax.

azad fikir, ifade azadligi, demokratiya haqda danishan hormetli ziyalimiz ozu icinde bilir ki, bogazdan yuxari danishir. yeri gelende ozu rahatca pozur bu ozunde deyerciklere chevrilen deyerleri.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti