İlham Əliyev xristianları təbrik etdi

5-01-2013, 12:40
Oxunub: 991


Təbrikdə bildirilir:


"Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Dünya dinləri ölkəmizdə yüz illər boyu dinc yanaşı və əmin-amanlıq şəraitində fəaliyyət göstərib. Tarixən burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması, zəngin multikulturalizm ənənələri müasir Azərbaycan cəmiyyətində ümummilli mənəvi-ictimai dəyərlərin və dözümlülük prinsiplərinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynayıb. Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması, o cümlədən pravoslav həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində və ölkəmizdə gedən möhtəşəm quruculuq işlərində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

Əziz dostlar! 
Yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu nurlu gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti