“İmperiyalarla döyüşən gənclik gəlir”

31-12-2012, 16:55
Oxunub: 4724
"Milli ruh bizdə vardır və istənilən vaxt yığışa bilər, biz bunu tarixdə gördük."


Etatist.com Milli Həmrəylik günü ilə bağlı Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin Naxçıvan MR Ordubad rayon əhalisi ilə görüşdəki çıxışını təqdim edir:

 

Azərbaycan Xalq Cəbhəsi və siz-AXC üzvləri, doğrudan da, Milli Həmrəylik gününü yaratmaqla Azərbaycan xalqına çox müqəddəs və uğurlu bir bayram bəxş etmisiniz, çox böyük və şərəfli iş görmüsünüz. Azərbaycan xalqının birliyi naminə tarixin səhifəsinə qəhrəmanlıqla yazdığınız bu bayram münasibəti ilə sizin hamınızı, bütün AXC üzvlərini və böyük millətimizi ürəkdən təbrik edirəm! Allah o günün qəhrəmanlığında iştirak edib ölənlərə rəhmət eləsin! O gün bizim qəhrəmanlarımızdan, uşaqlarımızdan Arazda batanlar, şəhid olanlar oldu. Azadlıq hamımızın istəyidir, lakin azadlıqdan, sərhədlərin açılışından danışanda bu yolda qəhrəmanlıq göstərib şəhid olanlarımızı heç vaxt unutmamalıyıq.

 

 "Biz hələ xalqıq, millət kimi formalaşa bilməmişik.”

Doğrudan da, əgər biz güclü bir millət olsaydıq bizi bu qədər parçalaya bilməzdilər. Biz hələ xalqıq, millət kimi formalaşa bilməmişik. Millət kimi yəhudilər, almanlar formalaşıblar. Biz sərhədləri pozanda deyirdilər ki, KQB oyun düzəltmişdi, sizdə gedib oyuna düşdünüz. Biz yanvarda mübarizə apardıq, barrikada qurduq, rus gəlib bizi qırdı, dedilər ki, AXC aparıb camaatı qırğına verdi! Halbuki biz başqa ölkələrin ordusunun ölkəmizi işğal etməsinə qarşı ayağa qalxmışdıq, müqavimət göstərmişdik. Elə elədilər ki, insanlar öz hərəkətlərinə peşman olsunlar, millətin öz qəhrəmanlığından zəhləsi getsin. Ancaq almanlar divarı, hasarı sökəndə deyirdilər ki, gördünüzmü alman milləti necə igiddir?! Oradan sökülən daşları aparıb muzeylərə qoydular. Bizdə də elə oldu, xalqımız bunu etdi. Mənə məftillərdən 3 hissə gətirmişdilər, birini saxladım, ikisini Almaniyada yaşayan iki güneyli soydaşımıza verdim.
Müqayisəyə gəkdikdə almanlara bütün kömək elədi və bunu alman millətinin qəhrəmanlığı kimi qəbul etdi. Azərbaycan sovet dəmir pərdəsini parçalayan ilk millət idi, lakin bizə dedilər ki, bunu KQB etdi.

  

Bu, millətin öfkəsi idi, ağrısı idi - deyirdi ki, sən nə vaxta qədər mənim ortamdan dəmir hasar çəkəcəksən?!.
Təhtəlşüur deyilən bir şey var; həmişə simlərə, Güneyə həsrətlə baxıb keçirsən, bu həsrət təhtəlşüurda yığılıb qalır. Nə vaxta kimi yığılacaq? Bir balaca fürsət düşən kimi kül basmış od birdən püskürür. Mən buna vaxtilə Şəhriyarda rast gəldim.
Farsca 4 cildlik divanı olan, o vaxta qədər türkcə cəmi iki qəzəl yazan, fars dilinin müasir dədələrindən biri sayılan Şəhriyar birdən-birə "Heydərbabaya salam” kimi türkcə nəhəng bir əsər yaratdı. Adam fikirləşir ki, bu, necə oldu? Sonra başa düşürsən ki, bu, ana laylasından tutmuş xalq dastanına qədər, xalq fikrinə qədər onun təhtəlşüurunda yığılıb qalmış milli hisslərdir. Birdən fürsət düşəndə ürəyindəki o fırtına qalxıb və belə bir əsərin yaranmasına gətirib çıxarıb. Siz fikir versəniz bu əsər çıxandan iki ay keçməmiş Azərbaycanın güneyindən tutmuş quzeyinədək bu tipli əsərlər yazmağa başladılar. Elə bil, Şəhriyar birdən-birə bütün millətin dilini açdı.

  

Arazda o dəmir hasarın parçalanması da elə belə oldu. Xalq dəmir hasarı qırdı, dağıtdı, bütün dünya fikirləşdi ki, görəsən, nə oldu, bəs niyə bunları məhv edə bilmədilər? Belə olduqda Rusiya imperiyasının özünü xof basdı və belə bir fikir ortalığa atdı ki, guya bunu KQB öz edib. Qətiyyən belə deyildi! Bunu millətin özü elədi, bu millətin özünün qəhrəmanlığı idi. O gün uşağından tutmuş qoca qarısına qədər hamı Arazın qırağında idi, ən ucqar kəndlərdən insanlar oraya toplaşmışdılar. Bu, ümumilli ruh idi. Bu ruh qarşında duran hər şeyi dağıdırdı. İndi biz bu ruhu bir yerə yığmaq qabiliyyətini itirmişik. Biz bu ruhu bir daha bir yerə yığsaq istədiyimizi edə bilərik.

  

"Birimizi İrana, birimiz Rusiyaya aldanırıq və belə-belə millət parçalanır.”
Biz bunu bilərəkdən dekabrın 31-nə salmışdıq, çünki sabahısı gün- yanvarın biri xristian bayramıdır, qırmaq da olmaz, qırılmaq da. Yoxsa 21-dən Araz qırağında çadırlar qurulmuşdu. Belə olan halda rus imperiyası çox pis vəziyyətdə qaldı. Parçaladı və milli ruhumuzu dağıtdı. Milli ruh bizdə vardır və istənilən vaxt yığışa bilər. Biz bunu tarixdə gördük. Gördük ki, yanvar hadisələsində - SSRİ-nin tərkibində olan bütün millətlər rusun qorxusundan hələ səsini çıxara bilməyəndə Azərbaycan xalqı böyüklü –kiçikli meydanda yatdı, tank gəldi, yerindən tərpənmədi, tankların qarşısında dayandı. Bu, millətin ruhunun gücünü göstərir.
Nədir bəs bu qələbəsizlik, uğursuzluq, təşkilatsızlıq? Təşkil edən qüvvələri bir yerdə olmağa qoymurlar, tez aldanırıq. Birimizi İrana, birimiz Rusiyaya aldanırıq və belə-belə millət parçalanır.
Azərbaycanın güneyində də belədir- ziyalılar arasında müxtəlif fikirlər meydana çıxıbdır. Bizim ideyamız budur və bu olmalıdır: biz heç bir ölkəni mütəmləkə etmək istəmirik, özümüzün Güney və Quzeyə bölünmüş Azərbaycan adlı tarixi torpaqlarımız var, bu ikisi birləşib vahid dövlət olmalıdır. Bundan başqa yol yoxdur, bu, tarixin gedişidir. Tarixin bu gedişində millət fəal iştirak edəndə qurbanlıq az olur, qeyri-fəal iştirak endə vaxt itirilir və vaxt itirildikcə qurbanların sayı çoxalır. Cəsarətsiz xalqı qırırlar, amma cəsarətli xalq özü bilərəkdən qurban verir və sonra qalib gəlir.
Binasını siz- AXC üzvləri qoyduğunuz bu Milli Həmrəylik günü sizin şərəfinizdir. Siz bunu tarixə yazmalısınız, bununla fəxr etməlisiniz, onu xatirələrinizdə diri saxlamalısınız. Eşitdiyimə görə, hazırkı qeyri-qanuni iqtidar nümayəndələri və həmçinin İran höküməti göstəriş veriblər ki, Arazın qırağında tədbir keçirilməsinə imkan verilməsin. Amma dəxli yoxdur- bu, tarixə düşüb və mən əminəm ki, millətimiz bugünkü ağır və sıxıntılı dövrünü başa vurduqdan sonra bu bayramı on qat yaxşı keçirəcək,31-dən 1-nə keçən gecə çox adamlar Arazın qırağında çadır quracaq, o çadırların qırağında tonqallar yandıracaq və yanvarın 1-ni orada qarşılayacaqlar.

  

O gün- 31 dekabr 1989-cu il hamıya təəcüblü gəlirdi ki, bu İran, görəsən, niyə susdu, Rusiya niyə səsini çıxarmadı? Bunun sirrinin xalqımızın ruhunda olduğunu tapa bilmirik və deyirik ki, yəqin burada İran, yaxud Rus kəşfiyyatının əli vardır. Bəzən qəzetlərdə yazırdılar ki, "ruslar buradan havayı getməyiblər. Onlar gediblər ki, qayıtsınlar və qırsınlar”. Onlar başa düşmürdülər ki, rusu mən çıxartmamışam. Rus ordusunu Azərbaycandan çıxaran və bir daha Azərbaycana qayıtmasına imkan verməyən, birincisi, millətimizin gücü idi ( 1994-cü ilin 21 may mitinqini xatırlayın). Ikincisi isə, rus imperiyasının özünün içəridən çürüməsi idi. Rus imperiyası dağılır. Onun gücü yoxdur. Ordusu quldurlar ordusuna çevrilib və belə bir ordusu olan məmləkət dağılacaq. Bir tərəfdən xalq öz azadlığını istəyir, digər tərəfdən, xalqların azadlığını əlindən alan imperiyanın qarmaqları çürüyüb, zəncirləri qırılıb. Burada iki əsas xətt vardır: imperiyanın parçalanması, gücsüzlüyü və millətlərin öz azadlığını dərk etməsi, bunun uğrunda mübarizə aparması və qurban verməyə hazır olması. Bu iki xəttin qarşısını heç nə ala bilməyəcəkdir. Bunu cəsur çeçen xalqının müqaviməti bir daha sübut etdi.

  

"İmperiyalarla döyüşən gənclik gəlir”
Yaşlılarımızın gözü imperiyadan qorxub, amma gənclər qorxmurlar. Onlar azadlıq istəyirlər. Bu cəsarət gəlir və bizim yaşlıların qorxaqlığı yavaş-yavaş bu cəsarətin xeyrinə səhnəni tərk edir. Bu gəlir və bunun qarşısını heç nə saxlaya bilməyəcəkdir. İmperiyalarla döyüşən gənclik gəlir. Bacarırsınızsa qabağa düşün, onları da aparın, bacarmırsınızsa etiraf edin ki, bacarmırsınız, qorxursunuz vvə çəkilin kənara. Azadlıq və inqlab məsələsini gənclik həll edir. Siz Azərbaycan birliyinə o gəncliyi hazırlamalısınız.
Biz azadlıq hərəkatımızın birinci mərhələsini arxada buraxmışıq və ikinci mərhələ başlamaqdadır. Yəqin ki, yaxın gələcəkdə Rusiyanın Azərbaycana müdaxilə imkanları daha da azalacaq və rus imperiyasından azad olan Azərbaycan gəncliyi dayanmayacaq və bütün fəaliyyətini Azərbaycanın güneyinə doğru yönəldəcəkdir. O zaman Təbrizin bir yumruğu ilə İran darmadağın olacaqdır, çünki İran Sovet imperiyası deyil, onun əli altında böyüyən balaca imperiyadır. Azərbaycanın güneyində 30 milyondan artıq türk var və bu 30 milyonluq türk qarşısında İran dayana bilməz. İran imperiya bu gücün qarşısında çox kiçikdir.
Sizi bu müqəddəs gün münasibətilə bir daha təbrik edir və əmin olduğumu bildirirəm ki, yaxın gələcəkdə Azərbaycan gəncliyi Sizin yaratdığınız bu Milli Həmrəylik gününü Milli Birlik bayramına çevirəcəkdir.

 

 

Kələki, 30 dekabr 1994
Şərhlər : 2 Şərh yaz
Orxan 1 yanvar 2013 13:04  
Allah sana rahmat elasin!Qabrin nurla dolsun!Mahammad Amin Rasulzadanin davamcisi Ebulfaz Elcibayin har bir kalmasini bu xalq diqqatla oxumali,dusunmali ve onun ruhunun sad olmasi ucun onun kalmalarindan guc alaraq icindaki qorxu xofunu sindirib atmalidir!Insan atasindan babasindan goturur,oyranir va ona oxsamaqa calisir.Bizim atamiz Ebulfaz Elcibay babamiz Mahammad Amin Rasulzadadir.Azarbaycani azad,butov,demokratik gormak istayan har birimiz Azarbaycan vatandasi olaraq bu gundan etibaran susmamali,birlasmali ve 2013 il Rasulzada Elcibay addimlari ila addimlamaliyiq!
miri 1 yanvar 2013 13:10  
Allah sana rahmat etsin Bay.Na qadar uzaq goran idin.San illar onca qorduklarini bizlar halada tam gormur.Bizi baqiwla Bay.Sanin arzularin millatin arzularidi.Kaw bu arzularin hayata kecdiyi gunu gora bilaydik.Yerin Behiwt olsun,ruhun wad.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti