1-10-2019, 15:11 Oxunub: 97

Bir qarnı ac, bir qarnı tox

Elnurə Pirəliyeva

OXUCU KÖŞƏSİ
Bir məsəl var el arasında: “Bir qarnı ac, bir qarnı tox”. Mən balaca olanda heç başa düşmürdüm bu məsəlin mənasını. “Bir insanın da iki qarnı olarmı?”- deyə gülürdüm. Amma illər sonra bu məsəlin mənasını çox yaxşı başa düşdüm. Sən demə bir qarnı ac, bir qarnı tox da insan olurmuş.

Kəndimizdə Ayşə xala adlı, yaşı 60-a yaxın olan bir qadın vardı. Mən məktəbə gedəndə dəfələrlə o qadını yol boyunca üzü qəbristanlığa doğru ağlaya-ağlaya qaçan görmüşdüm. Ayşə xalanın əri Bəkir dayı da onu evə qaytarmaq üçün düşür arxasınca ki, Ayşə xalanı tutsun, amma Ayşə xalanın heç tutulmaq fikri yox idi. Elə hey qaçırdı. Bunu görəndə məktəbdə oynadığımız qaçdı-qovdu oyunu ağlıma gəlir, sən demə böyüklər də oyun oynayarmış deyə fikirləşirdim. İllər ötüb keçir, amma Ayşə xalayla Bəkir dayının oyun oynaması heç dəyişmirdi. Artıq məktəbi bitirməyimə çox az qalırdı. Aprel ayının əvvəlləri, yağışlı bir gün idi. Məktəbdən gəlirdim. Ayşə xalanı yerə yıxılıb torpağı öpə-öpə ağladığını gördüm. Camaat da onun başına yığılıb qadını yerdən qaldırmağa çalışırdı. Bəkir dayı isə dizi üstə çökərək ağlayırdı. Nə olmuşdu axı? Mən camaatın arasına qarışaraq Ayşə xalaya yaxınlaşdım. O, həqiqətən də, torpağı öpür, üzünə, gözünə sürtür, zarıya-zarıya nəysə danışırdı. Diqqətlə qulaq verdim. O deyirdi:
- Ah yazıq balam. Evimi yıxan balam. Bir qarnı ac, bir qarnı tox böyüdüb boya-başa çatdırdığım, gün üzü görməmiş balam. Vay. Vay.
Bir az vaxt keçdikdən sonra Bəkir dayı Ayşə xalanı yerdən qaldırıb dedi:
- Gəl. Gəl gedək balamızın yanına. Axı o bizimçün darıxıb. Gəl Ayşə. Gəl gedək. Ayşə xala isə ağlaya-ağlaya Bəkir dayıyla qəbristanlığa doğru yola düşdülər. Bu hadisə hamıya çox təsir etmişdi.
Qadınlar göz yaşlarını saxlaya bilmirdilər. Mən də birdən hiss etdim ki, özümdən asılı olmadan göz yaşlarım yanağımdan aşağıya süzülür. Qadınlardan biri qəhər içində danışmağa başladı:
- Yazıq Ayşə bacı. Kasıblıq içində böyütdüyü bir balası vardı, o da düşmən gülləsinə qurban getdi. Bilirsizmi Ayşə bacını bu qədər yandıran nədir?
Hamı bir ağızdan dilləndi:
- Nə?
- Nə?
- Ayşə bacıyla əri çox kasıb adam idilər. Bəkir qardaş meşədən ağac qırar, odun kimi satıb evi güclə dolandırardı. Qışda qar yağandaysa, qar yolu tutar, bəzən aylarla Bəkir dayı meşəyə gedə bilməzdi. Həmin vaxtlar onların evində doyunca yeməyə bir qarın çörək də tapılmazdı. Bir Allah bilir ki, Ayşə xala öz bircə balasını neçə gecə - “atan sabah çörək alıb gətirəcək”, - deyə ovudaraq yuxuya vermiş, bəzən qonşulardan bircə bişirimlik un alaraq çörək bişirmiş, özüylə Bəkir qardaşın payından da kəsib öz balasına yedirmişdi.
Soyuq qış gecələrində oğlunu şaxtadan qorumaq üçün bağrına basıb öz nəfəsi ilə onu isitmiş, qışın küləyi ilə ana nəfəsinin girdiyi mübarizədə bəzən ana nəfəsi qalib gəlmiş, Ayşə bacı özü şaxta boranda üşüyüb xəstələnsə də, ana qəlbinin hərarəti körpəni qorumuş, bəzən isə soyuq ananı da, balanı da yatağa salmışdı. Ayşə xalanın kiçik oğlu Əli bir az böyüdükdən sonra o da atasıyla birgə meşəyə oduna gedərdi. Soyuq havalarda əyni yavan, bir qarnı ac, bir qarnı tox olan Əli atasını yalnız buraxmazdı. İllər keçir, Əli böyüyür, ailənin yoxsulluğu da günbəgün artırdı. Əli orta məktəbi bitirən ili ali məktəbə iş versə də, ailəsinin onu şəhərdə oxutmağa imkanı olmadığından Əli universitetə gedə bilmədi. 18 yaşını bitirən Əli Vətən borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanacaqdı. Ayşə bacı yaxşı bilirdi ki, oğluna yaxşı gün-güzəran verə bilməsə də, qeyrətli, mərd bir oğul böyütmüşdü. Ayşə bacının həyətində oğlunun sağ salamat qayıtması üçün qurban götürəcək bir heyvanı yox idi. O da tək ümid yeri olan Allaha oğlunu əmanət edib cəbhəyə yola saldı. Ayşə bacı elə həmin gün həyətində bir qızılgül kolu əkdi və arzu elədi ki, oğluna əsgərlikdən sağ-salamat qayıdıb bu güldən qoxlamaq nəsib olsun. Günlər keçdikcə gül kolu böyüyür, oğlunun da qayıtmaq vaxtı yaxınlaşırdı. Ana hər gün gül koluna qulluq edir, oğlu üçün darıxanda bu gül kolu ilə dərdləşirdi. Vaxt- vədənin tamam olub, Əlinin qayıtmasına cəmi bircə ay qalmışdı. Gül kolunun üstü isə qızılgül qönçələri ilə dolu idi. Ana gül koluna baxıb fərəhlənir, oğlu gələnə qədər bu qönçələrin açılıb hər biri bir qızılgül olacağını düşündükcə içi-içinə sığmırdı. Bir səhər Ayşə bacı yuxudan səksəkəylə oyandı. Qəlbində qəribə bir sıxıntı vardı. Durub həyətə düşdükdə gözlərinə inanmadı. Qonşunun keçisi həyətə girmiş, gül kolunu sındırmış, gül qönçələrinin çoxunu yemiş, qalanları isə əzik-üzük etmişdi. Sınmış gül kolu yaralı adam kimi belini bükmüş, yerdəki gül qönçələri isə yaradan axan qanı xatırladırdı. Ayşə bacının qışqırığı aləmi bürümüşdü. Gül qönçələrini sinəsinə basıb, “oğlum” deyə-deyə ağlayırdı. Qonşularla nə qədər etdiksə, onu sakitləşdirə bilmədik. Ayşə bacının qonşuluğunda Tükəzban adlı varlı bir qadın yaşayırdı, onun da oğlu Əliylə tay olardı, amma o, oğlunu əsgərə göndərməmək üçün yalandan oğluna xəstəlik kağızı almışdı. Tükəzban Ayşənin ağlamağını eşidib ona kinayəylə dedi: - Qorxma, kasıbın canı it canıdır, oğlun ölüb eləməz. Elə həmin axşam Ayşə bacıya qara xəbər gəldi. Alçaq ermənilərlə döyüşdə hünər göstərən Əli sinəsindən yaralanmış, anasının qızılgül kolu kimi belini bükmüş, lakin digər iki əsgər yoldaşı yaralı olan dostlarını döyüş meydanından arxaya aparsınlar deyə yaralı olduğunu deməmiş, son damla qanına kimi düşmənlə döyüşmüş, qızılgül qönçələri kimi qanının hər damlası vətən torpağına tökülmüşdü. Bu hadisədən sonra Ayşə bacı heç özünə gələ bilmədi. O, yaxşı bilirdi ki, Vətən yolunda şəhid olmaq şərəfdir, lakin bu şərəf sadəcə kasıblar üçün olduqda bunun adı ədalətsizlik olur. Bəli, ədalətsizlik. Sonra bu hadisəni danışan qadın camaatın içindəki bir qadına üzünü tutaraq dedi: -Bu sənin Vətənə xidmət etməmək xatirinə xəstəlik kağızı aldığın oğlun, o məzarda yatansa, Ayşə bacının Vətən uğrunda can qoymuş balası. İndi de görək kimin canıdır it canı? Tükəzbanın rəngi qaralmış, başını aşağı salıb dayanmışdı. Qadınsa, danışmağa davam edirdi: - Bəli, Tükəzban. Sənin oğlun xəstədir. Özdə elə bir xəstəlik ki, heç bir vaxt sağalan deyil. Tükəzban təəccüblə dilləndi: -Nə xəstəliyi? -Qeyrətsizlik xəstəliyi. Onun əlacı yoxdur. Qeyrət pulla satılmır. Amma mən inanıram ki, qeyrət pulla satılsa belə, sənin kimilər onu alalar. Çünki zərin qədrini zərgər bilər. Bir azdan hamı dağılışdı, mən də evə yollandım, amma nəinki o gün, bütün ömrüm boyu bu hadisəni də, bir qarnı ac, bir qarnı tox məsəlinin mənasını da, şəhidimiz Əlini də unuda bilməyəcəm. Əlimizdənsə, sadəcə Əliyə və onun timsalında bütün şəhidlərə rəhmət diləyərək, Vətənin bir övladı olaraq Vətən uğrunda hər an canımızı verməyə hazır olmaq və vətənpərvər övladlar yetişdirmək gəlir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti