6-09-2018, 10:01 Oxunub: 16

Nyu-York Times və Hadi Rəcəbli

Mikayıl Qəhrəmanov

OXUCU KÖŞƏSİ
"New York Times" jurnalı ilə ilk tanışlığım 11 yaşımda olub. Qardaşım türk liseyində oxuyurdu. O zamanlar məhşur "Ailəm" jurnalı vardı, hansı ki, lisey şagirdlərinə həftədə bir dəfə paylanırdı. Qardaşım həmin jurnalı evə gətirər mən də oxuyardım. Sonra AXCP-yə rəğbəti olan bir dostum məni "Azadlıq" qəzeti ilə tanış etdi. İmkan düşdükcə alıb oxuyurdum. Oxuya-oxuya özüm də yazmağa başladım.

Yazdıqca anladım ki, daha maraqlı və cəlbedici bir yazar olmaq üçün olub bitmiş hadisələri analiz etmək əvəzinə onları əvvəlcədən anlamaq və oxucuya çatdırmaq daha professional bir imic yaradır. Məktəbi bitirənə yaxın "New York Times" adlı qəzetin varlığından xəbər tutdum, təbii olaraq marağımı cəlb etdi. Böyük bir tarixi keçmişi olan, gündə milyon tirajla satılan bu qəzetin sirri nədədir deyə düşünürdüm. Qəzet elə bir imic yaratmışdır ki, xatırlayıram, Maykl Cekson öləndə onun ölüm xəbərinə əksəriyyət inanmamışdı. Ta ki, "New York Times"da bu haqda xəbər gedənə kimi.

O zaman əksəriyyət dərindən nəfəs alıb xəbərin doğruluğuna əmin olmuşdu. Ondan əvvəl ABŞ hakimiyyəti Əfqanıstana, İraqa girməmişdən, yəni qeyd olunan ölkələrə qoşun yeritməmişdən əvvəl buraya girməyin, o torpağları viran etməyin nə qədər "vacib" olduğunu vurğulayan onlarla yazı və məqalə yayımlamışdı. Anladım ki, bu, xalqı prosesə hazırlamaq və mümkün etirazlardan sığortalanmaq üçün atılmış bir addım idi. Dolayı yolla "New York Times" dövlətin əlində böyük bir silah kimi idi. ABŞ hakimiyyəti xalq etirazına səbəb ola biləciyini düşünüdüyü siyasi, iqtisadi və hərbi addımları öncədən "New York Times" vasitəsilə xalqa çatdırır bir növ onları prosesə hazırlayırdı.

Hadi Rəcəbli...

Politoloq olmaq istəyirdim məktəb vaxtı. Bu sahəyə marağımın yaranmasına səbəb Lider TV-də tez-tez çıxışlar edən politoloq Mübariz Əhmədoğludur. Çoxları onu xatırlayar yəqin, başımıza meteroid düşsə Mübariz Əhmədoğlu Lider TV-yə çıxıb, qəliz terminlərlə xalqı inandırmağa çalışırdı ki, bunu ermənilər edib, günah onlardadır. Bu yaxınlarda yenə hansısa kanalda gördüm mətbuat konfransı keçirirdi. Qocalmışdı, amma yenə öz ampulasında idi. Yenə nədəsə erməniləri günahlandırırdı. Artıq Mübariz müəllim maraqlı gəlmir əksəriyyətə çünki onu əvəz edən Hadi müəllim var. Ən az həftədə bir dəfə çıxıb, absurd bir fikir səsləndirib, hamını "düşünməyə" məcbur edir. Tərslikdən bu cür absurd fikirləri ölkədə baş verən hər hansı bir önəmli siyasi hadisələr baş verəndə səsləndirir. Aprel hadisələri, bu yaxınlarda baş verən Gəncə hadisələri və s. kimi zamanlarda Hadi müəllim çıxır efirə iki kəlmə deyir və önəmli hadisələr onun dediklərinin fonunda qalır bir müddət.

Zaman keçdikcə anladım ki, Hadi müəllim bizim "New York Times" qəzetimizdir. O bizi proseslərə hazırlamır, o bizə prosesləri unutdurmağa çalışır. Hadi müəllimi qınamaq, tənqid və təhqir etmək mənasızdır, çünki onun işi və ya missiyası budur, fikrimizi başqa yönə, məişət qayğılarına, hamam problemlərinə çəkməkdir. Onun işi unutdurmaqdır. Hadi müəllim illərdir "New York Times" qəzetinin həyata keçirdiyi missiyanı bir qədər milli formada ölkəmizdə həyata keçirir. Onların 100 illik qəzeti bizim isə Hadi müəllimimiz var. Hadi müəllim bizi dövlətin əl-ayağına dolaşmağa qoymur, səsləndirdiyi fikirlərlə bizə "get evinin altında otur" demək istəyir. Bu tip şəxslər əksər ölkələrdə var. Cəbhədə bir bomba partlasa, iqtisadi böhran yaşansa, ölkə borc bataqlığına düşsə Hadi müəllimin çıxıb bircə kəlmə "müəllimlərin maaşı azdırsa, işdən sonra fəhləlik etsinlər" deməsi yetərlidir ki, bomba, borc, böhran unudulsun. Bir dəli quyuya daş atdı, min ağıllı onu unudub Hadi müəllimin dedikləri müzakirə etməyə getdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti